Sosial mediada Putinin səfəri barədə nə deyilir?

Rusiya prezidenti Vladimir Putinin altı ildən sonra Bakı səfər xəbəri azərbaycanlı İnternet istifadəçilərinə “partlayış” təsiri bağışlayıb.
Verilən şərhlərin bəziləri cənab Putinin gəlişini oktyabrdakı prezident seçkilərinə, bəziləri isə Rusiyanın Azərbaycanı Qərbdən uzaqlaşdıraraq Avrasiya İttifaqına qoşulmağa sövq etməsinə aiddir.
Ümumilikdə isə, mövzuya maraq böyük olsa da, ümumi abu-hava o qədər də “mülayim deyil”.
Twitterdə @FeridAxund adlı istifadəçi BBC Azərbaycancaya xitabən yazıb ki, “bu səfər Rusiya Azərbaycan əlaqələrinin möhkəmlənməsi adı altında seçkilərin taleyi və ABŞ ilə əlaqələr baxımından dəyərlidir”.
"Rusiya hərbi gəmilərinin BİZİM bulvarımıza gəlmələri heç sizin milli heysiyyatınıza toxunmur? Heç 20 yanvar şəhidlərindən utanmırsınız?", @HuseynovaTurkan yazır.
@azerhasret yazır ki, "anlaşılan budur ki, Azərbaycan hakimiyyətinin Rusiya ilə olan bütün problemləri həllini tapıb...".
BBC Azərbaycancanın Facebook səhifəsində isə, Vuqar Abbasov cənab Putinin gəlişini “normal” qarşılayıb.
“Qonşu və MDB məkanında aparıcı dövlətdir. Çox məsələlər var ki, hökmən müzakirə olunmalıdır və əsasən, Qarabağ məsələsində bir nömrəli rəy onundur”.
"Putin raket gəmisi və kiçik artilleriya gəmisi ilə Bakıya...dostluq səfərinə gəlir. İraq olsun, dostcasına belə gəlirsə, yəqin düşməncəsinə gəlsə, ATOM buzqıran gəmisini yedəkləyib gələr", Natiq Adilov bölüşür.
Qafqazinfo saytının istifadəçiləri isə, planlaşdırılmış səfər haqqında fikirlərini bölüşüb.
“Fizuli” ləqəbli istifadəçi Putinin gəlişini “Azərbaycan hakimiyyəti Rusiyadan asılılığı” kimi dəyərləndirib.
"Rayondan" adlı istifadəçi isə minlərlə azərbaycanlının Rusiyada çörək pulu qazandığını vurğulayaraq, Azərbaycanın diqqətli olmasını vacib bilib.
"vetendas" isə Azərbaycan xalqının öz problemlərini Rusiya və ABŞ-ın müdaxiləsi olmadan həll etməli olduğunu qeyd edib.
Cənab Putinin Azərbaycana səfəri avqustun 13-ə planlaşdırılsa da, bir gün öncə Rusiya Federasiyasının "Dağıstan" raket gəmisi və "Volqodonsk" artilleriya gəmisi dostluq səfəri çərçivəsində Bakı limanına lövbər salıb.




