İngiltərədə huşunu itirmiş halda tapılan rusiyalı casusun yanındakı qadın onun qızı imiş

Police in restaurant closed as part of their investigation

Şəklin mənbəyi, PA

Rusiyanın Britaniyaya casusluqda ittiham etdiyi və İngiltərədə mühacir kimi yaşayan rusiyalı casusla birlikdə skamyanın üstündə huşunu itirmiş halda tapılan qadın onun 33 yaşlı qızı imiş.

2010-cu ildə Böyük Britaniyada sığınacaq alan 66 yaşlı Sergei Skripal və bir qadın Salisbury şəhərindəki alış-veiş mərkəzinin önündəki skamyada ağır vəziyyətdə tapıldıqdan sonra xəstəxanaya qaldırılıb. Sonradan, qadının onun qızı - Yulia Skripal olduğu məlum olub.

Rusiya İngiltərə üçün casusluq keçmiş məhkum agentin halının pisləşməsinə nəyin səbəb ola biləcəyi haqqında "heç bir məlumatının" olmadığını bildirib.

Rəsmi Kreml polis istintaqı ilə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.

Bazar günü onlar Maltings ticarət mərkəzindəki skamyada huşsuz vəziyyətdə tapılıblar.

Onların bədənlərində xarici görünüşcə hər hansı zədə və ya xəsarət yoxdur.

Polis onların başına nə gəldiyini, bunun sui-qəsd olub-olmadığını aydınlaşdırmağa çalışır.

Police outside a house in Salisbury that is believed to be the home of Sergei Skripal

Şəklin mənbəyi, PA

Polis İngiltərənin cənub-qərbində yerləşən Wiltshire vilayətinin Salisbury şəhərində Zizzy restoranını "ehtiyat tədbiri" olaraq bağlayıb.

Rusiya hərbi kəşfiyyat orqanlarında çalışmış Sergei Skripal 2006-cı ildə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, Rusiyanın gizli agentlərinin kimliyi barədə məlumatları Britaniyanın Gizli Kəşfiyyat Xidmətinə (Mİ6) ötürməkdə ittiham olunub.

Sergei Skripal 10 ABŞ casusu ilə dəyişdirilmə prosesində azadlığa buraxılan 4 məhbusdan biri olub.

Bundan sonra Sergei Skripal Britaniyaya gətirilmişdi.

Hazırda həkimlər onun və onunla birgə olan qızının həyatı uğrunda mübarizə aparırlar.

Decontamination work at Salisbury Hospital

Şəhərin bəzi yerləri polis mühasirəsinə alınıb, şübhəli yerlərdə dekontaminasiya (zərərsizləşdirilmə) işləri aparılıb.

Polis tövsiyyə edib ki, özlərini halsız hiss edən şəhər sakinləri dərhal təcili yardıma zəng eləsinlər.

Şahidlər nə görüb?

Hadisənin şahidləri BBC-yə bildiriblər ki, onlar skamyada özlərini pis hiss edən yaşlı kişi və qadını müşahidə ediblər: "Onlar özlərində deyildilər".

Freya Church adlı qadın deyib ki, "onlar qəribə hərəkət edirdilər, sanki göydə idilər".

Şahidin sözlərinə görə, onlar sanki ya "sərxoş idilər, ya da narkotika qəbul etmişdilər".

Decontamination work in Salisbury

Bundan bir neçə il əvvəl Britaniyaya sığınmış və Rusiyanın casusluqda ittiham etdiyi Alexsander Litvinenko naməlum maddədən zəhərlənmişdi.

Rusiyalı dissident və keçmiş kəşfiyyatçı radioaktiv maddə tökülmüş çaydan içdikdən sonra halı kəskin pisləşmiş və sonra xəstəxanada vəfat etmişdi.

Ona qarşı sui-qəsdə tənqidçilər Rusiya prezidenti Vladimir Putini ittiham edirlər.

Sergei Skripal ilə bağlı yaşananlara münasibət bildirən Rusiyanın Britaniyadakı səfirliyinin sözçüsü deyib ki, nə Sergei Skripal-ın yaxınları, nə də Britaniya hökümətindən bu hadisə ilə bağlı heç kim səfirliyə müraciət etməyib.

Mərhum Alexsander Litvinenko-nun xanımı Marina Litvinenko BBC Radio 4-ə deyib ki, hadisə Britaniyada sığınacaq tapmış şəxslərin təhlükəsizliyinin qorunmasına ciddi ehtyacın olduğunu göstərir.

_________________________________________________________

Təhlil

BBC-nin təhlükəsizlik üzrə müxbiri Gordon Corera

2006-cı ildə Litvinenko hadisəsilə paralellik diqqəti çəkir. O da keçmiş Rusiya kəşfiyyatçısı idi və Britaniyaya gəlmişdi. O da naməlum səbəblərlə xəstəxanaya düşmüşdü.

O hadisədə olayın zəhərlənmədən qaynaqlandığını ortaya çıxarmaq həftələr aldı və ictimaiyyətin burada Rusiya dövlətinin barmağı olduğuna diqqət yetirməsi on il çəkdi.

Rəsmilər nə və niyə baş verdiyini söyləmək üçün erkən olduğunu deyirlər.

Hətta polis də deyə bilmir ki, bu, cinayət hadisəsidirmi?

Amma bənzərliklər möhkəmlənərsə və Moskva yenə də bu işdə ortaya çıxarsa, onda hansı tədblərin görülməsi və keçmişdə baş verənlərin təkrarlanmaması üçün kifayət qədər addımların atılıb-atılmaması barədə suallar çıxacaq.

_____________________________________________________________

Digər şübhəli ölümlər

Litvinenkonun ölümü yeganə bənzər hadisə deyil:

Mart 2012: Rus bankir Qerman Qarbuntsov silahlı hücum nəticəsində ağır şəkildə yaralanmasına baxmayaraq sağ qalıb. Hücumdan əvvəl cənab Qarbuntsov başqa bir rusiyalı milyarder Aleksandr Antonova qarşı qətl cəhdində öz keçmiş iş əməkdaşlarının əli olmasına dair dəlillər təqdim edib.

10 noyabr 2012: 44 yaşlı Aleksandr Perepliçnıy Britaniyada Putinə yaxın dairələrdəki şəxslərin necə zəngin olduqları barədə bəyanat vermədən əvvəl, səhər vaxtı qaçarkən infarkt keçirərək vəfat edib.

Onun cəsədi üzrə tibbi ekspertiza nəticəsində müəyyən olub ki, onun qəbul etdiyi bitki mənşəli maddə infarkt keçirməsinə səbəb olub.

23 mart 2013: Bir ara Aleksandr Litvinenkonu öz təhlükəsizliyi üçün işə götürən Rusiyalı milyarder Boris Berezovski əvvəllər Vladimir Putini dəstəkləyib, lakin daha sonra hazırkı Rusiya prezidentilə fikir ayırlığına görə sahib olduğu media bizneslərini sataraq, Britaniyaya köçüb.

Lakin bir müddət sonra, onun boyunu ətrafında ip izi qalmış cəsədi Londondaki evinin hamam otağında mühafizəçisi tərəfindən aşkar olunub.

Cənab Berezovskini vaxtilə təmsil edən bir vəkili onun sui-qəsd nəticəsində öldüyünü ehtimal edib. Rusiyali milyarder Roman Abaramoviçlə mübahisəli məhkəməni uduzduqdan sonra borca düşən cənab Berezovskinin depressiyada olduğu və borclarına görə şəxsli əşyalarının satmağa məcbur qaldığı deyilir.

Onun ölümünün "izahsız" olduğunu deyən Britaniya polisi instintaq nəticəsində heç bir şübhəli dəlil aşkar etməyib. Lakin məhkəmənin hesabatı onun ölümünün qətl nəticəsində baş verməsini tamamilə istisna etməyib.

8 dekabr 2014: Boriz Berezovski də daxil olmaqla bir çox Rusiyalı milyarderlərlə əlaqəsi olan britaniyalı Scot Young-ın cəsədi, evinin önündəki hasarın dəmir barmaqlarının üstündə tapılıb.

Onun sevgilisi, ölümündən əvvəl cənab Young-ın ona zəng edərək özünü pəncərədən ataraq öldürmək fikrində olduğunu deyib. Lakin onun ölümünü araşdıran istintaq ölümün sui-qəsd olmasına dai kifayət qədər dəlilin olmadığı qənaətinə qəlib.