Qorbaçov: "Putin öz xalqından qorxmamalıdır"

Keçmiş Sovet lideri Mixail Qorbaçov son zamanlar Rusiyada qəbul edilən qanunları "vətəndaşların hüquqlarına hücum" adlandırıb.
BBC-ə müsahibəsində o, Prezident Vladimir Putini "öz xalqından qorxmamağa" çağırıb.
Cənab Qorbaçov həmçinin cənab Putinə yaxın dairələrin "oğrular və korrupsioner rəsmilər"lə dolu olduğunu deyib.
Qəbul olunan qanunlara - icazəsiz mitinqləri təşkil edənlərə qarşı cərimələr, böhtana qarşı daha sərt cəzalar, xəyanətin daha geniş tərifi və veb saytlara məhdudiyyətlər daxildir.
82 yaşlı, səhhəti pisləşən cənab Qorbaçov ölkədə baş verənlər haqqında açıq danışmağa əzmlidir.
O deyib ki, cənab Putinin prezidentliyə qayıtmasından sonra qəbul olunan mübahisəli qanunların sayı onu "təəccübləndirib".
"(Vladimir Putin) Rusiyanı hazırkı çətin vəziyyətdən çıxarmaq üzərində çalışmalıdır."
Stalin müqayisəsi
Cənab Qorbaçov deyib ki, cənab Putinin birinci prezidentlik müddəti ərzində onu dəstəkləyib, lakin o vaxtdan münasibətlər "pozulub".
Artıq bir ildən çoxdur ki, iki kişi arasında birbaşa görüş olmayıb və onlar nadir hallarda danışırlar.
"Mən onu çox açıq tənqid etmişəm. Hərdən o, özündən çıxır. Bir dəfə demişdi ki, 'Qorbaçovun dilini kəsmək lazımdı'.
"Mən belə hiss edirəm ki, o, çox gərgin və həyacanlıdır. Hər şey yaxşı getmir. Məncə o, stilini dəyişib rejimə dəyişikliklər etməlidir."
Lakin cənab Qorbaçovun da ünvanına tənqidlər az deyil.
Bir çox rusiyalı onu super dövlət olan Sovet rejiminin dağılmasında suçlayır.
SSRİ-nin dağılmasından 20 il keçsə də, cənab Qorbaçov günahı öz üzərinə götürməkdən imtina edir.
"Tez-tez məni Mərkəzi və Şərqi Avropanı əldən buraxmaqda suçlayırlar. Amma mən onu kimə verdim? Polşanı, məsələn, polyaklara qaytardım. Başqa kimə məxsusdur ki?"
Ötən il keçirilən sorğu bu sualı verib: Rusiya kimin hakimiyyəti altında ən çox inkişaf edib?
Vladimir Putin birinci yer, Mixail Qorbaçov isə axırıncı yer alıb - İosif Stalindən bir yer aşağı.
Lakin cənab Qorbaçov düşünür ki, münasibətlər dəyişir.
"Birincisi, mənim yeni kitabım satılıb qurtarıb. Sonra, çoxlu adamdan məktub alıram. Yazırlar ki, 'Bizim üçün o qədər şərait yaradan, təzyiqlərin sayına baxmayaraq sınmayan Qorbaçov olan yerdə, niyə qəhrəman axtarırıq?'
"Hiss edirəm ki, bu günün mədəni və savadlı gənc nəsili vəziyyəti dəyişir", Qorbaçov deyib.




