Türkmənistan: koronavirusun "rəsmən olmadığı" ölkədə COVİD-19-a yoluxmaq

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Abdujalil Abdurasulov
- Vəzifə, BBC News
Şimali Koreya kimi Türkmənistan da ölkədə koronavirusa yoluxma hallarının olmadığını bəyan edən azsaylı ölkələrdən biridir. Ancaq gələn xəbərlərdən məlum olur ki, ölkədə COVİD-19-un üçüncü və güman ki, ən böyük dalğası başlayıb.
Günlərin birində Səyahət Qurbanovda təngənəfəslik əmələ gəlib. Nəfəs alanda marafon qaçırmış kimi çətinlik çəkir, sinəsindəki ağrı dözülməz dərəcədə artır.
Türkmənistanda yaşaması vəziyyəti daha da ağırlaşdırırdı, çünki ölkədə bircə nəfər də koronavirus xəstəsinin olmadığı deyilirdi.
Keçən ay həkimi ona sətəlcəm diaqnozu qoymuş və dərhal xəstəxanaya getməli olduğunu demişdi.
Təhlükəsizlik baxımından soyadını dəyişdirdiyimiz Qurbanov ölkəsindəki həkimlərin COVİD-19-a sətəlcəm dediklərini bilirir.
Xəstəxanaya gedəndə Qurbanov bir neçə gün əvvəl COVİD-19 testi verdiyi klinikaya zəng edir, telefonu açan əməkdaş sakit səslə "Nəticə pozitivdir" deyir. Səyahət "Nədir pozitiv olan, koronavirusa yoluxmuşam?" deyə qışqıranda xəttin o biri ucundakı şəxs bunu təsdiqləyib.
O, az sonra öyrənəcəkdi ki, Türkmənistanda testi pozitiv çıxanların heç birinə bununla bağlı sənəd təqdim olunmur.
Təcili yardım maşınıyla getdiyi birinci xəstəxanada ona "Yer yoxdur" deyirlər.
"Yolda az qala öləcəkdim", - Qurbanov belə deyir.
"Havam çatmırdı… Virus bədənimə çox sürətlə yayılmışdı. Pəncərəni döyəcləyib "Lütfən, saxlayın, nəfəs ala bilmirəm,"- deyə qışqırdım. Oksigen verdilər, amma çox da faydası olmadı".
İkinci xəstəxanadasa paytaxt Aşqabada qeydiyyatı olmayan xəstələri qəbul etmədiklərini bildirirlər:
"Təlaş içindəydim. Həkimə "Bəs mən neyləyim? Burda ölümmü?" dedim".
Ardınca Səyahət tanış həkimə zəng edir, kömək etməsi üçün ona yalvarır. Bir neçə zəngdən və gərgin mübahisələrdən sonra onu xəstəxanaya yerləşdirirlər.
Gün boyunca vəziyyətində dəyişiklik olmur.
"Nəfəs ala bilmirdim. Sanki içimdəki bütün orqanlar bir-birinə yapışmışdı. Elə bil, suyun altındaydım və yuxarı çıxa bilmirdim", - Qurbanov həmin günü belə xatırlayır.
Deyir ki, onda tibb bacısını səsləyərək ağrılarını azaltmaq üçün dərman istəyib, amma ona hay verən olmayıb. Anlayıb ki, xəstəxanaya qəbul edilməsi müalicə olunacağı demək deyilmiş.
Türkmənistanda həkimlər, tibb bacıları, o cümlədən də rəhbər şəxslər göstəriş gəlməyənə qədər xəstələrin qayğısına qalmaya bilirlər.

Şəklin mənbəyi, Türkiyə hökuməti
Xəstəxanada işçi çatışmazlığı vardı.
Qurbanovun sözlərinə görə, bəzən xəstələrə xadimələr iynə vururmuş.
Süni nəfəs aparatları və oksigen cihazlarının düzgün işləməməsi ucbatından xəstələrin öldüklərini Türkmənistandakı tibb bacıları da deyirlər.
Qurbanovu müxtəlif üsullarla müalicə edirlər.
O, dərmanlara və rüşvətlərə Türkmənistanda çox böyük məbləğ sayılan 2 min dollar xərcləyir və 10 gün sonra sağalaraq xəstəxanadan çıxır.
Baş ofisi ölkədən kənarda olan Türkmənistan mətbuatının yazdığına görə, hazırda ölkədə COVİD-19-un 3-cü dalğası başlayıb.
Ancaq heç kim bu haqda danımağa cəsarət etmir.
"Turkmen.news" saytı ölkədə indiyə qədər koronavirusdan 60 nəfərin öldüyünü təsbit edə bilib. Rəsmilərsə yoluxma faktlarını gizli saxlayırlar.
İxtisasca stomatoloq olan prezident Qurbanqulu Berdiməhəmmədov "sağlam millət" imicini dövlət təbliğatı səviyyəsinə qaldırıb.
Pandemiyadan ziyan gördüklərini etiraf etmək onun rejiminin legitimliyini şübhə altına sala bilər.
Ancaq keçən il baş vermiş bir hadisə - Türkiyənin Aşqabatdakı səfirliyinin əməkdaşı Kamal Uçqunun xəstələnməsi az qala bu gizlilik pərdəsini qaldıracaqdı.
Sinə ağrısı, tərləmə və yüksək qızdırma koronavirus əlamətlərinə işarə edirdi. Həkimlər ona sətəlcəm diaqnozu qoyurlar. Həyat yoldaşı Güzidə Uçqun rentgen nəticələrini Türkiyə xəstəxanalarına göndərir, ordakı həkimlər diplomatın COVİD-19-a yoluxduğunu bildirirlər.
Guzidə Uçqun ərini ambulans təyyarəylə Türkiyəyə aparmaq istəyir, amma rəsmilər buna razılıq vermirlər. İcazə sənədi Kamal Uçqunun ölümündən bir neçə saat sonra imzalanır.
Uçqunun cəsədi mumiyalanır və məhkəmə ekspertləri koronavirusa aid heç bir iz tapa bilmirlər.

Şəklin mənbəyi, Getty Images
Ölkə rəsmiləri virusun yayılmasına mane olmaq üçün bəzi tədbirlər həyata keçirirlər. Ancaq hökumət Türkmənistanda koronavirus olmadığını, görülən işlərin virusun ölkəyə gəlməsi ehtimalına qarşı profilaktika xarakteri daşıdığını bildirir.
Xəstəxanada "COVİD" və "koronavirus" kəlmələrinin işlədilmədiyini Qurbanov da təsdiqləyir:
"Ya "bu virus", ya da "bu xəstəlik" deyirdilər. "Niyə açıq demirsiz? Koviddirmi?" deyə israr edəndə səssizcə başlarını tərpədib təsdiqləyirdilər".
Qurbanov deyir ki, xəstəxanada yatdığı günlərdə ona hökumətdən bir SMS gəlib, orda toza qarşı maska taxmaq tövsiyə olunurmuş:
"Tozdan ölürük yəni? İnsanların ölümünə göz yumurlar, amma "COVİD" olduğunu qəbul etmirlər".





