Türkmənistanın yeni sərdarı. Qurbanqulu Berdiməhəmmədov niyə hakimiyyəti oğluna ötürmək qərarına gəlib?

Şəklin mənbəyi, Reuters
- Müəllif, Nərgizə Rısakulova, Qriqor Atanesyan
- Vəzifə, BBC
Böyük əminliklə demək olar ki, Türkmənistanın yeni prezidenti ölkənin indiki rəhbəri Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar olacaq. Son 15 ildə respublikanı idarə edən Qurbanqulu ötən cümə bildirib ki, vəzifəsindən getmək və "cavanlara yol açmaq" niyyətindədir. Keçmiş SSRİ-nin bu ən qapalı ölkəsində prezident seçkiləri vaxtından əvvəl - martın 12-də keçiriləcək.
Sərdar Berdiməhəmmədov haqqında nələr bilinir və nə üçün "Arxadağ" və ya "türkmənlərin himayəçisi" Qurbanqulu Berdiməhəmmədov bu addımı indi atmaq qərarına gəlib?

Varis oğul
Son illərdə oğlunu müxtəlif hökumət vəzifələrinə təyin edən Berdiməhəmmədov onu özünə varis hazırlayırdı, buna görə də Sərdarın namizədliyi politoloqlar üçün sürpriz olmayıb.
"Bir neçə aydır ki, biz bu ssenarini müzakirə edirdik. Məqsəd hakimiyyəti ailənin əlində saxlamaqdır və prezidentliyin bu şəkildə ötürülməsi yeni pezidentə hakimiyyəti konsentrasiya etmək fürsəti yaradacaq" - "Oksus" Orta Asiyanı Öyrənmə Cəmiyyətinin rəhbəri Edvar Lemon BBC-yə açıqlamasında belə deyib.
Sərdar Berdiməhəmmədov ictimai mühitdə və KİV-də atasından daha çox görünür. Yaxın keçmişdə ölkənin regionlarını dolaşıb, tez-tez əsas kanalda çıxış edir və beynəlxalq səfərlərə gedir.
Ekspertlər onun bu aktivliyini də Türkmənistanda hakimiyyətin tədrici tranzitinin tərkib hissəsi hesab edirlər.
Hakimiyyətin tədrici ötürülməsi

Şəklin mənbəyi, UZBEKISTANI PRESIDENCY / HANDOUT
Fevralın 11-də tezliklə istirahətə getməyə hazırlaşdığını deyən 64 yaşlı Berdiməhəmmədov "peyğəmbər yaşına" çatdığını və gənclərə yol vermək lazım gəldiyini bildirib. Amma o, oğlunun adını çəkməyib; eyni zamanda, istefasından sonra nə işlə məşğul olmağı planlaşdırdığını da açıqlamayıb.
"Mən ölkəmizin inkişafının yeni mərhələsində dövlət idarəçiliyinə mənəvi mühitdə və müasir dövrün yüksək tələblərinə uyğun şəkildə tərbiyə olumuş gənclərə yol açmaq lazım gəlməsi fikrini dəstəkləyirəm. Öz böyük həyat təcrübəmi və Xalq məsləhətinin (Türkmənistan parlamentinin yuxarı palatası) sədri kimi siyasi təcrübəmi bundan sonra bu sahəyə yönəltmək niyyətindəyəm" - düz 15 il əvvəl prezidentliyə başlamış Berdiməhəmmədov belə deyib.
Belə görünür ki, o, yuxarı palatanın sədri olaraq qalmaqda davam edəcək. Digər fəxri postlar və ömürlük səlahiyytələr barədəsə hələ ki heç nə deyilməyib.
Berdiməhəmmədovun tezliklə öz postunu tərk edəcəyini onun yaxın ətrafı hələ 2019-cu ildə müzakirə edib - prezident düz bir ay ortada görünməyəndə. Onun kəskinləşməkdə olan şəkər diabetindən əziyyət çəkdiyi barədə xəbər də elə o vaxt yayılıb.

Şəklin mənbəyi, Getty Images
Onun prezidentlikdən getməsi barədə açıqlaması oğlunun 40 yaşına çatmasıyla üst-üstə düşüb. Türkmənistanda prezidentliyə məhz bu yaşdan sonra namizəd olmaq mümkündür.
Ata-oğul əlaqəsi
Ekspertlər qeyd edirlər ki, seçkidə Sərdarın real rəqibləri olmayacaq və Türkmənistanda ümumiyyətlə real siyasi proses yoxdur. Məsələnin diqqət çəkən yeganə tərəfi Sərdarın atasından nə dərəcədə asılı olacağıdır.
Edvard Lemon deyir ki, Sərdarın seçəcəyi mövqe maraq doğurur: "Atası hakimiyyətə periferik mövqedən gəlmişdi, sələfiylə bağlı şəxsiyyətə pərəstiş kultunu ləğv edib öz kultunu yaratmışdı".
Türkmənistandakı hadisələri başqa adla şərh edən politoloq Sərdar Aytakov da onunla həmfikirdədir:
"Sərdar yavaş-yavaş menecerlərdən və məsləhətçilərdən ibarət komanda formalaşdırır, amma hələ ki bunu göz qabağında etmir. Bu komanda hələ ki köhnə nomenklaturaya qarşı gücə - "onun partiyasına" çevrilməyib. Amma atasının ona nə dərəcədə müstəqillik verəcəyi aydın deyil".
Keçmiş həkim-stomatoloq Qurbanqulu Berdiməhəmmədov 1997-ci ildə Türkmənistanın səhiyyə naziri, 2001-ci ildə isə Baş nazirin müavini təyin olunub. Saparmurad Niyazovun ölümündən sonra prezident səlahiyyətlərini icra etməyə başlayıb. Ölkə konstitusiyasına görə bu iş Məclisin sədri Əvəzgəldi Atayevə həvalə olunmalıydı, amma onda ona qarşı qəflətən cinaytə işi qaldırılıb.
Qonşuların nümunəsi
Berdiməhəmmədovun vaxtından əvvəl hakimiyyətdən getmək qərarına qonşu ölkələrdə baş vermiş hadisələr - hakimiyyətin ötürülməsi ilə bağlı Özbəkistanın birinci prezidenti İslam Kərimovun ailəsinin uğursuz cəhdi və Qazaxsıtanın keçmiş prezidenti Nursultan Nazarbayevin hakimiyyətdən uzaqlaşdırılması da təsir edə bilərdi.
BBC-yə danışan ekspertlər hesab edirlər ki, ilk vaxtlar Berdiməhəmmədov ölkəni oğluyla birlikdə idarə edəcək, sonra isə özünə yalnız "təminatçı" və "məsləhətçi" rolunu saxlayaraq tədricən hakimiyyətdən uzaqlaşacaq.
"Ata və oğulun ölkəni birlikdə idarə etməsinə baxmaq maraqlı olacaq. Biz oxşar nümunəni Sinqapurda görmüşdük - Li Kuan Yu hakimiyyəti varisinə ötürəndən sonra "nazir-müəllim" postunu tutmuşdu" - Edvard Lemon belə deyir.
Aytakov da eyni fikirdədir. Onun sözlərinə görə, Berdiməhəmmədov şüurlu şəkildə hakimiyyətdən çəkilib "millətin lideri və ya atası" və "ənənələrin, "suverenliyin və müstəqilliyin qoruyucusu" kimi qalacaq.

Şəklin mənbəyi, Getty Images
Sərdar haqqında nələr məlumdur?
Sərdar Berdiməhəmmədovun siyasi karyerası sürətlə inkişaf edib:
- 2008-2011-ci illərdə Türkmənistanın Rusiyadakı səfirliyində, 2011-13-cü iləlrdə Türkmənistanın BMT-dəki daimi nümayəliyində (Cenevrə) çalışıb;
- Paralel olaraq Rusiya XİN-in Diplomatik Akademiyasını bitirib;
- 2014-cü ildə vətəninə qayıdandan sonra Türkmənistanın xarici siyasətini kurasiya edib;
- 2016-cı ildə vaxtından əvvəl keçirilən seçkilərdə dördüncü çağırış parlamentin deputatı olub;
- Seçkidən əvvəl istefa vermiş partiya yoldaşının yerini tutub;
- Bu günə qədər hakim Demokrat Partiyasının deputatıdır və bu ona Baş nazirin maliyyə və iqtisadiyyat üzrə müavini, Dövlət Təhlükəsizlik Şurasının üzvü və Ali Nəzarət Palatasının rəhbəri vəzifələrini tutmağa mane olmur;
- Son dörd ildə hökumətdə bir neçə vəzifə dəyişib - xarici işlər nazirinin müavini, qubernatorun müavini, paytaxt Aşqabadın da daxil olduğu Axalsk vilayətinin qubernatoru, sənaye və tikinti naziri olub.
Onun namizədliyini irəli sürmək təklifi partiyada yekdilliklə qəbul edilib.

Şəklin mənbəyi, Alexander Astafyev/TASS
Partiya yoldaşları qeyd ediblər ki, "O, təvazökar və mehriban insan, yaxşı ailə başçısı və sağlam həyat tərzi tərəfdarı olaraq həmkarlarının hörmətini qazanıb".
Siyasətdə çoxdan olmasına baxmayaraq Sərdar Berdiməhəmmədov "qaranlıq fiqur" hesab olunur. Aytakovun sözlərinə görə, əvvəllər Türkmənistanın "elitası" onu şəriksiz lider kimi qəbul etməyə hazır olmadıqlarını sezdirib.
Politoloqlar hesab edirlər ki, Qurbanqulu məhz buna görə - oğlunu "ona qarşı müxtəlif cəbhələrin formalaşmasından sığortlamaq üçün"; eyni zamanda, "özünün təhlükəsizliyini təmin etmək və öz nüfuzunu qoruyub saxlamaq" məqsədilə parlamentin yuxarı palatasının sədri vəzifəsinə seçilib.
İxtisasca mühəndis-texnoloq olan Sərdar Berdiməhəmmədov Türkmənistanın Kənd Təsərrüfatı Universitetini bitirib, texniki elmlər doktorudur. Eyni zamanda, prezidentin yeganə oğlu və ən publik övladıdır. Bacılarının ərdə olduqları və xaricdə yaşadıqları bilinir (təxminlərə görə, Britaniya və Fransada). Sərdar özü də evlidir, dörd övladı var.
Atasının davamçısı

Şəklin mənbəyi, AFP
Ekspertlər Sərdarın hakimiyyəti dövründə ölkədə liberallaşma olacağına inanmırlar.
Bir müddət əvvəl o, gələn ilin dövlət büdcəsinin xeyli optimist proqnozunu açıqlayıb, ərzaq qıtlığı və koronavirusla bağlı çətinliklər yaşanan ölkədə iqtisadiyyatın inkişaf edəcəyini bildirib. Bu açıqlama onun atasını çox sevindirib.
"Sərdar problem və təhlükələrin ciddiyyətindən nə dərəcədə xəbərdardır; xarici ictimai rəyə qarşı nə dərəcədə həssasdır; atasının və müxtəlif elit qrupların fikirlərindən və təzyiqlərindən nə dərəcədə asılıdır - bunları heç kim bilmir. O, hakimiyyətə sərt idarəçilik üsullarının, demək olar ki, tamamən tükəndiyi, ehtiyatda ancaq kütləvi repressiyaların qaldığı bir vaxtda gəlir" - Aytakov belə deyir.
Övladlar siyasətdə və ya Orta Asiyada nepotizm

Şəklin mənbəyi, Getty Images
Nepotizm Orta Asiyada tez-tez rast gəlinən haldır. Regiondakı 5 respublikanın hamısında prezidentlərin oğulları və qızları yüksək vəzifələr tutublar.
- Qazaxıstan prezidentinin qızı Dariqa ölkə milyarderləri arasında yeganə qadınıydı və bu yaxınlara qədər Baş nazirin müavini postunu tuturdu.
- Qırğızıstanın iki keçmiş prezidentinin - Kurmanbek Bakiyevlə Əskər Akayevin övladlarının siyasi ambisiyaları olub. Maksim Bakiyev İnvestisiya və İnnovasiyaların İnkişafı Agentliyinə rəhbərlik edib, Bermet Akayeva və Aydar Akayevsə (prezidentin qızı və oğlu) 2005-ci ildə prezident seçkilərinə qatılıblar. Hərçənd heç biri uğur qazana bilməyib.
- Özbəkistanın birinci prezidentinin böyük qızı Gülnarə Kərimova ölkənin syasi həyatında aktiv iştirak edib və mümkün varis hesab olunub. Atasının ölümündən sonra onu korrupsiyada və hakimiyyəti ələ keçirmək cəhdində günahlandırıblar, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum ediblər, amma sonra məhkəmə bu hökmü azadlığın 5 il məhdudlaşdırılması cəzasıyla əvəz edib.

Tacikistanın dəyişməz prezidenti İmaməli Rəhmonun övladları da siyasətlə məşğul olurlar - oğlu Rüstəm Rəhmon Düşənbənin meri, böyük qızı Azadə Rəmonsa Prezident Aparatının rəhbəridir.









