Suriyadan kimyəvi silahları çıxarmaq mümkündürmü?

- Müəllif, Bridget Kendall
- Vəzifə, Diplomatik müxbir, BBC News
Rusiya Suriyaya qarşı hərbi müdaxilə təhlükəsini aradan qaldırmaq üçün təklif irəli sürüb - ölkə Suriya hökümətini kimyəvi silah ehtiyatını beynəlxalq nəzarət altına verməyə, bundan sonra isə bu silahları məhv etməyə çağırıb. Amma bu nə qədər mümkündür?
Suriyanın kimyəvi silah ehtiyatına nəzarət və onu məhv etməyin diplomatik yolu asan olmayacaq.
Əvvəla Suriya höküməti kimyəvi silaha sahib olmasını etiraf etməli olacaq. O isə onilliklərdir ki, bundan imtina edib.
Bundan savayı, Dəməşq hər bir məkanda məhz hansı və nə qədər silahın saxlanmasını müəyyənləşdirməli olacaq. Belə bir etiraf yoxlanmalı olacaq və bunu yəqin ki, BMT müfəttişləri etməli olacaqlar.
Bunun özü də siyahının hərtəfərli olub-olmaması barədə mübahisələrə son qoymaya bilər. BMT silah müfəttişlərinin on il ərzindəki çoxsaylı İraq səfərlərini və 2003-cü ildə ABŞ-ın başçılıq etdiyi işğalı ərəfəsindəki mübahisələri xatırlayın.
İkincisi, bu təşəbbüsün BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan baş verməsini təsəvvür etmək çətindir. Bu qurum üç ildən çoxdur ki, Suriya üzrə razılığa nail ola bilməyib.
Suriyanı silahları təhvil verməyə çağırmaq və ya bunu ondan xahiş etmək üçün rəsmi sorğu lazım olacaq. BMT-nin Baş katibi Ban Ki-moon artıq işarə edib ki, Suriyanı kimyəvi silahların məhv edilməsi üçün onları başqa sahəyə köçürməyə çağırmaq haqqında Təhlükəsizlik Şurasına müraciət etməyi düşünür.
Amma hər hansı qətnamə layihəsi ifadə forması və ya şərtlər barədə mübahisələrə görə ləngiyə və ya dayana bilər. Fransanın xarici işlər naziri Laurent Fabuis artıq xəbərdarlıq edib ki, BMT Təhlükəsizlik Şurasının hər hansı qətnaməsində sərt şərtlər olmalıdır və qısa müddət verilməlidir.
Rusiya bununla razılaşacaqmı? Son zamankı fəaliyyətinə görə yəqin ki, yox.
Ləngitmə taktikası
Üçüncü: bu maneələrin öhdəsindən gəlmək mümkün olsa da, vətəndaş müharibəsinin ortasında olan ölkəyə BMT müfəttişlərini daxil etməyin praktiki problemlərinin öhdəsindən gəlmək də lazımdır.
BMT rəsmilərinə işlərini görməyə imkan yaratmaq üçün münaqişədə bütün tərəfləri atəşkəsə riayət etməyə inandırmaq mümkündürmü? Keçmişdə bu cür cəhdlər materiallaşmayıb, bu məsələdə isə razılığa nail olmaq daha da çətin olacaq.
Bütün bu maneələri nəzərə alanda, bu təşəbbüs həyata keçirilə bilərmi?
Sergey Lavrov özü deyib ki, təklifi ABŞ Dövlət Katibi John Kerry-nin mətbuat konfransı etdiyi <link type="page"><caption> şərhdən sonra</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2013/09/130909_syria_russia_talks.shtml" platform="highweb"/></link> əmələ gəlib.
Ola bilsin ki, həm Rusiya həm də Suriya buna ləngitmə taktikası kimi baxır və bununla Amerikanın hərbi müdaxilə planlarını təxirə salmaq istəyir.
Amma Vaşinqton təklifi rədd etmir - Prezident Obama özü bunu "potensial nailiyyət" kimi dəyərləndirib və müsahibə zamanı deyib ki, keçən həftə bu təklifi Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib.
Beynəlxalq səviyyədə isə bütün tərəflər razıdırlar ki, Suriya hökümətini kimyəvi silah ehtiyatını təhvil verməyə inandırmaq, mühüm bir addımdır. Və bunun şansı nə qədər kiçik olsa da, bütün tərəflər münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarları kimi görünmək isəyirlər.




