ABŞ Suriyaya yeni mümkün zərbələr barədə xəbərdarlıq edib

Şəklin mənbəyi, CBS News
Prezident Donald Trump Suriya hökumətinə xəbərdarlıq edib ki, kimyəvi hücumlar davam edəcəyi halda ABŞ növbəti dəfə zərbə endirməyə hazırdır.
Şənbə günü ABŞ, Britaniya və Fransa tərəfindən Duma şəhərində, güman edildiyi kimi, kimyəvi hücumun həyata keçirilməsinə cavab tədbiri olaraq Suriyanın 3 obyektinə zərbə endirilib.
Suriya hər hansı bir kimyəvi maddədən istifadəni inkar edir və hücumun üsyançılar tərəfindən səhnələşdirildiyini söyləyir.
Suriya müttəfiqi Rusiyanın hazırladığı və ABŞ-ın rəhbərliyi altında keçirilmiş hava zərbələrini pisləyən bəyanat BMT Təhlükəsizlik Şurasında (TŞ) səsvermə nəticəsində rədd edilib.
Rusiyanın hazırladığı bəyanat rədd edildikdən sonra ABŞ, Britaniya və Fransa tərəfindən BMT Təhlükəsizlik Şurasının üzvləri arasında Suriyanın kimyəvi silahdan istifadə etməsi iddiası ilə bağlı müstəqil araşdırma aparılamsına çağırış edən yeni bir qərar layihəsi paylanıb.
Həmin dövlətlər tərəfindən bundan əvvəl təklif edilən bənzər məzmunlu plana qarşı Rusiya veto tətbiq etmişdi.
Britaniyanın Baş naziri Theresa May Rusiyanın törətdiyi obstruksiyaya görə hərbi zərbə keçirməkdən başqa "digər bir mümkün alternativin qalmadığını" bildirib.
Müstəqil qurum olan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (OPCW) müfəttişləri artıq Dəməşqə göndərilib və bu həftəsonu onların Duma şəhərinə baş çəkəcəyi gözlənilir.
Qərb dövlətləri tərəfindən hazırlanmış yeni qətnamə layihəsində OPCW hesabatını 30 gün ərzində dərc etməyə çağırılıb.
Suriyanın Xarici İşlər nazirinin müavini Ayman Susən BBC-yə verdiyi açıqlamada Suriya hökumətinin OPCW heyətinin səfərini razılıqla qarşıladığını bildirib.
O qeyd edib ki, missiyanın işi Suriya hökümətinin maraqlarına cavab verir.
Şənbə günü BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Rusiya səfiri Vasiliy Nebenzya, prezident Putinin sözlərinini sitat gətirərək, ABŞ, Britaniya və Fransanı OPCW tərəfindən keçiriləcək araşdırmanın nəticələrini gözləmədən hərəkət etdiklərinə görə "abırsız həqarət" nümayiş etdirməkdə ittiham edib.
ABŞ səfiri Nikki Haley keçirilmiş hava zərbələrini "ədalətli, qanuni və proporsional" adlandırıb.
"Mən prezident [Trumpla] bu səhər danışanda o dedi ki, Suriya rəjimi zəhərli qazdan bir də istifadə etsə ABŞ növbəti zərbə vurmağa hazırıdr", - Nikki Haley BMT TŞ-da bildirib.
"Biz Rusiyaya beynəlxalq normaları pozmağa və kimyəvi silahdan istifadəyə imkan verə bilmərik", - o əlavə edib.
Suriya səfiri Bəşər Cəfəri ABŞ, Britaniya və Fransanın "BMT-dən istifadə edərək müstəmləkəçilik və müdaxilə siyasətini" yürüdən "yalançı, riyakar və təxribatçı" ölkələr olduqlarını bəyan edib.






