"Dünyanın ən xoşbəxt ölkəsinin" depressiyaya düşənlər problemi

Finlandiya

Şəklin mənbəyi, Maddy Savage

Finlandiya mütəmadi olaraq dünyanın ən xoşbəxt ölkəsi kimi qlobal reytinqlərdə birinci yerlərə çıxır, lakin burada depressiya ilə mübarizə aparan gənclər də var.

Finlandiyadakı bir qəhvəxana qarşısında özünü günəşə verən Tuukka Saarni, ardıcıl olaraq ikinci ildir ki, BMT-nin xoşbəxtlik reytinqində birinci yerə çıxan ölkəsinin reklam siması ola bilər.

"Özümü hazırda kifayət qədər xoşbəxt hiss edirəm", - 19 yaşlı gənc deyir. O, bu yaxınlarda orta məktəbi bitirib və bir neçə ay iş axtarıb, indi isə ərzaq dükanlarından birində işə başlamağa hazırlaşır.

Özünü xoşbəxt sayan bu gənc deyir ki, nə o özü, nə də ki, dostları heç zaman depressiya yaşamayıblar.

"Həyatımız həqiqətən yaxşıdır, - o deyir. - Yaxşı hava, yaxşı təhsil və səhiyyə sistemimiz var".

Finlandiyada təbiətin zənginliyi və işsizlik səviyyəsinin aşağı olmasıyla yanaşı, yerli mədəniyyət insanın dostları ilə birlikdə vaxt keçirmək ənənəsini də dəstəkləyir. "İş imkanı çoxdur... əgər kimsə iş axtarıb tapmağa çalışırsa, düşünürəm ki, məqsədinə çatar", - Tuukka deyir.

Məhz bu cür amillər - yüksək səviyyədə etimad və təhlükəsizlik hissi, bərabərsizliyin aşağı səviyyədə olması qlobal xoşbəxtlik reytinqlərindəki Finlandiyanın bəzən mübahisəli görünə bilən aparıcı yerləri tutmasını izah edir.

Cəmi 5,5 milyon əhalisi olan bu kiçik, şimal ölkəsi barədə tarixən mövcud olan bir stereotipə görə, yerli camaatın melanxolik mentaliteti buranın uzun qaranlıq qışı ilə əlaqələndirilib. Bura insanlarda sevinc hisslərinin aşıb-daşdığı yer deyil. Skandinaviya qonşuları kimi, Finlandiya da, ümumiyyətlə, dünya boyu insanın rifah yaşayışını təmin edən tələblərin əksər hissəsinə cavab verir.

Finlandiya

Şəklin mənbəyi, Maddy Savage

Şəklin alt yazısı, Yüksək rifah və bərabərsizlik dərəcəsinin aşağı olması Finlandiyada Tuukka kimi gənclərə özlərini xoşbəxt hiss etməyə imkan verir

"Daha mürəkkəb dünya"

Lakin bir çox mütəxəssis hesab edir ki, Finlandiyanın xoşbəxt bir ölkə kimi imicinə görə ruhi sağlamlıqla bağlı, xüsusilə də, gənclərin ruhi sağlamlığı ilə bağlı problemlər ört-basdır edilir. Bəziləri isə hesab edirlər ki, bu cür hal finlərə depressiya simptomlarını tanımağı, etiraf etməyi və müalicə olunmağı çətinləşdirə bilər.

Finlandiyada intihar hallarının statistikası 1990-cı illərlə müqayisədə əhalinin bütün qrupları üzrə təxminən yarıbayarı azalıb. Güman edildiyinə görə, buna ölkə miqyasında aparılmış intihar hallarına qarşı kampaniya və depressiyadan müalicənin yaxşılaşması təsir edib.

Lakin Finlandiyanın bu sahədə rəqəmləri ortalama Avropa göstəricilərindən xeyli yuxarıdır. Belə ki, 15-24 yaş arasında olanlarda ölüm hallarının üçdə biri intihar səbəbindəndir. 2018-ci ilin rəsmi hesabatlarına əsasən, 18-23 yaş arası fin qadınlarının təxminən 16% -i və gənc kişilərin 11% -i öz həyatını "çapalama" və ya "əzabçəkmə" kimi təsvir ediblər. Bundan daha az ürəkaçan statistikaya yalnız yaşı 80-dən yuxarı olanlar arasında rast gəlmək olar.

Finlandiyadakı depressiya ilə bağlı ümummilli miqyasda araşdırma sonuncu dəfə 2011-ci ildə keçirilib, lakin Mieli (Ruhi Sağlamlıq, Finlandiya) qeyri-kommersiya təşkilatının təxminlərinə görə, son il ərzində 30 yaşdan aşağı olanlarınn 20% -i depressiya simptomlarını yaşayıb.

"Bu tendensiyanın arta biləcəyi əlamətləri var, amma bəzi KİV-lərin iddia etdiyi qədər aşırı dərəcədə yox", - təşkilatın psixoloqu Juho Mertanen deyir.

Skandinaviya Rifah və Sosial Məsələlər Mərkəzi finlərin digər skandinaviya ölkələri sakinləriylə müqayisədə daha çox alkoqollu içki istehlak etdiklərini qeyd edərək, narkotik maddələrin qəbulu ilə sağlamlığın zəifləməsi arasında əlaqənin olmasını qeyd edir.

25-34 yaş qruplarında narkotikdən istifadəinin artımı müşahidə olunmuşdur. Ölkə üzrə işsizliyin səviyyəsi aşağı olsa da, gənclər arasında işsizlik xeyli yüksəkdir. 2018-ci ilin sonunda 15-19 yaşlarında olanların 12.5% ​​-i işsiz olub - bu, Skandinaviya ölkələri arasında ən yüksək göstərici olmaqla yanaşı, həm də Aİ üçün ortalama 11.5% -dən yüksəkdir.

Finlandiya

Şəklin mənbəyi, Maddy Savage

Şəklin alt yazısı, Dünya boyu xoşbəxtlik sorğularında Finlandiyanın yüksək yer tutmasına baxmayaraq, narkotik maddə asılılığı, yeniyetmələrdə depressiya və intihar statistikası Avropadakı orta göstəricilərdən daha yüksəkdir

Mertanen Finlyandakı iş bazarının gənclər arasında ruhi sağlamlıq probleminə təsir göstərdiyini etiraf edir, çünki onun təbirincə "bu gün çox sayda qeyri-müəyyənlik var". Finlandiya beynəlxalq standartlara görə, maliyyə baxımından sabit bir ölkə sayılsa da, bərabərsizlik burada da artır.

"Dünya getdikcə daha mürəkkəbləşir ... İqtisadiyyat dəyişir - stabil karyera etmək şansları azalır", - Mertanen deyir.

O hesab edir ki, sosial media da Finlandiyada və başqa yerlərdə gənclərin ruhi sağlamlığına təsir göstərə bilər.

Onun fikrincə, "depressiyaya düşmüş beyin müqayisə etməyə meyllidir", sosial media isə bunun üçün asan bir yol təmin edir və bəziləri "özlərinin ən pis anlarını başqasının həyatının ən yaxşı anları ilə müqayisə etməyə başlayır".

Mertanen deyir ki, Finlandiyanın xoşbəxt insanların yaşadığı bir yer kimi stereotip imici öz nümunələrində bunu hiss etməyən gənc finlərə mənfi təsirini, ola bilsin ki, hətta daha da gücləndirir.

"Hər şey yaxşı idi, amma ..."

"Yaşayış səviyyəsinin çox yüksək olduğu Finlandiya kimi bir ölkədə yaşadığınız zaman sanki, depressiyada olmaq hüququnuzdan məhrum edilmiş kimi özünüzü hiss edirsiniz", deyə ilk dəfə depressiya diaqnozunu yeniyetmə yaşlarında almış, hazırda isə 34 yaşı olan Kirsi-Marja Moberg deyir.

Finlandiya

Şəklin mənbəyi, Maddy Savage

Şəklin alt yazısı, Ekspertlərin fikrincə, Finlandiyanın dünyanın ən xoşbəxt ölkəsi olması stereotipi depressiya ilə mübarizə aparan yeniyetmələrə mənfi təsiri gücləndirə bilər

"Gənc olanda özünüzü sanki xoşbəxt və qarşınızda bütün imkanların açıldığı kimi hiss etməlisiniz. Və cəmiyyət də sizin üçün bu görüntünü yaradır".

"Finlandiyada ... sanki, hər şeyin yaxşı olacağını düşünməlisən, hətta bu belə olmasa da", - universitetdə oxuduğu müddətdə altı ay ərzində depressiya keçirmiş 27 yaşlı Jonne Juntura qeyd edir.

O qeyd edir ki, depressiya adətən, məsələn, münasibətlərin qırılması və ya iqtisadi tənəzzül kimi çətin şəxsi və ictimai hadisələrlə tez-tez əlaqələndirilsə də, insanların həyat səviyyəsindən asılı olmayaraq, onlara təsir edə biləcək hadisə xəstəlikdir.

"Statistikaya görə dünyanın ən xoşbəxt ölkəsi olsaq da, bu, bütün mənzərəni açmır. Çünki depressiya bir xəstəlikdir və heç də həmişə ətrafdakı vəziyyətlə əlaqəli olmur".

"Xəstələndiyim zaman həyatımda hər şey yaxşı idi. Məktəbimdən həzz alırdım, asudə vaxtımı təşkil etmişdim. Sevgi münasibətim var idi. Beləliklə, həyatımda dramatik bir şey yox idi. Ancaq xəstə idim", - o, izah edir.

Sosial stiqma?

Əksər psixi sağlamlıq mütəxəssisləri razılaşırlar ki, Finlandiyada depressiya və narahatlıq hissi ətrafında müşahidə edilən müzakirə qadağası tilsimi sanki qırılmağa başlayır, insanlar bu problem barədə danımağa başlayır, daha çox insan müalicə yolları axtarır, xüsusilə intihar əleyhinə ümummilli kampaniya keçiriləndən sonra.

Lakin Kirsi-Marja Moberg kimi depressiya keçirən bir çox gənc fin hesab edir ki, "depressiyalı şəxs" sayılan hər kəs camaat arasında özünü damğalanmış kimi hiss edir.

"Bu, ətrafınızda kimlərin olmasından, sosial əhatənizdən asılı olan məsələdir... tabu yəqinliklə hələ də mövcuddur", - o deyir.

Finlandiya

Şəklin mənbəyi, Maddy Savage

Şəklin alt yazısı, Psixi sağlamlıq stereotiplərinin qırılmasına baxmayaraq, Kirsi-Maria və Jonne kimi gənclər depressiya mövzusu ətrafındakı tabuların mövcudluğunu hələ də hiss edirlər

Məxfiliyə qiymət verildiyi mədəniyyətdə duyğuların açıq nümayişi nadir haldır və hətta kiçik bir söhbət də minümuma endirilir, odur ki, belə mühitdə depressiyanı etiraf edib müzakirə etmək bəzi finlər üçün bir problem olaraq qala bilər.

"Bu, stereotip deyil", - finlərin məhdud ünsiyyətə meylli kimi ad çıxarmalarından danışan Jonne Juntura deyir.

Depressiyalı xəstələri indi özü müalicə edən Jonne Juntura qeyd edir ki, Finlandiyada gənc kişilər üçün bu problemi dilə gətirmək xüsusilə çətin ola bilər.

"Psixi sağlamlıq problemləri hələ də zəiflik əlaməti kimi qəbul olunur və kişiliyə önəm verilən mədəniyyətdə bəzi insanlar üçün bu cür problemi etiraf etmək çətin bir iş kimi görünür."

Müalicə alınması

Depressiya ilə bağlı müalicəyə gəldikdə, psixi sağlamlıq xidmətinə bələdiyyə orqanları cavabdehdir və bu xidmət vergilər hesabına maliyyələşir.

Bu o deməkdir ki, güclü rifah sisteminə malik olan digər Skandinaviya ölkələrində olduğu kimi, Finlandiyada da psixi sağlamlıq problemləri olanlar müalicə almaq üçün maddi cəhətdən əziyyət çəkməməlidirlər.

Bununla belə, son illərdə böyük şəhərlərdə uzun gözləmə siyahıları, daha ucqar ərazilərdəki xəstələrə yetişmək problemi və yeniyetmələrə yardımın göstərilməsi kimi məsələlər ətrafında siyasi debatlar davam edir.

Finlandiyaq

Şəklin mənbəyi, Maddy Savage

Şəklin alt yazısı, Xüsusilə kənd yerlərində psixi sağlamlıq problemiylə üzləşənlərin müalicə almaq imkanı Finlandiyada həftələr və hətta aylarla həkim qəbuluna düşmək şansını gözləyən xəstələr üçün ciddi bir məsələyə çevrilir

Helsinkidə, orta məktəbdə yeniyetmələrlə işləyən Emmi Kuosmanen deyir: "Tez bir zamanda kömək etmək həqiqətən çətindir. Ehtiyac artır, Səhiyyə xidməti isə hər yerə özünü çatdıra bilmir."

Psixi Sağlamlıq Finlandiya təşkilatının psixoloqu Juho Mertanen qeyd edir ki, depressiya simptomları yaşayan gənclərə mümkün qədər tez yardım göstərilməsi vacibdir.

"Psixi sağlamlıq problemiylə bağlı erkən kömək almayanların vəziyyəti getdikcə daha çox pisləşir", - o deyir.

Helsinki Universitetinin Mərkəzi Xəstəxanasından professor Grigori Joffe və doktor Matti Holi tərəfindən qurulmuş Psixi Sağlamlıq Qovşağı adlı onlayn platforma son illərdə artan populyarlıq qazanıb. Psixi Sağlamlıq Finlandiya tərəfindən idarə olunan ölkəmiqyaslı böhran qaynar xətti də mövcuddur.

Bu arada, ruhi sağlamlıq problemi üçün kömək istəyən hər bir insana bir ay ərzində qısa bir psixoterapevtik müdaxilənin təmin olunmasına çağıran ümumxalq petisiya altında 50000-dən çox imza toplanıb və bu, məsələnin parlament müzakirəsinə çıxarılması üçün minimum imza sayı həddindən daha çoxdur. Finlandiyanın Ailə İşləri və Sosial Xidmətlər naziri Krista Kiuru bu təşəbbüsü dəstəkləyir və məsələ ilin sonuna yaxın siyasətçilər tərəfindən müzakirə ediləcək.

Finlandiya

Şəklin mənbəyi, Maddy Savage

Şəklin alt yazısı, Finlandiyada son zamanlarda Psixi Sağlamlıq Qovşağı adlı onlayn platforma böyük populyarlıq qazanıb

Qlobal məlumatlılıq

Həkim Jonne Juntura Finlandiyada gənclər arasında depressiyanın öhdəsindən gəlmək üçün mövcud problemlərə baxmayaraq, xidmətlərin işinin yaxşılaşacağına inandığını deyir.

O ümid edir ki, erkən müdaxiləyə daha çox sərmayə qoymaqla yanaşı, depressiya ilə bağlı qlobal maariflənmənin genişlənməsi nəticəsində bu problemin müzakirəsi ümummilli miqyas alacaq. Juntura-ya görə, bu yaxınlarda BMT tərəfindən psixi sağlamlığın davamlı inkişaf hədəfi siyahısına daxil edilməsi, son illərdə bu məsələyə yanaşmada ciddi dəyişikliyin baş verməsindən xəbər verir.

"İnsanlar yavaş-yavaş psixi sağlamlığın nə qədər ciddi problem olduğunu başa düşürlər, - o deyir. - Görüləsi hələ çox iş var ... Ancaq özümü həqiqətən nikbin hiss edirəm."