Putinin Bakı səfəri

- Müəllif, Şəhla Sultanova
- Vəzifə, Bakıdan BBC Azərbaycanca üçün
Rusiya prezidentinin Azərbaycana səfəri yaxınlaşdıqca bu hadisəyə maraq daha da artır. Əksər müzakirələrdə belə bir sual qoyulur: bu səfər Azərbaycana daha çox çətinliklərmi, yoxsa iki ölkə arasında sərinləmiş münasibətlərin yaxşılaşmasınımı gətirəcək?
Bu, yeni prezidentlik müddətinə seçildikdən sonra Putinin Azərbaycana ilk səfəridir. O Azərbaycana avqustun 13-də hərbi gəmidə və Rusiya donanmasının müşaiyəti ilə qədəm qoyacaq. Raketdaşıyan “Daqestan” kreyseri və artilleriya gəmisi “Volqodonsk” Putinin salamlama mərasiminə hazırlıq üçün artıq Bakı limanında lövbər atıb.
Millət vəkili və analitik Rasim Musabəyov deyir ki, bu, böyük Rusiyanın kiçik qonşusu Azərbaycana yumşaq hədəsi kimi də qəbul edilə bilər.
Lakin başqa bir siyasətşünas – Rasim Ağazadə bildirir ki, bu hərəkət daha çox Rusiya daxilində Putinə qarşı tənqidi əhval-ruhiyyədə olan müxalifətə mesajdır. “Hazırda Rusiya vətənpərvərlik əhval-ruhiyyəsindədir. Bakıya hərbi gəmidə səfər etməklə Putin öz tənqidçilərinə bu vətənpərvərlik ab-havasının kim tərəfindən yaradıldığını xatırlatmaq istəyir”- deyir politoloq.
Prezidentin köməkçisi Yuri Uşakovun Rusiya mətbuatına verdiyi məlumata görə, bu səfər zamanı 6 ikitərəfli saziş və bir neçə enerji və nəqliyyat müqavilələri imzalanmalıdır. Prezident Putini bu səfərdə xarici işlər, müdafiə, energetika, fövqəladə hallar, nəqliyyat və iqtisadiyyat nazirləri müşaiyət edəcəklər. Nümayəndə heyətində, həmçinin Rosoboroneksportun icraçı direktoru, Rosneft və Lukoil şirkətklərinin rəhbərləri də olacaqlar.
Avrasiya İttifaqı
1990-cı illərdə Azərbaycanın Rusiyada səfiri olmuş və hazırda FAR mərkəzi adlanan araşdırma agentliyinin rəhbəri Hikmət Hacızadə bildirir ki, Ruisya prezidentinin başlıca məqsədi Azərbaycanı Avrasiya İttifaqına sövq etməkdir.
2011-ci ilin payızında, o zaman Rusiyanın baş naziri olan Vladimir Putin keçmiş sovet respublikalarını Avrasiya İttifaqı yaratmağa çağırmışdı. Azərbaycan hələlik bu ittifaqa qoşulmaq niyyətində görünmür.
“Azərbaycan bu alyansa qoşulmaq istəmir, bu, Azərbaycanı asılı edə bilər, - deyir Hacızadə, - Rusiya əlindən gələni edir ki, Azərbaycanı bu ittifaqa dartsın. İki ölkə arasında münasibətlər gərgindir”.
Lakin heç də bütün siyasi təhlilçilər iki ölkə arasında münasibətlırələrin gərgin olduğuna dair Hikmət Hacızadənin fikirlərini bölüşmürlər. Musabəyov deyir ki, münasibətlər "sərin"dir, lakin "möhkəm"dir.
“Başqa post-Sovet ölkələrindən fərqli olaraq, Azərbaycan Rusiyadan nə maliyyə, nə də enerji sahələrində asılı deyil. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin çözümündə Rusiyadan müəyyən gözləntiləri var, - deyir Musabəyov, - artıq 20 ildir ki, Rusiya Azərbaycanı bədgüman edir və Ermənistanı dəstəkləyir. Odur ki, bizim Rusiyadan asılı olmağımıza ehtiyac yoxdur”.
Lakin Hacızadə inanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın iradəsindən asılıdır.
“Rusiyanın Azərbaycandakı nüfuzu, xüsusən də Dağlıq Qarabağ məsələsində çox güclüdür, - deyir politoloq, - Bundan əlavə bizim Rusiyada işləyən və yaşayan çox sayda “qastrabayter”imiz var. Biz bu məsələlərdə Rusiyadan asılıyıq”.
Öz növbəsində Rasim Ağayev Rusiyanın Azərbaycana təzyiq etdiyini düşünmür. Lakin eyni zamanda o düşünür ki, Azərbaycan Rusiyadan tam müstəqil deyil.
Onun fikrincə, Rusiya böyük və güclü qonşudur və Azərbaycan bunu nəzərə almalıdır. Əgər qıcıqlandırılsa, Rusiya Azərbaycan üçün BMT-də və ya ATƏT-də problemlər yarada, və yaxud Rusiyada yaşayan və işləyən milyonlarla azərbaycanlının statusunu dəyişə bilər. Bu adamlar ölkəyə qayıtmağa məcbur olsalar, Azərbaycan ciddi çətinliklərlə üzləşəcək.
“Siçan-pişik oyunu”
“Rusiyanın həm ziyan, həm də xeyir vermək üçün imkanları var. Rusiya qonşuluqdakı böyük bazardır. Bir sıra böyük beynəlxalq layihələrdə də Rusiyanın dəstəyinə ehtiyac var”, deyir politoloq.
Qafqaz Resurs Araşdırmalar Mərkəzinin 2012-ci ildə keçirdiyi rəy sorğusunda respondentlərin yalnız 1 faizi Rusiyanın ölkənin ən böyük dostu ola biləcəyinə inandığını söyləyib.
Ermənistanı dəstəkləsə də, Rusiya son illərdə Azərbaycana tanklar, artilleriya topları və raket qurğuları da daxil olmaqla 1 milyard dollarlıq silah verib.
Hacızadə deyir ki, Rusiya Azərbaycanla siçan-pişik oyunu oynayır. “Rusiya bundan xeyli pul götürür və eyni zamanda, özünü ədalətli ölkə kimi göstərir. Yəni, təkcə Ermənistan yox, həm də Azərbaycana silah verir”, deyir Hacızadə.
Musabəyov isə bu qənaətdədir ki, Rusiyanın Azərbaycana silah satmaması çətin olardı, çünki Azərbaycan varlı qonşudur.
“Lakin bu, Dağlıq Qarabağ probleminin həllində Rusiyanın Azərbaycana dəstəyi kimi qəbul edilməməlidir, deyir politoloq, çünki Rusiya Azərbaycana silah satmaqla regiondakı qüvvələr balansı tarazlamaq istəyir. Həm də Rusiya Ermənistana silahı pulsuz verir”.




