Futbol bloqu: “Qarabağ” və “Qəbələ” - növbəti mərhələ üçün şanslar varmı?

Qarabağ futbol klubunun rəhbərliyi gəlirin çoxalması üçün sərmayə də çoxalmalıdır, Toğrul Bağırov deyir

Şəklin mənbəyi, EpsilonGETTY

Şəklin alt yazısı, Qarabağ futbol klubunun rəhbərliyi gəlirin çoxalması üçün sərmayə də çoxalmalıdır, Toğrul Bağırov deyir
    • Müəllif, Toğrul Bağırov
    • Vəzifə, London, BBC Azərbaycanca üçün

Avropa kuboklarının növbəti mərhələsinə gəlib çıxan Azərbaycan təmsilçilərinin hər ikisi ilk oyunlarını rəqib meydançalarında keçirsə də, heç-heçə əldə edə bildi.

“Qarabağ” üçün də, “Qəbələ” üçün də bunlar çox müsbət nəticələr hesab oluna bilər. Ən xoşagələn məqam isə odur ki, klublarımızın hər ikisi güclü rəqiblərə qarşı oynasa da, bu heç-heçələri layiqincə qazandı və bunları heç cür təsadüf adlandırmaq olmaz.

Ağdam və Qəbələ klubları bu heç-heçələri fərqli üsullarla əldə etdilər, lakin futbolun gözəlliyi elə ondadır ki, burada hər komandanın öz oyun üsulu, hər məşqçinin oyuna öz baxışı və nailiyət əldə etmək üçün öz yolları var.

Əsası odur ki, bu yollar uğura gətirsin və bir azarkeş kimi deyərdim ki, fırıldaq olmasınlar.

Hər iki klubumuz bu mərhələni aşmaq üçün iri addım etsə də, hələ heç nə həll olunmayıb və üzümüzə gələn həftə Bakıda qələbə uğrunda ciddi mübarizə aparmaq lazım olacaq. Çünki qələbə onu qazanana böyük mükafatlar vəd edir.

“Viktoria”nın baş məşqçisi - “əlimizdən gələni etdik”

“Qarabağ”la “Viktoria”nın qarşıdurmasında bu mükafat Çempionlar Liqasının qrup mərhələsinin həndəvərinə qədər gəlib çıxmaqdır. Orada isə həmin mərhələyə çıxıb, adını tarixə yazmaq üçün cəmi bir addım qalacaq. Təbii ki, özlərini daha güclü hesab edən çexlər bu şansı əldən vermək istəmirlər.

Amma Plzendəki oyun göstərdi ki, meydan sahibləri “Qarabağ”dan güclü deyillər. Ağdamlılar “Viktoria”ya topa nəzarət etməyə imkan versələr da, həmişəki kimi meydanda sıx yerləşərək, rəqibə nə ciddi təhlükə yaratmağa, nə də oyun üstünlüyünü əldə etməyə imkan verdilər.

Meydan sahibləri nə qədər çalışsalar da, 100 faizlik olmasa da, müəyyən imkanlar yaratsalar da, topu bir dəfə qapı dirəyinə vursalar da, onların “Qarabağ”dan yaxşı oynamaqlarını demək qətiyyən olmaz.

Bunu “Viktoria”nın baş məşqçisi Roman Pivarnik də təsdiq edir: “Biz qapıya daha çox zərbələr vurmalı idik və cərimə meydançasına daha cəsarətlə daxil olmalı idik. Bunlar şikayət edə bilə, cəyim yeganə məqamlardır. Belə isə, oyunçularım var gücləri ilə oynadılar və “Qarabağ”a mümkün olan təzyiqi göstərə bildilər”.

Amma “Qarabağ” üçün bu təzyiqin öhdəsindən gəlmək o qədər də çətin olmadı. Qurban Qurbanovun yetirmələri topa inamla nəzarət edərək, özlərini təcrübəli və meydanda nə etməyi dəqiq bilən bir komanda kimi göstərdilər.

Düzdür, ağdamlılar bu qarşılaşmada kifayət qədər dişsiz oyun nümayiş etdirdilər və bu səbəbdən Azərbaycanda tənqidə məruz qaldılar.

Bu tənqid üçün müəyyən qədər əsaslar olsa belə, əminəm ki, “Qarabağ”ın həmin oyunda böyük qüvvələrlə hücuma atılması qonaqlar üçün çox pis bitə bilərdi.

“Qarabağ” hücum etməli idi mi?

Ağdamlıların oyununun prinsipini sadə dildə təsvir etsək, o bundan ibarət olacaq - bütün komanda ilə mümkün qədər sıx ərazidə yerləşərək, orada oyunçuların çoxluğu sayəsində rəqibin yaradıcı oyun səylərini məhv etməkdir.

Bu sistemə əsasən həmin sıx qrup bütün meydan boyunca hərəkət edir və hücuma azsaylı qüvvələr göndərir.

Çünki çoxsaylı hücum təşkil olunsa, komandanın sıxlığı dağılacaq, boş zonalar yaranacaq və rəqib mütləq bu zonalardan sürətli hücumlar üçün istifadə edəcək.

Nəzərə alsaq ki, çexiyalı futbolçular boy-buxunda da, sürətdə də, fiziki hazırlıqda da “Qarabağ”lı həmkarlarını xeyli üstələyirlər, ağdamlılar onların təşkil edəcəyi sürətli hücumların qarşısını sadəcə fiziki olaraq dəf edə bilməyəcəkdilər.

Qurban Qurbanov bunu gözəl başa düşür və ona görə komandasına böyük qüvvələrlə hücuma atılmamaq göstərişini verib. Amma rəqiblər də öz üstünlüklərini çox yaxşı başa düşürlər.

“Viktoria”nın kapitanı Roman Hubnik əmindir ki, bu oyunda alınmasa da, Bakıda “Qarabağ” onlara qol vurmaq üçün şanslar verəcək: “Evdə onlar daha iri qüvvələrlə hücum etməli olacaqlar və onların müdafiəsində “pəncərələr” yaranacaq ki, bu da bizə qol vurmaq üçün əla imkanlar verəcək”.

Yenilənməyə ehtiyac var

Belə ki, “Qarabağ”ın hücuma atılmaması bağlı ilə tənqidləri əsassız hesab etmək olar. Lakin ağdamlıların hücumda tam dişsiz oyun nümayiş etdirməsi doğrudan da tənqidə layiqdir.

Qurban Qurbanovun qurduğu oyun üslubu ilə qol vurmaq üçün komanda fiziki baxımdan güclü və sürətli hücumçuya malik olmalıdır ki, həmin forvard əkshücumlarda top uğrunda mübarizə apararaq və sürətindən istifadə edərək boş zonalara çıxıb, rəqibin qapısına təhlükə yaratsın. Beləsi isə “Qarabağ”da yoxdur.

Birinci hissədə hücumçu mövqeyində oynayan Mahir Mədətov komanda yoldaşlarından yaxşı ötürmələr alsa da, hündür, qüssəli və sürətli çex müdafiəçilərinə bütün mübarizələri uduzurdu.

Gəl ki, onun yerində texnikası zəif olsa belə, lakin sürətə malik olan oyunçu olsaydı, ağdamlılar bir neçə yaxşı qol imkanı əldə edə bilərdilər. Qurban Qurbanov fasilədə Mahirin yerinə Müərrəmi buraxsa da, bu gediş işin mahiyyətini dəyişmədi. Müərrəmi də atlet adlandırmaq çətindir.

Bu səbəbdən tam əminliklə demək olar ki, “Qarabağ” yuxarıda səsləndirdiyim fiziki xüsusiyyətlərə malik hücumçu əldə etməsə, ondan Avropada hansısa, hətta nisbi olsa belə, nailiyyətlər gözləmək mümkün olmayacaq. “Qarabağ” müasir oyun nümayiş etdirsə də, son illər bir yerdə duraraq, inkişaf etmir.

Bu səbəbdən məncə klubun rəhbərliyi biznesin ən sadə qanununa əməl etməlidir – gəlirin çoxalması üçün sərmayə də çoxalmalıdır.

“Qəbələ”nin oyun anlayışı

Qəbələ futbol komandası fiziki baxımdan yaxşı inkişaf etmiş oyunçuları almağa çalışır

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Qəbələ futbol komandası fiziki baxımdan yaxşı inkişaf etmiş oyunçuları almağa çalışır

Bax “Qəbələ”də bunu gözəl başa düşürlər. Bu komandada oyun quruluşu “Qarabağ”dakından xeyli fərqli və sadə olsa da, qəbələlilər müasir futbolun əsas qanununu gözəl başa düşürlər və komandaya fiziki baxımdan yaxşı inkişaf etmiş oyunçuları almağa çalışırlar.

Bu siyasət isə öz müsbət bəhrəsini verir. “Lill” kimi güclü komandanın meydanında 1:1 oynamaq istənilən klub üçün nailiyyətdir. Qəbələlilər isə birinci hissədə yaratdıqları imkanlardan istifadə etsəydilər, bu oyunda hətta qələbə də qazana bilərdilər.

Ən əsası isə odur ki, onlar bütün 95 dəqiqə ərzində meydan sahiblərilə baş-başa mübarizə aparırdılar və bunu məhz yaxşı fiziki xüsusiyyətləri sayəsində edirdilər.

Düzdür, bir neçə oyunçu bu tələblərə uyğun deyildi, lakin onlar da ən azı çalışırdılar. Düzü, “Qəbələ”nin hücumdakı oyunu müdafiədəkindən daha yaxşı idi. İrəlidə Dabo, Kvekveskiri (yeri gəlmişkən, onun qol ötürməsini Fransanın aparıcı idman qəzeti “Lekip” heyrətamiz adlandırdı), Rikardinyo və Uiks qeyri-standart gedişlər və sürətli hücumlar təşkil edirdilər ki, rəqib (özü də hansı rəqib!) meydanında oynayan Azərbaycan klubunun indiyədək belə oynaması yadıma gəlmir.

“Lill”i Bakıdan necə dönəcək?

Lakin müdafiədə Qriqorçukun yetirmələri bir çox səhvlərə yol verirdilər və “Qəbələ”nin çox qol buraxmamasını yalnız “Lill”in mövsümdə ilk oyununu keçirməsilə izah etmək olar.

Görünürdü ki, fransızlarda oyun əlaqələri hələ qurulmayıb və ən sadəsi, necə deyərlər, “top onların ayaqlarına yatmır”. Hətta belə “sazlanmamış” oyun nümayiş etdirərək, “Lill” özünün çox güclü olduğunda heç bir şübhə qoymadı. Və mən əminəm ki, cavab oyunda “Lill” indikindən xeyli yaxşı oynayacaq. Belə olan halda isə, “Qəbələ”nin növbəti mərhələyə çıxmasına şansı çox az olacaq.

Amma bu heç də o demək deyil ki, “Qəbələ” mütləq məğlub olacaq. Komanda müdafiədəki oyununu tənzimləsə və ən əsası müdafiəyə çəkilməsə, Fransada olduğu kimi və hətta ondan da aqressiv oyun nümayiş etdirsə, “Lill”i Bakıdan məğlub göndərmək mümkün olacaq.

Belə ki, hər iki Azərbaycan klubunun növbəti mərhələyə keçmək üçün şansları var və heç də az deyil. Biz saydığımızı elə saydıq, görək indi fələk nə sayır.