Obama Putinlə görüşdən imtina etdi

ABŞ prezidenti Barack Obama Rusiyada Edward Snowden-ə siyasi mühacirət verilməsindən sonra president Vladimir Putinlə görüş keçirməmək qərarına gəlib.
Bu məlumatı yayan Ağ Ev qeyd edir ki, eyni zamanda Obamanın Sankt Peterburqda keçirilməsi nəzərdə tutulan və iqtisadi problemlərin müzakirəsinə həsr olunan Böyük 20-lərin (G20) zirvə görüşündə iştirakı barədə qərar qüvvədə qalmaqdadır.
Ağ Ev müşavirinin təbirincə, Snowden-ə mühacir statusunun verilməsi iki ölkə arasında mövcud olan gərginliyi daha da artırıb.
Danışıqları ləğv etmək barədə qərar prezident Obamanın Los Angeles şəhərinə səfəri zamanı elan olunub.
Ötən gün prezident Obama NBC televiziya kanalına müsahibəsində bildirmişdi ki, Rusiyanın Snowden-ə müvəqqəti siyasi mühacir statusu vermək qərarı onu "məyus" edib.
Onun təbirincə, Rusiya və ABŞ arasında daha səmərəli əməkdaşlıq etmək üçün ciddi əsas yoxdur.
Bu arada, ABŞ hökumətinin sirlərini sızdıran Edward Snowden-in ailəsinin bəzi üzvlərinin Rusiyaya viza üçün ərziə verdikləri xəbər verilir.
ABŞ Edward Snowden-in Amerikaya verilməsini dəfələrlə tələb etsə də, Rusiyada ona siyasi mühacir statusu verilib.
O, mətbuata ABŞ-ın insanları gizli izləmə proqramları barədə məlumatlar yayıb.
Rusiya ilə danışıqlar
ABŞ Dövlət Departamenti bildirib ki, Dövlət Katibi John Kerry və ABŞ Müdafiə Naziri Chuck Hagel Rusiyalı tərəfdaşları ilə Vaşinqtonda danışıqlar aparacaqlar, o cümlədən Suriya və İranın nüvə proqramı da danışıqlar mövzusu olacaq.
Danışıqlar mövzusu eləcə də Snowden məsələsini də əhatə edəcək, Ağ Ev əlavə edib.
Snowden Rusiya pasportu alaraq Şeremetyevo aeroportunu tərk etdikdən sonra, onun harada qaldığı ictimaiyyətə açıqlanmır.
Onun vəkilinin sözlərinə görə, Snowden Rusiya ərazisində qeydiyyatdan keçib və onun atası Lon ona baş çəkmək üçün hazırda Rusiya vizasını gözləməkdədir.
Rusiyanın Snowden-ə müvəqqəti mühacir statusu vermək qərarı Moskva ilə ABŞ arasında münasibətləri gərginləşdirib.
Snowden ABŞ Mili Təhlükəsizlik Agentliyi tərəfindən vətəndaşların məxfi elektron izlənməsi proqramı barədə dövlət sirri sayılan məlumatları mətbuata ötürüb.
Həmin proqram dünya boyu vətəndaşların telefon zənglərini və email yazışmalarını izləməyə imkan verir.




