"Münasibətlər kifayət qədər uğurla inkişaf edir" - Vladimir Putin

"Rəsmi Bakı və Moskvanın bütün əsas məsələlərdə mövqeləri üst-üstə düşür", Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.
"Biz bu səfərə çox böyük əhəmiyyət veririk", İnterfax cənab Əliyevdən sitat gətirir.
"Bu gün görüş zamanı qarşılıqlı maraq doğuran geniş fikir mübadiləsi olub. Münasibətlərimizin gündəliyi ... praktiki olaraq bütün sahələri əhatə edir: iqtisadi əməkdaşlıq, humanitar və nəqliyyat məsələləri. Mövqelərimiz bütün məsələlərdə üst-üstə düşür", Azərbaycan prezidenti əlavə edib.
Cənab Putinin avqustun 13-də Azərbaycana işgüzar səfəri başlayıb. O, Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər tərəfindən qarşılanıb, hökümətin rəsmi xəbər saytı Azərtac məlumat verir.
Sazişlər imzalanıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) prezidenti ilə Rusiyanın Rosneft Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında sazişi və ARDNŞ Rosneft arasında neft nəqlinin əsas şərtlərini ARDNŞ prezidenti Rövnəq Abdullayev və Rosneft idarə heyətinin sədri İqor Seçin <link type="page"><caption> imzalayıblar</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/08/130813_socar_rosneft.shtml" platform="highweb"/></link>.
"Bu gün imzaladığımız sazişlər, neft və təbii qaz üzrə əməkdaşlığımızda yeni mərhələyə işarə edirlər", AFP Rusiya xəbər agentliklərinə istinadən İlham Əliyevdən sitat gətirir.
"Əminəm ki, bu əməkdaşlıq - böyük bir müvəffəqiyyət olacaq."
Eyni zamanda Rusiya nümayəndələrilə Azərbaycan rəsmiləri arasında bir sıra digər saziş imzalanıb.
İki ölkənin Fövqəladə Hallar Nazirlikləri arasında "2013-2015-ci illər dövrü üçün kompleks əməkdaşlıq planı"nı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiyadakı həmkarı Vladimir Puçkov imzalayıblar.
Məlumata görə, cənab Heydərov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov iki hökümət arasında "Aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında Saziş"i imzalayıblar.
Rusiya-Azərbaycan dövlət sərhədindən "Samur" (Azərbaycan) - "Yaraq-qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri rayonunda Samur çayı üzərindən avtomobil körpüsü tikilməsi haqqında sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və rusiyalı həmkarı cənab Sokolov imzalayıblar.
"2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı"nı iki ölkənin daxili işlər nazirləri, Elmar Məmmədyarov və Sergey Lavrov imzalayıblar.
Səfərin seçkilərlə "əlaqəsi yoxdur"
Rusiya prezidentinin mətbuat xidməti bildirib ki, səfərin gündəliyində prezident İlham Əliyev ilə danışıqlar, ölkələr arasında bir sıra ikitərəfli müqavilələrin imzalanması nəzərdə tutulub.

"Zirvə görüşü müddətində Rusiya Xəzər donanmasının gəmiləri də Bakıda dost səfərində olacaq", məlumatda qeyd olunub.
Məlumatda MDB çərçivəsində Azərbaycanın ənənəvi olaraq Rusiyanın mühüm partnyorlardan biri olduğu vurğulanır.
Prezidentlərin ikitərəfli danışıqlarında keçirilməsi 31 oktyabr – 1 noyabr arası gözlənilən 3-cü Bakı Beynəlxalq Humanitar Forumuna hazırlığın müzakirə edilməsi də nəzərdə tutulub.
Bəzi ekspertlər səfəri Azərbaycanda keçirləcək seçkilərlə əlaqələndirsə də, Yeni Azərbaycan Partiyasının rəsmisi Siyavuş Novruzov bu iddiaları rədd edib.
"Putinin Bakıya səfərinin seçkilərlə heç bir əlaqəsi yoxdur. O, yeni prezident seçilib və seçildikdən sonra müvafiq səfərlər edir. Bu səfərlərdən biri də Azərbaycana edilir", APA cənab Novruzovdan sitat gətirir.
Rəsmi məlumatda qeyd olunub ki, dövət başçıları arasında keçiriləcək danışıqlarda beynəlxalq və regional problemlərin, Xəzərin hüquqi statusu və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinin müzakirə olunacağı qeyd olunub.




