Qorbaçov-Fond-un “xarici agent” tanınmasına dair çağırış

Şəklin mənbəyi, AP

Rusiya İctimai Palatasının üzvü Qorbaçov-Fond təşkilatının “xarici agentlər haqqında” qanuna əməl edib-etməməsini yoxlamağa səsləyib.

Ədliyyə nazirliyinə müraciətində Georgi Fedorov sabiq prezidentin rəhbərlik etdiyi təşkilatın “1985-2015: Müasir Rusiya kontekstində yenidənqurmanın dəyərləri” adlanan son hesabatını xatırladıb.

Rusiya İctimai Palatasının üzvü bir neçə gün əvvəl dərc edilmiş sənəddə yenidənqurmaya və nəticə etibarilə siyasi-dövlətçilik islahatlarına çağırışın əks olunduğunu hesab edir.

Sorğu müəllifinə əsasən, Qorbaçov-Fond-un qərargahı San-Fransisko şəhərində mənzillənir və demək ki, "xaricdən maliyyələşdirilir".

Fedorov buna əsasən bildirir ki, Fond “xarici agent”lərə aid edilməlidir.

Qorbaçov-Fond heç bir zaman San-Fransiskoda qərargaha malik olmadığını bildirib. Təşkilat xaricdən maliyyələşdirilmədiyini və qanunvericiliyə əməl etdiyini qeyd edir.

Qorbaçov-Fond və sabiq maliyyə naziri Aleksey Kudrinin “Vətəndaş Təşəbbüsləri Komitəsi” tərəfindən hazırlanmış müştərək hesabatda deyilir ki, Rusiya və dünyada “yeni təfəkkür” çatışmazlığı hiss olunur.