Hakimiyyətin ömrünü uzatmaq resepti. Keçmiş SSRİ məkanında konstitusiyaları kimlər və necə dəyişiblər

Путин и Назарбаев

Şəklin mənbəyi, Getty Images

Rusiya prezidenti Vladimir Putin konstitusiyaya dəyişiklik etmək üçün referendum təklifiylə çıxış edib.

Səlahiyyət müddəti bitən postsovet liderləri arasında əsas qanunu dəyişmək populyar metoddur.

Rusiya da istisna deyil: 2008-ci ildə prezidentlik müddətini 6 ilədək uzatmışdılar.

Bu praktika keçmiş SSRİ liderlərinin uzun müddət hakimiyyətdə qalmasını təmin edib.

Bu dəfə prezidentin təklifiylə parlamentin möhkəmləndirilməsindən söhbət gedir. Ekspertlər hesab edirlər ki, bu, Putinin 2024-cü ildən sonra da hakimiyyətdə qalacağına işarədir, amma başqa statusda.

Onlar nümunə olaraq Qazaxıstan variantını göstərirlər - ölkənin dəyişməz lideri Nursultan Nazarbayev ötən il Təhlükəsizlik Şurasının və hakim partiyanın sədri olaraq liderliyini qoruyub saxladı.

Ancaq digər respublikaların təcrübəsi göstərir ki, belə ssenarilərin nəzarətdən çıxmaq təhlükəsi var. Məsələn, hakimiyyətdə yeni statusla qalmaq istəyən Gürcüstan və Ermənistan rəhbərləri "taxtdan" salınıblar və hətta barələrində cinayət işləri də açılıb.

Tez-tez dəyişdirilən Ukrayna konstitusiyası

SSRİ dağılandan sonra Baltika respublikalarının qəbul etdikləri konstitusiyalar indiyə qədər heç dəyişdirilməyib. Ancaq ana qanunu xeyli gec - 1986-cı ildə qəbul edən Ukraynada bu, tez-tez baş verir.

İlk dəyişiklik təşəbbüsünü ölkənin ikinci prezidenti Leonid Kuçma irəli sürmüş və 2000-ci ildə keçirilən referendumda prezidentə parlamenti buraxmaq səlahiyyəti verilməsi də daxil, əhali konstitusiyaya bir sıra əlavələrin edilməsinə səs vermişdi. Ancaq onda Ali Rada səsvermənin nəticələrini tanımamışdı deyə əsas qanun olduğu kimi qalmışdı.

2004-cü ildə baş vermiş "Narıncı inqilab"dan sonra ölkədə idarəetmə forması dəyişmiş, prezidentin səlahiyyətləri parlamentin və hökumətin xeyrinə azaldılmışdı.

2010-cu il prezident seçkilərində Viktor Yanukoviçin qələbəsindən sonra ölkə qısa müddətə əvvəlki idarəetmə qaydalarına qayıtmış, amma o, Rusiyaya qaçandan sonra ölkə rəhbərinə aid səlahiyyətlərin bir qismi yenidən geri alınmışdı - yenidən 2004-cü il konstitusiyası qüvvəyə minmişdi.

Sadə dəyişiklik - Minskdən Aşqabada qədər

Aşqabadda Niyazova qoyulan abidə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Aşqabadda Niyazova qoyulan abidə

Prezidentin səlahiyyət müddətini uzadan ölkə təkcə Rusiya deyil, seçkidə daha bir dəfə iştirak hüququ olmayan prezidentlər arasında bu, populyar metoddur.

Bu dəyişikliklə, o cümlədən, iştirak sayına qoyulmuş məhdudiyyəti aradan qaldırmaqla, Aleksandr Lukaşenko və İmoməli Rəhmon düz 25 ildir ki, hakimiyyətdədirlər - Biri Belarusda, digəri Tacikistanda. İlham Əliyevsə 16 ildir Azərbaycana rəhbərlik edir.

Qazaxıstan konstitusiyasına edilən dəyişikliklər sayəsində Nursultan Nazarbayev SSRİ dağılandan 2019-cu ilə qədər hakimiyyətdə olmuşdu.

Türkmənistan prezidenti Saparmurad Niyazov özünə ömürlük prezidentlik hüququ təşkil etmiş və elə bu postda da vəfat etmişdi. Türkmənbaşının varisi isə hələ ki, prezidentlik müddətini uzatmaqla kifayətlənib.

Parlamentin gücləndirilməsi - Cənubi Qafqazın dərsləri

Saakaşvili

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Saakaşvili parlamenti gücləndirdi, amma hakimiyyəti saxlaya bilmədi

Bəzi postsovet respublikalarında prezidentlərin səlahiyyətləri parlamentin xeyrinə azaldılıb və buna görə prezidentləri hakimiyyətdə yeni statusla qalmaq cəhdində günahlandırıblar.

Gürcüstanda prezidentliyinin ikinci müddətində Mixail Saakaşvili əsas səlahiyyətlərin prezidentdən parlamentə və hökumətə keçməsini "təşkil etmiş", müxalifət onu baş nazir olaraq hakimiyyətdə qalmaq cəhdində ittiham etmişdi. Ancaq prezidentin partiyası seçkilərdə məğlub olmuş, az sonra ölkəni tərk edən Saakaşvili haqqında cinayət işi açılmışdı.

Eyni şey Ermənistanda da baş vermişdi - Serj Sarkisyanın ikinci dönəm prezidentliyində referendum keçirilmiş və ölkə parlament respublikasına çevrilmişdi.

Sarkisyan vəd etmişdi ki, baş nazir olmağa cəhd etməyəcək, amma səlahiyyət müddətinin bitməsinə az qalmış fikrini dəyişərək ona loyal olan parlamentdə baş nazir seçilmişdi.

Bu gediş ölkədə kütləvi etirazlara səbəb olmuş, baş nazir kreslosunda cəmi 6 gün otura bilmiş Sarkisyan istefa vermək məcburiyyətində qalmışdı. Hazırda həm o, həm də bəzi qohumları və silahdaşları istintaq altındadırlar.