Əbu Bəkr əl-Bağdadi: İslam Dövlətinin hərəkətverici qüvvəsi

Bağdadı

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Əl-Bağdadi ilk dəfə camaat qarşısına Mosulda cümə namazı vaxtı çıxıb.

Tərəfdarları tərəfindən xəlifə İbrahim kimi tanınan Əbu Bəkr əl-Bağdadi İyulun 5-də İraqın Mosul şəhərində keçirilən cümə namazında ilk dəfə olaraq kölgə pərdəsindən çıxaraq simasını göstərdi.

Bundan qabaq şəkilləri mediaya sızsa da, onun özü 4 il əvvəl İraqın İslam Dövləti (İŞİD təşkilatının xələfi, sonralar İslam Dövləti təşkilatı) cihadçı təşkilatı kimi tanınan hərəkatın liderinə çevriləndən bəri özünü açıq göstərməmişdi.

Həmçinin 2013-cü ilin dən əvvəl də Bağdadi çox az audio mesaj yaymışdı.

Onun ilk yazılı bəyanatı 2011-ci ildə Osama bin Ladenə həsr olunmuş mərsiyəsi idi.

Onun ilk audio mesajı 2012-ci ilin iyulunda yayınlanmışdı və o bu çıxışında İslam Dövləti üçün böyük qələbələr vəd edirdi.

15 ay bundan əvvəl qrupun qiyamı başlanandan bəri Bağdadinin də media fəaliyyəti artıb. Onun keçmişi barədə spesifik informasiyanın həcmi də genişlənib.

'Peyğəmbərin törəməsi'

Bagdadi

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Mosulda görünənədək Bağdadinin yalnız iki fotosu məlum olub.

2013-cü ilin iyulunda Bəhreyn ideoloqu Turki əl-Binali Əbu Hümam Bəkr bin Əbd əl-Əziz əl-Əthari təxəllüsü ilə Bağdadinin tərcümeyi-halını yazıb.

Bu bioqrafiyada Bağdadi ailəsinin Məhəmməd peyğəmbərin törəməsi olduğu barədə iddialar vurğulanır ki, bu da İslam tarixində xəlifə (bütün müsəlmanların lideri) olmaq üçün əsas şərt hesab olunur.

Tərcümeyi-halda vurğulanır ki, Bağdadi əvvəllər Bağdadın şimalinda yerləşən Samarra və Diyalada məskun olan və tarixən Məhəmmədin törəmələri kimi tanınan əl-Bu Bədri tayfasındandır.

Turki əl-Binali tərəfindən yazılmış traktatda qeyd olunur ki, Bağdadi İraqa ABŞ-ın müdaxiləsindən əvvəl öz alimlik dərəcəsini İslam mədəniyyəti, tarixi, şəriət və ədliyyə sahəsində olmaqla Bağdad İslam Universitetində alıb.

Bağdadi Samarradakı Əhməd ibn Hanbal məsçidində moizələr oxuyub.

Bağdadinin mötəbər sünni təhsil ocaqları sayılan Qahirə əl-Əzhar Universiteti və ya Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki İslam Universiteti ilə bağlılığı yoxdur.

Bununla belə, ənənvi İslam təhsili məsələsində Bağdadi əl-Qaedanın keçmiş lideri, ixtisasca mühəndis Osama bin Ladendən və indiki lider, ixtisasca həkim olan Ayman əl-Zəvahiridən sanballı hesab olunur.

Bu amil Bağdadiyə öz tərəfdarları arasında təqdir, dəyər və qanunilik qazandırıb.

Zirvəyə yüksəliş

2013-cü ildə ABŞ-ın İraqa müdaxiləsinin ardınca Bağdadi bir neçə yoldaşı ilə Sünni Xalq Qrupunun Ordusu kimi tanınan və Samarra, Diyala və Bağdadda fəaliyyət göstərən “Cəmaət Ceyş Əhl əl-Sünnə vəl Cəmaa” təşkilatını yaradıb.

Bu qrupun tərkibində Bağdadi şəriət komitəsinin rəhbəri olub. ABŞ-ın başçılığı altında koalisiya qüvvələri onu 2004-cü ilin fevralından dekabrınadək həbsdə saxlayıb, lakin yüksək dərəcədə təhlükə təşkil etmədiyi mülahizələri ilə azad edib.

İki Çay Arası ölkədə əl-Qaidanın davamçısı olmaqla təşkilat 2006-cı ildə adını dəyişərək Məclis Şura əl-Mücahidin olub. Bunun ardınca “Cəmaət Ceyş Əhl əl-Sünnə vəl Cəmaa” təşkilatı and verərək koalisiyaya daxil olub.

Yeni struktur daxilində də Bağdadi şəriət komitələrində yer alıb. Lakin tezliklə, 2006-cı ilin sonlarında təşkilat yenidən adını dəyəşərək İraqın İslam Dövlətinə (İİD) çevriləndən sonra Bağdadi yeni dövlətin vilayətlərində və İİD liderliyinin məşvərət şurasında rəhbər vəzifə tutub.

İİD-in lideri Əbu Ömər əl-Bağdadi 2010-cu ilin aprelində vəfat etdikdən sonra onun yerini Əbu Bəkr əl-Bağdadi tutub.

Şəklin mənbəyi, BBC World Service

Tarixdəki yeri

İslam Dövlətinin liderliyini ələ aldıqdan sonra əl-Bağdadi ABŞ hərbiyyəsinin dəstəklədiyi sünni tayfa səhvası (oyanış) tərəfindən zəiflədilmiş təşkilatı yenidən qurub və canlandırıb.

Bu təşkilat ötən onillikdəki idarəetmə cəhdi ilə müqayisədə bütün qəddarlığına baxmayaraq uğurlu fəaliyyət göstərir, hərçənd onun uzun perspektivdə yaşarlığı suallar doğurur.

Bu, bir tərəfdən də təşkilatın daha yumşaq ictimai xidmət rejimini ağır məhkəmə cəzaları ilə birləşdirməsi cəhdindən, yəni “pay və paya” siyasətindən doğur.

Tayfa oyanışından yaxşı dərs almış İslam Dövləti son bir neçə ildə səhva hərəkatının liderlərini qətlə yetirib, ya da təşkilata qoşulmaq istəyənlərin tövbələrini qəbul edib.

Bu yolla tayfaların on il əvvəlkinə bənzər oyanışının qarşısı alınıb, lakin bəzi tövbə etməyən tayfa elementlərinin İslam Dövlətinə qarşı çıxacağına dair şaiyələr və çağırışlar eşidilib.

Bundan əlavə İslam Dövlətinin hədəflədiyi və ya hazırda nəzarətində olan torpaqlara diqqət edilsə, bəlli olar ki, bu ərazilərin əksəriyyəti Dəclə və Fərat çayları boyunca, İraq və Suriyanın neftlə zəngin yerləridir.

Bağdadi və İslam Dövlətinin rəhbərliyi anlayıb ki, enerji üzərində inhisarla birlikdə hərbi qüdrət təşkilatın məqsədlərinə yetişilməsini hətta onun ideologiyasını qəbul etməyən ərazilərdə də asanlaşdırmış olur.

Biz İslam Dövlətinin gələcəyini proqnozlaşdıra bilməsək də, hələlik bunu demək mümkündür ki, Bağdadi təşkilatı əvvəlki nüfuzuna qaytara bilib. Bir çox mənalarda o, son onillikdə hətta qrupun banisi Əbu Musab əl-Zərqavininin nüfuzunu, ehtiyatlarını və gələcək potensialını kölgədə qoyub.

Onun əsl dəyəri yəqin ki, ölümündən sonra bilinəcək, beləki, biz əl-Qaedada Ayman əl-Zəvahirinin Osama bin Ladeni necə bir çətinliklə əvəz etdiyinin şahidi oluruq. İndilik isə, İslam Dövlətinin “xəlifəsi” zenitdə olan “Xilafət Layihəsi”nin yeni ulduzudur.