Erdoğan etirazlara son qoymağı tələb edib

Şimali Afrika ölkələrinə səfərdən qayitdiqdan sonra Türkiyənin baş naziri Recep Tayyip Erdoğan ölkəni bürümüş hökumət əleyhinə etirazlara son qoymağı tələb edib.
Minlərlə tərəfdarları onu İstanbul hava limanında alqışlayıb, başları üzərində bayraqlar yelləyərək “Sənin üçün ölümə gedərik, Erdoğan!” səsləyirdilər.
Agentliklərin məlumatlarına görə, 10 minə yaxın adam İstanbul aeroportunda Erdoğanın təyyarəsini qarşılamağa çıxmışdı.
“Mən nümayişləri dərhal dayandırmağa çağırıram, onlar daha demokratiya qaydalarına uyğun gəlmir və vandalizmə çevrilib”, - tərəfdarları qarşısında çıxışında baş nazir bəyan edib.
BBC Türkcə xəbər verir ki, Erdoğanın tərəfdarları təşkil edən izdihamdan “Taksimi devirmək” çağırışları eşidilib.
Eyni zamanda İstanbulun Taksim meydanına yenidən çoxsaylı nümayişçilər toplaşmışdı.
Bu, Türkiyədə artıq yeddinci etirazlar gecəsidir. Meydana toplaşanlar “Tayyip – istefa!” səsləyirlər.
BBC müxbirlərinin sözlərinə görə, Taksim meydanında vəziyyət hələ ki olduqca dincdir, bəzi nümayişçilər mahnı oxuyur və rəqs edirlər.
Ankarada minlərlə Kuğulu parkına toplaşanlar pivə içir və milli himni oxuyurlar.
Türkiyədə İstanbulun mərkəzi hissəsindəki Gezi parkında ticarət və əyləncə kompleksi tikmək hökumət planlarına qarşı çoxminli etirazlar ötən cümə günü başlayıb.
“Gəlin dağılışıb evlərimizə gedək”
Cümə axşamı Türkiyənin baş naziri bəyan edib ki, hökumət Gezi parkında inşaat planlarından imtina etmək niyyətində deyil.

Tunisdə olarkən Recep Tayyip Erdoğan növbəti dəfə etirazların “ekstremistlər tərəfindən” təşkil olunduğunu təkrarlayıb.
Onun sözlərinə görə, həbs olunanların yeddisi əcnəbilərdir.
İstanbul hava limanında minlərlə tərəfdarlarına müraciət edərək, Erdoğan onları hökumət əleyhinə nümayişçilərlə toqquşmadan çəkinməyə çağırıb.
“İndiyədək siz təmkinli və sağlam düşüncəli ola bilibsiniz, - deyib həyat yoldaşı ilə Türkiyə kabinetinin aparıcı nazirləri ilə yanaşı dayanan baş nazir. – Gəlin dağılışıb evlərimizə gedək”.
Bir həftə davam edən etirazlar əsnasında hüquq-mühafizə qüvvələri ilə toqquşma nəticəsində dörd nəfər həlak olub, minlərlə insan xəsarət alıb. Yüzlərlə iğtişaş iştirakçısı həbs olunub.




