İlham Əliyev Ceyhun Bayramova tapşırıqlar verib, Twitter-də məşhurların hesablarına hücum olub, Qrip peyvəndinə çağırış - icmal
İlham Əliyev Ceyhun Bayramova tapşırıqlar verib, Twitter-də məşhurların hesablarına hücum olub, Qrip peyvəndinə çağırış, Qul taciri heykəlinin yerinə etirazçı heykəli, İranda sosial media kampaniyası edam qərarını dəyişdirə bilər - bu və başqa xəbərlər BBC News Azərbaycancanın icmalında.

Şəklin mənbəyi, President.az
"Bu sahə sizin üçün yeni olsa da, idarəetmə təcrübəniz kifayət qədər böyükdür", Azərbaycan Prezidenti İlham Əliyev bu gün təyin etdiyi xarici işlər naziri Ceyhun Bayramovla video-göruşündə deyib.
Cənab Əliyev yeni nazirdən ilk növbədə, "nazirlik sistemində vəziyyətin sağlamlaşdırılmasını" istəyib.
"Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir. Nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir."
O, bu məqsədlə Ceyhun Bayramovdan təkliflər istəyib.
Prezident Əliyev səfirliklərin fəaliyyətinə toxunaraq, "bəzi hallarda orada çalışanların öz işinə laqeyd yanaşdıqlarını, passiv olduqlarını, ölkənin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmədiklərini" qeyd edib.
"Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da ki, bunu etmək istəmirlər."
O, xarici media ilə "sıx təmasda olmağı" məsləhət görüb.
"Ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələr əgər mən müdaxilə etməsəm təkzib olunmur. Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar."
Onun sözlərinə görə, Azərbaycanın xaricdəki "bəzi diplomatları dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər."
Lakin prezident Əliyev ad çəkməyib.
"Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın."
Qonşu ölkələr, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr, Türkdilli dövlətlər, Avropa İttifaqı, ABŞ-la münasibətlərdən danışan prezident Əliyev, Britaniya ilə əlaqələrə toxunub.
"Bizim strateji investorumuz Böyük Britaniyadır. Böyük Britaniya ilə də bizim çox sıx tərəfdaşlıq münasibətlərimiz var. Əvvəlki dövrdə biz bu münasibətləri, eyni zamanda, Avropa İttifaqı prizmasından təhlil edirdik, dəyərləndirirdik. Amma artıq Böyük Britaniya Avropa İttifaqının üzvü deyil və həm bizim, həm də onların qarşılıqlı marağı gündən-günə artır."
Onun sözlərinə görə, Ceyhun Bayramovun fəaliyyətinizin əsas hissəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətləndirilməlidir.
"O ki qaldı, danışıqlara, mən bir daha demək istəyirəm ki, biz imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası olmalıdır."
Twitter-də məşhurların hesablarına hücum olub

Şəklin mənbəyi, AFP/REUTERS
ABŞ-da tanınmış şəxsiyyətlərin Twitter-lərinə kütləvi kibermüdaxilənin ardınca, haker həmləsinə məruz qalmış hesablarda bitkoin qazanmağı təklif edən mesajlar yerləşdirilib.
"Aşağıdakı ünvana göndərilən bütün bitkoinlar ikiqat ölçüdə geri qaytarılacaq. 1000 dollar göndərsəniz, 2000 dollar qaytaracağam. Bunu yalnız 30 dəqiqə ərzində edirəm," - məşhur biznesmen Elon Musk-ın Twitter-indəki mesajında deyilib.
Bu xəbər bir neçə dəqiqədən sonra silinib.
Bənzər mesajlar Microsoft-un qurucusu Bill Gates, Amazon şirkətinin rəhbəri Jeff Bezos, repçi Kanye West, sabiq ABŞ prezidenti Barack Obama, ABŞ prezidentliyinə namizəd Joe Biden, İsrailin Baş naziri Benyamin Netanyahu kimi məşhurların hesablarında da peyda olub.
Hakerlərin hesablara necə yol tapması barədə dəqiq məlumat verilmir. Twitter-də insidentin araşdırıldığını bildirirlər.
Avropa Komissiyası qrip peyvəndinə çağırır
Avropa Komissiyası bu il qrip peyvəndinin payızdan əvvəl vurulmalı olduğunu açıqlayıb.
Komissiya Avropa Birliyi ölkələrinə müraciətində bildirib ki, koronavirus epidemiyası ilə qrip epidemiyasının toqquşma riskini azaltmaq üçün geniş peyvənd kampaniyasına başlanılmalıdır.
Qrip peyvəndi kampaniyaları normal vaxtlarda payızda başlayırdı. Lakin Komissiya bu il kampaniyanın yay aylarında başlanılmasını tövsiyə edir.
Qul taciri heykəlinin yerinə etirazçı heykəli

Şəklin mənbəyi, Getty Images
İngiltərənin Bristol şəhərinin bələdiyyə sədri irqçiliyə qarşı keçirilən etirazlarda devrilərək dənizə atılan qul taciri Edward Colston-un heykəlinin yerinə qoyulan qaradərili etirazçının heykəlinin götürüləcəyini açıqlayıb.
Çərşənbə günü keçən ay devrilən Colston heykəlinin boş qalan yerinə "Qaradərililərin həyatı dəyərlidir" hərəkatından Jen Reid adlı etirazçının heykəli yerləşdirilib.
Reid etirazlar vaxtı Colston-un heykəli devrildikdən sonra boş duran heykəl altlığının üzərində yumruğunu havaya qaldırmışdı.
Heykəltəraş Marc Quinn heykəlin müvəqqəti installyasiya olduğunu, onun hazırlanmasında Reid-in şəklindən ilham aldığını bildirib.
Bələdiyyə sədri Marvin Rees Colston heykəlinin yerinə nəyin qoyulacağına Bristol xalqının qərar verəcəyini söyləyib.

İranda sosial media kampaniyası edam qərarını dəyişdirə bilər
İranda hakimlər noyabr ayında hökumətə qarşı keçirilən kütləvi etirazlarla əlaqəli olma ittihamı ilə həbs edilən və ölüm hökmü verilən üç gəncin edamının dayandırıla biləcəyinə işarə edib.
BBC Farsca xidmətindən Jiyar Gol-un xəbərinə görə, çərşənbə axşamı məhkəmənin edam qərarını təsdiq etməsi barədə açıqlamadan sonra, İranda sosial media kampaniyası başlanılmış və #idam_etme etiketi beş milyon dəfə istifadə olunmuşdu. Bir çox məşhur şəxs də bu kampaniyaya dəstək verib.
Çərşənbə günü hakimlər açıqlayıb ki, üç edam məhkumunun cəzalarının yenidən dəyərləndirilməsi yönündə gələcək tələbləri dəyərləndirəcəklər.
Məhkumlar Amirhossein Moradi, Mohammad Rajabi və Saeed Tamjidi onlara yönəlmiş ittihamları rədd edib.








