İD "Bağdadinin yeni səsyazısını" yayıb

Abu Bakr al-Baghdadi. speaking in Mosul, 5 July 2014

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Rusiya və İran rəsmiləri Bağdadinin öldüyünü deyir, ABŞ isə belə düşünmür.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma liderləri Əbu Bəkr əl-Bağdadiyə aid olduğunu iddia etdikləri səs qeydlərini yayıblar.

İD lideri kimi danışan bir natiq Şimali Koreyanın Yaponiya və ABŞ-a qarşı son təhdidlərinə toxunub.

46 dəqiqəlik çıxışda o, həmçinin iyulda İraq qüvvələri tərəfindən geri alınan Mosuldakı döyüşlərdən danışıb.

Başına 25 milyon dollar məbləğində bəxşiş qoyulan Bağdadi, 2014-cü ilin iyul ayından etibarən ictimaiyyətdə görünməyib, bu isə onun taleyi haqqında bir çox fərziyyələrə səbəb olub.

O, son dəfə Mosuldakı "Əl-Nuri" məscidində "xilafət"in elan olunduğu zaman görünüb.

İD-ə qarşı mübarizə aparan qrupun ABŞ-lı nümayəndəsi Ryan Dillon-un sözlərinə görə, "ölümü sübut edilmədiyindən biz onun sağ olduğunu düşünməyə davam edirik".

"Biz Əbu Bəkr Əl-Bağdadiyə məxsus olduğu iddia edilən səsli lentdən xəbərdarıq və bunu araşdırmaq üçün addımlar atırıq. Onun etibarlılığına şübhə etmək üçün heç bir səbəbimiz olmadığından hazırda təsdiqimiz yoxdur", müdafiə şöbəsinin sözçüsü BBC-ə deyib.

Sivil və məhbuslara qarşı dəhşətli şiddətə görə tanınan İD bu il İraq və Suriyada geri çəkilməyə məcbur edilib.

Bağdadinin İraq-Suriya sərhədində İD tərəfindən nəzarət edilən ərazilərdə gizləndiyi güman edilir.