"Türkiyə və Azərbaycan vətəndaşları səyahətlərdə pasporta ehtiyac duymamalıdırlar” - Mevlüt Çavuşoğlu

Mövlud Çavuşoğlu, Ceyhun Bayramov

Şəklin mənbəyi, TRT Avaz

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənov Türkiyədə rəsmi səfərdədilər. Gürcüstana qanunsuz keçmək istədiyi iddia edilən Ağstafa sakinləri saxlanıb,- bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Azərbaycanın iki naziri Türkiyəyə gedib

Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan çərşənbə axşamı Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovla görüşüb.

Təyin edildikdən sonra ilk xarici səfərini qonşu Türkiyəyə edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşündən sonra keçirilən mətbuat konfransında vurğulayıb ki, hər iki ölkə arasında əlaqələr hər sahədə dinamik şəkildə dəyişir.

Azərbaycanla Türkiyə arasında ticarət dövrüyyəsi ötən il 2018-ci illə müqayisədə 33 faiz artıb, o deyib.

Ceyhun Bayramovun səfəri bir müddətdi başlayan Azərbaycan-Türkiyə arasında birgə genişmiqyaslı hərbi təlimlərin davam etdiyi vaxta təsadüf edir.

Türkiyənin Anadolu Agentliyinin məlumatına görə, Ceyhun Bayramov deyib ki, dünya iqtisadiyyatında çətinlik yaşandığı bir dövrdə ilk 5 ayda iki ölkə arasında ticarət dövriyyəsində 20 faiz artım olub: "Azərbaycan Türkiyə iqtisadiyyatına 18,1 milyard dollar sərmayə qoyub,"- Ceyhun Bayramov deyib.

Cənab Bayramov əlavə edib ki, iki ölkə arasında 241 sahədə birgə əməkdaşlıqla bağlı razılıq əldə olunub, 29 sahədə də yaxın zamanda anlaşma imzalanacaq.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bidlirib ki, Türkiyədən Naxçıvana dəmir yolunun və qaz xəttinin çəkilməsi Azərbaycan ilə Türkiyə arasında qarşıda duran ən mühüm məsələlərdən biridir.

Mevlüt Çavuşoğlu deyib ki, iki ölkənin vətəndaşları gediş-qarşılıqlı gediş-gəlişdə xarici pasportlara ehtiyac duymamalıdırlar.

"Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar. Şəxsiyyət vəsiqəsi ilə səyahətə yol açmaq üçün təkliflərimizi təqdim etdik", - Mevlüt Çavuşoğlu deyib.

Azərbaycana 30 günədək səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi ötən il ləğv olunub. Türkiyə tərəfi isə Azərbaycanla viza rejimini 2007-ci ildə ləğv edib.

Azərbaycan-Ermənistan arasında münaqişəyə toxunan cənab Çavuşoğlunun fikrincə, beynəlxalq ictimaiyyət, həmçinin ATƏT-in Minsk qrupu da münaqişənin həllinə ciddi səy göstərmir.

"Biz bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həllini dəstəkləyirik. Lakin qardaş Azərbaycan hansı həll yolunu seçərsə, biz o məsələdə də Azərbaycanın yanında olacağıq," - deyə Mövlud Çavuşoğlu vurğulayıb.

sərhəd

Şəklin mənbəyi, APA

14 nəfər saxlanıb

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən 14 nəfər saxlanıb, Dövlət Sərhəd Xidməti bildirib.

Qurumun məlumatında deyilir ki, Ağstafa rayon sakinləri rayonun Sadıqlı kəndi yaxınlığından Gürcüstan istiqamətinə hərəkət etməyə cəhd edib və sərhəd zastavası tərəfindən saxlanıb.

Saxlananlardan yeddisinin azyaşlı olduğu bildirilir.

Dövlət Sərhəd Xidməti azyaşlıların Ağs­ta­fa rayonu icra hakimiy­yətinin başçısı yanında yetkinlik yaşına çat­ma­yanların işləri və hüquqlarının mü­da­fiəsi üzrə komissiyaya təhvil verildiyini qeyd edib.

Qurum sərhəd pozuntusu hadisəsi üzrə "müvafiq əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini" bildirib.

Trump Ağ Ev yaxınlığındakı atışmaya görə brifinqdən aparılıb

Şəklin mənbəyi, Reuters

Ağ Ev yaxınlığında atışma

ABŞ Prezidenti Donald Trump gizli xidmət agenti tərəfindən mətbuat konfransından çıxarıldıqdan sonra Ağ Evin yaxınlığında bir nəfərin vurulduğunu söyləyib.

Trump jurnalistlərə hadisənin "çox yaxşı nəzarət altında olduğunu" deyib.

ABŞ Prezidenti jurnalistlərlə danışarkən təhlükəsizlik işçilərindən biri səhnəyə çıxıb və Donald Trump-ın qulağına pıçıldayıb.

Cənab Trump-ın "O, nə baş verib?" dediyi eşidilib. Bundan sonra o, brifinq otağını tərk edib. Hadisə zamanı Ağ Ev mühasirəyə alınıb.

Təxminən doqquz dəqiqə sonra geri qayıtdıqda, cənab Trump jurnalistlərə ABŞ Gizli Xidmətinin "başa düşdüyü qədərilə" silahlıl bir şübhəlini vurduğunu söyləyib.

O deyib ki, hadisədən sonra bir nəfər xəstəxanaya aparılıb, amma onun vəziyyəti barədə məlumatlı deyil.