Rusiya: ABŞ və Britaniya ritorikası "qəbuledilməzdir"

Şəklin mənbəyi, Reuters
"Barbarlıqda" ittiham olunan Rusiya ABŞ və Böyük Britaniyanın BMT-dəki çıxışını "qəbul edilməz" adlandırıb.
Bazar günü ABŞ-ın daimi nümayəndəsi Samantha Power bildirib ki, Rusiya və Suriya Hələb şəhərində qiyamçıların tutduğu əraziləri "xaraba qoyurlar".
Kremlin sözçüsü Dmitry Peskov xəbərdarlıq edib ki, belə danışıq 5 illik müharibəyə son qoymaq cəhdlərinə zərər verə bilər.
Fəallar isə Hələbdə onlarla hava hücumunun olduğunu bildirirlər.
Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidəsi qrupu deyir ki, gecə zamanı azı 2 nəfər öldürülüb və çoxlu yaralılar var.

Şəklin mənbəyi, Reuters
Təxminən bir həftədir ki, Hələbdə Rusiya ilə ABŞ arasında atəşkəsin pozulmasından sonra azı 162 nəfərin həlak olduğu deyilir.
Qiyamçıları dəstəkləyən ABŞ, Britaniya və Fransa Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən Rusiyanı BMT-nin təcili çağrılmış Təhlükəsizlik Şurasında açıq tənqid edib.

