Donald Trump-ın qardaşı qızı memuar yazıb: "Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı?"

Tramplar ailəsinin ikinci nəsli (soldan sağa): Merienn, Donald, oğul Fred, Elizabet və Robert. Tarix məlum deyil

Şəklin mənbəyi, TRUMP CAMPAIGN

Şəklin alt yazısı, Tramplar ailəsinin ikinci nəsli (soldan sağa): Merienn, Donald, oğul Fred, Elizabet və Robert. (Tarix məlum deyil)

Deyilənə görə, ABŞ Prezidenti Donald Trump-ın qardaşı qızı onun haqqında ifşaedici memuar yazıb və onu dərc etməyə hazırlaşır. O kimdir və niyə məhz indi ortaya çıxdı?

Bazar ertəsi "Simon & Schuster" nəşriyyatı bəyan edib ki, "Too Much And Never Enough: How My Family Created the World's Most Dangerous Man" ("Həddindən artıq çox və heç vaxt bəs etməyən: Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı?") adlı bu kitab iyunun 28-də dərc ediləcək.

Bu isə o deməkdir ki, Respublikaçılar Partiyası Donald Trump-ın prezidentliyə namizədliyini təkrar irəli sürmək üçün qurultay keçirməzdən cəmi bir neçə həftə əvvəl kitab satışda olacaq.

Kitab nə haqdadır?

Meri Trump Prezidentin 1981-ci ildə - 42 yaşında vəfat etmiş böyük qardaşı Fred Trump-ın qızıdır.

O, kitabı "çoxsaylı bayram tədbirləri və ailə mərasimlərindəki müşahidələrinə əsasən" qələmə aldığını bildirir.

Bu bioqrafik əsərdə Trump-ların ailə sirlərinin nə dərəcədə əhatəli təsvir olunduğu məlum deyil - detallar gizli saxlanılır.

Ancaq nəşriyyat kitabın səmimi etiraflardan ibarət olduğunu və "dəhşətli ailə travmalarından, destruktiv münasibətlərdən, uşaqlara qarşı qəddar davranışla onlara qayğı göstərməməyin faciəli kombinasiyasından" bəhs etdiyini açıqlayıb.

Kitabda Prezidentin bacısı Merienn Trump Barrinin də "çox şəxsi ifşaedici fikirləri" yer alıb.

Kitabın üz qabığı

Şəklin mənbəyi, Simon & Schuster

Bundan başqa, kitabda Prezidentin "New York Times" qəzetində dərc olunmuş konfidensial maliyyə sənədlərinin bu nəşrə Meri Trump tərəfindən təqdim edilməsi haqda da yazılıb.

Qəzetin araşdırmasında qeyd olunub ki, Prezident vergidən yayınmaq üçün saxta sxemlərdən istifadə edib və atasının biznes imperiyasından 400 milyon dollardan çox vəsait əldə edib. Bu araşdırma 2018-ci ildə jurnalistika üzrə Pulitzer mükafatına layiq görülüb.

Kitabın "Amazon" saytındakı qısa annotasiyasında qeyd olunub ki, Meri Trump əmisinin "hazırda bütün dünyanın rifahını, cəmiyyətin iqtisadi təhlükəsizliyini və bütün sosial strukturunu təhdid edən" birinə çevrilmə tarixçəsini qələmə alıb.

Bundan başqa, Meri Trump əmisinin Alzeymer xəstəsi olan atasını necə ələ salmasından və lağa qoymasından da yazıb.

Merinin öz atası isə alkoqolizmdən əziyyət çəkib və spirtli içkilərdən hədsiz istifadə nəticəsində əmələ gəlmiş ürək tutmasından vəfat edib.

Amerikadakı narkotik asılılığına qarşı mübarizə təşəbbüsüylə çıxış etdiyi dönəmdə Donald Trump böyük qardaşının ziyanlı vərdişlərindən də danışmışdı.

2019-cu ildə "Washington Post" qəzetinə müsahibəsində o demişdi ki, uşaqlıqda pilot olmağı arzulayan Fredi ailə biznesinə qoşulmağa dəvət etməsinin peşimanlığını çəkir.

Balaca Donald (solda), Fred, Elizabet, Merienn və Robertlə

Şəklin mənbəyi, INSTAGRAM/DONALD TRUMP

Şəklin alt yazısı, Balaca Donald (solda), Fred, Elizabet, Merienn və Robertlə

Əmiylə qardaş qızı arasında ədavət necə yaranıb?

Əmisi Prezident olana qədər Meri Trump publik çıxışlar etməyib, ara-sıra onun haqqında tənqidi fikirlər söyləməklə kifayətlənib.

Onların arasında ədavət 20 il əvvəl - vərəsəlik məsələlərinə görə başlayıb. Onda Meri və qardaşı üçüncü Fred Tramp atasının bacısını və qardaşlarını babaları Fred Trump-dan qalmış mirasla bağlı məhkəməyə verib.

Şikayət ərizəsində qeyd olunub ki, Fred Trump-ın 1991-ci ildə yazdığı vəsiyyətnamə "aldatma yoluyla" tərtib edilib; Donal Trump, bacısı və qardaşları demensiya xəstəliyindən əziyyət çəkən atalarının vəziyyətindən sui-istifadə ediblər - onda "New York Daily News" qəzeti belə yazmışdı.

Həmin vaxt Nyu-York tabloidinə müsahibə verən Meri Trump demişdi ki, bibisi və əmiləri öz hərəkətlərindən utanmalıdırlar:

"Nəzərə alsaq ki, söhbət bizim ailəmizdən gedir, pulun ciddi məsələ olmadığını düşünmək sadəlöhvlük olardı".

Trump-ların ailə şirkətinin təqdim etdiyi tibbi sığortaların etibarsız olduğu bilindikdən sonra Meri Trump və qardaşı onlara qarşı daha bir iddia qaldırıblar.

Donald və atası Fred Trump. 1988-ci il

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Donald və atası Fred Trump. 1988-ci il

Meri Trump haqqında bilinənlər

Açıq mənbələrdəki informasiyaya görə, Meri Liya Trump 1965-ci ilin may ayında anadan olub, Nyu-Yorkda - Lonq-Aylenddə yaşayır.

"Forbes" jurnalı Merinin Massaçuestdəki Tafts Universitetində ingilis ədəbiyyatı üzrə bakalavr, Nyu-Yorkdakı Kolumbiya Universitetində isə eyni ixtisas üzrə magistr təhsili aldığını yazıb.

Bundan başqa, Meri Trump Adekfi Universitetində kliniki psixologiya üzrə namizədlik dissertasiyası müdafiə edib.

Merinin hazırda bağlı olan "Linkedln" profilində onun şəxsi inkişaf üzrə diplomlu mütəxəssis olması da qeyd edilmişdi.

2012-ci ildə Meri Trump Nyu-Yorkda həyat təlimçiliyi üzrə "Trump Coaching Group" şirkətini təsis edib.

"Özünüzü pis hiss edirsiniz? Depressiyadasınız? Həqiqi qabiliyyətinizi üzə çıxarmaq istəyirsiniz? Bizim həyat məşqçilərimiz sizə bu uçurumdan çıxmağa kömək edərlər," - şirkətin saytında yazılıb.

Meri Trump-ın 2016-cı ildə - əmisinin Prezident seçildiyi gün yazdığı twit-lərdən görünür ki, onda o özü də məhz belə vəziyyətdə olub.

"Həyatımın ən pis günlərindən biridir," - ogünki paylaşımlarından birində Meri yazmışdı.

Başqa bir paylaşımında isə, o, Donald Tump-a məğlub olmuş Hillari Klintonu "fövqəladə insan" adlandırmışdı.

"Twitter"də Meri Trump adlı profilin təsvirində "Qaradərililərin həyatı önəmlidir" hərəkatına dəstək ifadə edən "Black Lives Matter" hashtag-ı və rəngarəng bayraq şəkli var.