Erdoğan: "Səbrimizin hüdudu var"

Türkiyənin Baş Naziri Recep Tayyip Erdoğan son on gündə etirazları davam etdirən aksiyaçılara “səbrinin hüdudu” olması barədə xəbərdarlıq edib.
Erdoğan paytaxt Ankarada baş qaldıran dəstəkçilərinə bildirib ki, etirazçılar “dağıdıcı”dır.
Bazar günü minlərlə aksiyaçı İstanbulun mərkəz Taksim və Ankaranın Kizilay meydanlarına toplaşıb.
Hökümətə qarşı aksiyalar polisin sivil etiraz edənlərə qarşı zorakılıq göstərməsindən sonra başlayıb.
Aksiyaçılar Erdoğan hökümətini avtoritarlıqda və dünyəvi ölkəni mühafizəkar İslam dini qaydalarına sövq etməkdə ittiham edir.
"Çapulçu"lar
Nümayişlərin ikinci günü polisin insanlara qarşı gözyaşardıcı qaz və su şırnaqları istifadə etməsi aksiyaları İstanbuldan Ankaraya yayıb.
“Lüğətə baxsanız, hüququn mənasını bilərsiniz”, Erdoğan Ankaradakı dəstəkçilərinə deyib.
“Yandıran və dağıdanlara isə “çapulçu” (vandal) deyirlər. Onları dəstəkləyənlər də belədir”, baş nazir deyib.
“Biz səbrli idik, səbrliyik, amma səbrimizin hüdudu da var”, o davam edib.
Baş nazir dəstəkçilərindən həm də hökümətyönlü aksiyalar təşkil etməyi istəyib, Reuters agentliyi yazır.
Erdoğanın bu sözləri Taksim Meydanında, aksiyalara səbəb olan Gezi Parkında insanların yenidən yığışmasına səbəb olub.
Aİ-nin çağırışı
Şənbə günü Ankarada bu hadisələr baş verərkən cənub şəhəri Adanada hökümət tərəfdarları ilə ona qarşı olanlara arasında qarşıdurma olub.
Vəziyyətdən narahat olan Avropa İttifaqı kimi təşkilatlarsa tərəfləri təmkinli olmağa çağırıb.
“Demokratiya, inam yaratmaq və dağıntılardan qaçmaq üçün hökümətin açıq və davamlı siyasəti vacibdir, Aİ-nin xarici siyasət üzrə rəhbəri Catherine Ashton deyib.
Türkiyədə ümummilli aksiyalar Taksim meydanı yaxınlığında Gezi Parkı adlanan ərazidə ağacların kəsilməsinə etirazla başlayıb.
Baş nazirin etirazlara baxmayaraq İstanbulda nadir yaşıllıq olan bu parkın söküləcəyini deməsi vəziyyətə gərginlik verib.
Yerli və prezident seçkilərində qalib gələn partiya nümayəndəsi kimi, o, həmçinin gələn dəfə üçün də namizəd olacağını bildirib.
Hadisələr biri polis olmaqla, dörd nəfərin həyatına son qoyub, minlərlə insan yaralanıb, yüzlərlə nəfərsə mayın 31-dən həbsdədir.




