Futbol bloqu: "Qarabağ" kədəri, "Qəbələ"nin sevinci

- Müəllif, Toğrul Bağırov
- Vəzifə, London, BBC Azərbaycanca üçün
Ötən həftə Azərbaycan azarkeşlərinə həm sevinc, həm də kədər gətirdi.
Əvvəlcə “Qarabağ”ın “Viktoria” səddini aşa bilməməsi məyyusluğa səbəb oldu, sonra isə “Qəbələ”nin “Lill” üzərindəki fransızsayağı füsünkar qələbəsi şadlığın ən ali dərəcəsilə qarşılandı.
Nəticədə “Qarabağ” ölkədə böyük tənqidə məruz qaldı, “Qəbələ” haqqında isə dastanlar qoşuldu.
“Qəbələ” bu təriflərə layiqdir, buna heç bir şübhə yoxdur. “Qarabağ”ı tənqid edənlərlə isə razılaşmamaq məcburiyyətindəyəm.
Bu tur ərəfəsindəki yazımı “biz saydığımızı saydıq, görək fələk nə sayır” sözlərilə bitirmişdim. Çünki futbolda fələk çox önəmlidir.
Ağdamlılar güclü rəqibə qarşı mükəmməl oyun nümayiş etdirdilər və onların növbəti mərhələyə çıxmamasının əsas səbəbi bəxt oldu. Daha doğrusu, bəxtsizlik.
Düzdür, burada kiçik də olsa, obyektiv futbol amilləri də öz rolunu oynadı, lakin bu qarşılaşmada qələbəyə layiq tərəf şəksiz olaraq “Qarabağ” idi. Bunu hətta onun rəqibləri də etiraf etdilər. Sadəcə baxın onlar nə deyir:
Müdafiəçi David Limberski: “Bu oyunda bəxtimiz inanılmaz dərəcədə gətirdi. Rəqib çox güclü idi və biz indiyədək beləsilə görüşməmişdik”.
Qolun müəllifi Mixael Krmençik: “Onlar mükəmməlcəsinə müdafiə olunurdular. Futbolda hər şey bəxtlə bağlıdır, onlar isə bizə bir dənə belə şans vermədilər. Vurduğum qolda isə sadəcə olaraq naxışım gətirdi”.
Yarımmüdafiəçi Yan Kopiç: “İndiyədək inana bilmirəm ki, biz növbəti mərhələyə keçdik. Ömrümdə o qədər sevinməmişəm. Vəziyyətimiz çox acınacaqlı idi. Fikirləşəndə ki, iki oyun ərzində biz cəmi bir dəfə qapıya yaxşı zərbə endirə bildik və bu ümumi qələbə üçün kifayət etdi, heç nə deyə bilmirsən.
Yəqin ki, onlar futbol ilahisini nəcürsə incidiblər. Amma futbol belədir – eyni zamanda qəddar və gözəldir”.
Qəddar futbol
Bax belə. Həmin gün futbol “Qarabağ” üçün qəddar, “Viktoria” üçün isə gözəl oldu. Və ağdamlılar buna görə qınanılası deyillər.
Bütün oyun ərzində üstünlük “Qarabağ” tərəfində idi. Qurban Qurbanovun yetirmələri çox sıx və ən əsası komanda oyununu nümayiş etdirərək, bütün zonaları qapatmışdılar.
Onlar topa və oyunun ümumi gedişatına tam nəzarət edirdilər və rəqibə heç bir şans vermirdilər.
Müərrəmin vurduğu qol isə müasir futbol standartlarının nümunəsi kimi gətirilə bilər – müdafiəçilərin arxasına zərgər dəqiqliyi ilə verilən ötürmə və irəlidə olan yeganə hücumçu topu bir toxunuşla ram edərək, ikincisi ilə onu qapıya göndərir. Mourinyo bu qolu mükəmməl adlandırar.
Bu qoldan sonra qonaqlar daha bir müddət nəsə yaratmağa çalışsalar da, necə deyərlər, çarpışsalar da, heç nə alınmadı.
Burada “Qarabağ” özünü tam sərbəst hiss elədi və bir neçə dəfə gözəl imkanlar yarada bildi. Bir ağdamlı dostumun mənə yazdığına görə, “orada mənim 94 yaşlı nənəm də qol vurardı”.
Razıyam, imkanlar inanılmaz idi və əgər “Qarabağ” futbolçuları onlardan istifadə edə bilmədilərsə, burada söhbət onların səviyyəsizliyi ya hazırlıqsızlığı haqqında gedə bilməz.
Burada yalnız hansısa ali bəxtsizlikdən danışmaq olar...
Amma, hər məğlubiyyətin taleyi göylərdə həll edilirsə, yerdə o göylərə kömək edən səbəblər də olur.
Düzdür, burada soruşmaq olar ki, niyə Maksim Medvedev qol ötürməsini verən Kopiçuvun sadə fəndinə aldandı, niyə aldansa belə, dərhal mübarizəyə qayıtmadı, niyə onu sığortalayan Bədəvi Hüseynov vaxtında bunu edə bilmədi və s.
Amma söhbət onda deyil. Cinahdan verilən bütün ötürmələrin qarşısını almaq olsaydı, onda heç futbol da mövcud olmazdı.
Sadiqlik futbolda da vacibdir
İş ondadır ki, qolun müəllifi Krmençiklə mübarizəyə də heç kim girmədi. Onun ətrafında olan üç müdafiəçidən heç biri heç tullanmağa cəhd belə etmədi.
Tullansaydılar isə, hücumçu zərbəni elə rahat endirməyəcəkdi və şübhəsiz ki, qapını elə dəqiq nişan ala bilməyəcəkdi...
“Qarabağ”ın məğlubiyyətinə gətirən (bu heç-heçəni məğlubiyyət adlandırsaq, yanılmarıq) qol bütün bu xırda kimi görülən nöqsanlardan əmələ gəldi.
Ona gətirən ümumi səbəb isə yorğunluq idi. İş ondadır ki, rəqibdən tam üstün olduqlarını hiss edən “Qarabağ” futbolçuları qələbə hesabını möhkəmləndirmək üçün hücumlara atıldılar.
Bu sürətli hücumlarda daim 4-6 futbolçu iştirak edirdi və vaxt getdikcə onlar artıq geriyə qayıdıb, komandanın müdafiə sxemində onlar üçün nəzərdə tutulan yerləri tuta bilmirdilər.
Üç saatlıq qarşıdurmanın iki saat yarımını mükəmməl keçirən ağdamlılar son yarım saatda oyunlarını dəyişdirdilər və bu dəyişiklik onlara növbəti mərhələyə keçməmək bahasına başa gəldi.
İndi “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində İsveçin “Göteborq” klubu ilə qarşılaşacaq. Bu rəqib “Viktoria”dan daha zəifdir.
Düzdür, “Göteborq” İsveçin ən məşhur klubudur, 80-ci illərdə iki dəfə UEFA Kubokunda qalib gəlib, 90-cı illərdə Çempionlar Liqasının yarımfinalına qədər yüksəlib, lakin o vaxtdan bəri beynəlxalq miqyasda böyük nailiyyət əldə etməyib.
Amma bu o demək deyil ki, “Göteborq” “Qarabağ” üçün asan rəqib olacaq.
Tipik skandinav futbolu (yeri gəlmişkən, heyətdə yerli isveçlilərdən başqa, beş danimarkalı, habelə norveçli və islandiyalı futbolçular var – belə ki, “Göteborq”u Skandinaviya yığması da adlandırmaq olar) oynayan bu komanda, sürətli və fiziki gücə əsaslanan futbol nümayiş etdirir.
“Qarabağ”ın rəqibləri oyunçularının hündür boylarından istifadə edərək, tez-tez cinah asmalarından istifadə edirlər ki, bu da ağdamlılara böyük problem yarada bilər.
Amma ümumilikdə, “Qarabağ” öz oyununu nümayiş etdirsə və futbol ilahisi ondan üz döndərməsə, “Göteborq” keçiləsi bir rəqibdir.
“Qəbələ” tarix yazdı
İndi isə “Qəbələ” haqqında. “Qəbələ” tarix yazdı. İlk dəfə olaraq Azərbaycan klubu “böyük beşlik” komandasına qalib gələ bildi!
Fransa mətbuatı bu qarşıdurmada “Qəbələ”nin daha güclü olmadığını və sadəcə “Lill”in özünə oxşamadığını yazır, lakin bu sadəcə təsəlli tapmaq cəhdidir.
Bəli, “Lill” özünəməxsus güclü oyun nümayiş etdirmədi. Lakin buna yeganə səbəb onun qarşılaşdığı müqavimət və rəqibinin yaxşı təşkil etdiyi oyun idi.
“Qarabağ”dan fərqli olaraq, “Lill” futbol ilahisinin üz döndərməsi barədə şikayət edə bilməz. O “Qəbələ” idi ki, həmin bəxti özünə tərəf döndərdi.
Əlbəttə, “Qəbələ”nin oyununda da çatışmazlıqlar var idi. Son oyunlarda Uiksin o qədər də kəskin olmaması nəzərə çarpır.
Roman Qriqorçuk onun mövqeyini dəyişdirib və Uiks əvvəlkindən fərqli olaraq, bir qədər arxada yerləşir.
Məncə bununla o, ən güclü cəhəti olan qapı qarşısında topla yaxşı davranıb, qol vurmaq qabiliyyətindən məhrum olunur.
Meydandakı yer barədə söz düşdüsə, sözün düzü, mən baş məşqçi Qriqorçukun təkidlə əsas heyətdə Zenyovu buraxdığını da başa düşmürəm.
Bu futbolçu oyunun ortalarına yaxın artıq elə yorulur ki, ən sadə vəziyyətlərdə top uğrunda mübarizə apara bilmir. Və ən əsası bu mübarizəni aparmağa heç cəhd də etmir.
Bu oyunda “Lill” onun bu səhvlərini bağışlasa da, gələcək rəqiblər elə ürəyiaçıq olmaya da bilərlər...
Şanslar yaxşıdır
Amma, necə deyərlər, qalibi mühakimə etmirlər. Zenyovdan fərqli olaraq, “Qəbələ”nin qalan futbolçuları sonadək mübarizə apardılar.
Mühümü isə odur ki, başqa Azərbaycan klublarından fərqli olaraq, onlar fiziki cəhətdən bu mübarizəni aparmağa hazır idilər. Müasir futbolda isə bu əsas amildir.
“Qəbələ”nin də növbəti rəqibi sonuncudan zəif hesab etmək olar. Amma yalnız nisbətən zəif.
“Maribor” çox təcrübəli komandadır. Son beş mövsümün dördündə bu klub gah Çempionlar, gah da Avropa Liqasının qrup mərhələsində iştirak edib ki, bu da toplam Azərbaycan klublarının göstəricisindən yaxşıdır.
Cari mövsümdə bu mərhələyə çıxmaq üçün sloveniyalılar “Levski” və “Aberdin” kimi kifayət qədər güclü klublara qalib gəldilər.
“Maribor”un heyətində olan ən böyük ulduz, Avropa səviyyəli qapıçı Yasmin Handanoviçdir ki, məhz onun inamlı oyunu komanda yoldaşlarına meydanda əminliklə və rahat davranmağa imkan verir.
“Maribor” meydanda təmkinli oyun nümayiş etdirir və çox zaman rəqibin səhvini gözləyir. Belə səhv baş verəndə isə, onu mütləq qola çevirir ki, bu da əsl səviyyənin rəmzidir.
Ona görə “Qəbələ” futbolçuları bu qarşılaşmalarda çox diqqətli oyun sərgiləməlidirlər. Belə olan bir halda “Maribor” da keçiləsi bir sədd olacaq.
Belə ki, ötən il olduğu kimi, bu mövsümdə də Azərbaycan azarkeşlərinin ölkənin birdən birə iki klubunu Avropa Liqasının qrup mərhələsində görməyə şansı var.
Bu isə ümumilikdə heç də pis nəticə deyil...




