Erdoğanla etirazçıların görüşü gözlənilir

Turkiyə çevik polisi etirazçıları Taksim Meydanından çıxarmaq üçün yenidən gözyaşardıcı qazdan istifadə edib.

Bu yenidən qruplaşan etirazçılardan bəzilərini dağıtsa da, bəziləri çərşənbə səhərinə qədər meydanda olub.

Hərçəndki, hökümət qüvvələri meydana barikadaları, "əldəqayırma" sığınacaqları dağıtmaq üçün buldozerlər gətirib.

Aksiyalar 13 gün öncə Gezi Parkının sökülməsinə qarşı başlayıb və genişlənib.

Bu dəfə isə əsas etirazlar baş nazir Recep Tayyip Erdoğanın ölkəni avtoritar və mühafizəkar İslam qaydaları ilə idarə etməsinə qarşı olub.

Erdoğan etirazçılara çərşənbə günü danışıqlar etməyi təklif etsə də, son iki günün qarşıdurmalarından sonra görüşlərin olub-olmayacağı bilinmir.

"Əldəqayırma" hospitallar

Gecə davam edən proseslər isə “əldəqayırma” hospitalların qurulmasına səbəb olub.

Polis Gezi Parkına daxil olmayacağını desə də, gün ərzində dəfələrlə daş, yanğın qumbarası və butulka atan aksiyaçılarla qarşılaşıb, əvəzində isə polis gözyaşardıcı qaz və su şırnaqlarını işə salıb.

Cənab Erdoğan polisin hərəkətləri müdafiə edərək bildirib ki, təbiət uğruna aparılan mübarizə artıq Türkiyəyə zərər vermək istəyənlərin etirazlarına çevrilib.

Hadisələr mayın 31-də başlayıb.

Türkiyə İnsan Haqları Fondu deyir ki, biri polis olmaqla dörd nəfər həyatını itirib.

Beş mindən çox insan yaralanıb, hökümətsə 600 polisin zərər çəkdiyini deyir.