Futbol bloqu: divarlar, maşın, komanda və yırtıcı

Şəklin mənbəyi, Reuters
- Müəllif, Toğrul Bağırov
- Vəzifə, London, BBC Azərbaycanca üçün
Dünya futboluna “klassiko” anlayışı İspaniyadan gəlib. Bu ölkədə “Real”la “Barselona” arasındakı qarşıdurmanı belə adlandırırlar.
Hər iki klub dünyada məşhurlaşandan və televiziya İspaniya çempionatının oyunlarını bir çox ölkələrdə yayımlayandan sonra isə bütün dünya iki ispan nəhənginin qarşılaşmalarını klassik adlandırmağa başlayıb.
Amma dünya futbolu haqqında danışırıqsa, məncə “klassik” adına ən layiq qarşıdurma İtaliya ilə Almaniya arasındakı görüşlərdir.
Hər iki komanda dünya futbolunun nəhəngidir – hər ikisi dördqat dünya çempionudur, hər ikisi (xüsusən də Almaniya) çempion olmayan illərdə də yüksək yerləri tutmağı bacarır, hər ikisi özlərinə məxsus olan oyun üslubu və futbol məktəblərinə malikdir. Və hər ikisi hər oyunda yalnız və yalnız qələbə haqqında düşünərək, var gücü ilə, sonadək mübarizə aparır.
İtaliya almanlar üçün məğlubedilməzdir
Ən maraqlısı isə odur ki, dünya və Avropa çempionatları çərçivəsində bu komandalar cari çempionatadək cəmi səkkiz dəfə görüşmüşdü. Yəni orta hesabla təxminən 10 ildən bir.
Belə olan bir halda onların üz-üzə gəlməsindən daha klassik nə ola bilər ki?
Ona görə cari Avropa çempionatının 1/4 mərhələsinin ən gözlənilən oyunu Almaniya – İtaliya idi.
Onu da qeyd etmək lazımdır ki, almanlar indiyədək keçirilən səkkiz oyunun heç birində qalib gələ bilməmişdilər – dörd oyunda məğlub olub, dördünü heç-heçə ilə bitiriblər.
Bu dəfə də dünya çempionları İtaliyanı məğlub edə bilmədilər. Bu da təəccüblü deyil – əvvəlki yazımda bu oyunu təqdim edərkən mən demişdım ki, bu çempionatdakı İtaliyanı məğlub etmək çətin ki, mümkündür.
Bəli, almanlar rəqiblərindən daha hücuma meylli oyun göstərdilər. Bəli, topa nəzarət və ərazi üstünlüyü daha çox onların tərəfində idi. Lakin qapılar qarşısındakı təhlükəli anların sayına görə onların heç bir üstünlüyü yox idi.
Keçilməz müdafiə quran italyanların hücumları, atalarımız demişkən, az da olsa, saz idi. Və həmişəki kimi, italyanlar heç nədən qol yarada bildilər.
Almanların müdafiəçisi Boatenq öz cərimə meydançasında anlaşılmaz bir səbəbdən əllərini başı üzərində qaldırdı və təbii ki, top dərhal həmin əllərə dəydi.
Burada təəccüblü bir şey yoxdur, çünki Boatenqin qolları bəzi Azərbaycan futbolçularının ayaqlarından belə enli və əzələlidir.
Nəticədə italyanlar penalti qazanıb, onun vasitəsilə oyunun sonuna 15 dəqiqə qalmış hesabı bərabərləşdirə bildilər.
Alman maşını
Gəl ki, almanlar ondan 12 dəqiqə əvvəl hesabı açanda, onların əsas vaxtda qələbə ilə bitirəcəyinə şübhə edənlərin sayı çox az idi.
Bu qarşılaşmada meydanda ilk növbədə taktiki mübarizə gedirdi və hər iki məşqçi komandalarının oyununu elə mükəmməl qurmuşdu ki, rəqibləri qol vurmaq üçün heç bir yol tapa bilmirdılər.
Qolun vurulması üçün ya nəsə dahiyana, ya da məşqlərdə nəzərə alına bilməyən bir təsadüf baş verməli idi.
Almanların qolu zamanı bunların hər ikisi üst-üstə düşdü – əvvəl Qomesin üç müdafiəçinin arasından Hektora verdiyi dahi ötürmə, sonra isə Hektorun ötürməsindən sonra italyan müdafiəçinin ayağından sıçrayan topun qapıdan beş metr aralı duran Özilin düz ayağına qonması.
Belə vəziyyətdə hətta Buffon italyanları qoldan xilas edə bilməzdi. İtalyanların qolu zamanı isə Boatenqin əlləri haqqında biz artıq danışmışıq...
Nəticədə iş penaltilər seriyasına gəldi və burada daxili gərginlik özünü aşkarcasına biruzə verdi.
Hər iki komanda ilk beş penaltidən yalnız ikisini vura bildi.
Bunun nə demək olduğunu başa düşmək üçün sizə bir fakt gətirim – Almaniya komandası 1976-cı ildən bəri dünya və Avropa çempionatlarında beş dəfə penaltilər seriyası vurub və onlar zamanı vurular 21 zərbənin hamısı qolla nəticələnmişdi.
Elə italyanlar da penalti vurmaqda uşaq deyillər... Amma bu oyundakı yük və gərginlik həmişəkindən xeyli çox idi. Əbəs yerə onu klassik adlandırmırıq ki...
Sonda almanlar özlərini ələ aldılar və dünya futbolundakı “maşın” statuslarını təsdiq edərək, qələbə topunu vura bildilər. İtaliyalı Zazanın uğursuz penalti vuruşundan öncəki “rəqsi” isə hələ uzun müddət bütün dünyada lağa qoyulacaq...
Fransa divarları
Yarımfinalda almanlar Fransa ilə qarşılaşacaqlar. Çempionatın ev sahibləri yarımfinalda gözlənilən kimi, çətinliklər çəkmədən yarışın ən böyük sensasiyası İslandiyaya qalib gəldilər.
Fransızlar beş qol vursalar da, müdafiədə o qədər də möhtəşəm deyildilər və islandlar onların qapısından iki top keçirə bildilər.
Ümumiyyətlə, İslandiya bu çempionatda özünü bütün dünyaya tanıtdırıb, böyük hörmət qazandı. Bu kiçik adanın əhli vətənə məhəbbət və milli qürurun nə olduğunu aləmə nümayiş etdirdi.
İndi bir çox yerlərdə onların əsl pərəstişkarları yaranıb. Misal üçün Şotlandiyada İslandiya milli komandasının geyimlərinin satışı bir xeyli artıb, Uruqvayda isə bütün ölkə İslandiyaya azarkeşlik edir.
Bu qarşılaşmada da islandlar böyük hesabla məğlub olsalar belə, sonadək mübarizə apardılar və çempionatı başıuca tərk etmək hüququnu qazandılar.
Fransaya gəldikdə isə, meydan sahibləri indiyədək keçirdikləri görüşlər arasında məhz bu qarşılaşmada ən yaxşı oyun nümayiş etdirsələr də, rəqibin heyətindəki futbolçuların səviyyəsini də nəzərə almaq lazımdır.
Düzdür, İslandiya çox savadlı və əzmli futbol nümayiş etdirdi, lakin İslandiya heç də Almaniya deyil. Hətta belə oyun yarımfinalda almanları məğlub etmək üçün kifayət etməyə bilər.
Digər tərəfdən, Fransa öz meydanındakı böyük yarışlarda ənənəvi olaraq qalib gəlir və yarımfinalda da doğma divarlar onlar üçün böyük yardıma çevrilə bilər.
Uels: komanda
Digər yarımfinalda Portuqaliya ilə Uels üz-üzə gələcək. Uelslə Belçikanın qarşılaşması önündə mən yazmışdım ki, ulduzlarla dolu Belçika kağızda favorit hesab edilsə də, bu millinin çempionatda bir komanda olmaması açıq-aşkar sezilir və “qırmızı şeytanlar” daxildəki vəziyyəti düzəltməsələr, çempionatda irəliləyə bilməyəcəklər.
Elə də oldu. Heyətində Gareth Bale və Aaron Ramsey-dən başqa ulduz futbolçusu olmayan Uels əsl komanda, bir vücud kimi oynadı və tamamilə layiqincə yüksək səviyyəli olsa belə, lakin fərdlər yığımı olan Belçikaya qalib gəldi.
Bu oyunda da baş vermiş bir hadisə uzun müddət futbol azarkeşlərinin yaddaşlarında qalacaq.
Lakin Zazanın penaltisindən fərqli olaraq, müsbət baxımdan.
Hal Robson-Kanu belçikalıların qapısına ikinci topu vuranda elə bir fəndlə birdən birə üç müdafiəçini yalnış istiqamətdə sıçramağa məcbur etdi ki, ondan sonra qapı qarşısında təklikdə qalıb asanlıqla qələbə topunu vura bildi. Bunu futbol ustalığının ulu zirvəsindən başqa heç cür adlandırmaq olmaz.
Düzdür, məncə hakimin də Uelsin qələbəsində əli oldu. Birinci hissədə Belçika 1:0 hesabı ilə irəlidə olanda və kəskin hücumlarını davam etdirəndə o, dalbadal bir neçə epizodda qaydaları pozan uelsliləri cərimələndirmədi və oyunun dəyişdirməsinə imkan yaratdı.
İkinci hissədə isə, hesab 1:2 olanda, hakim aşkar vəziyyətdə nə çox təhlükəli cərimə zərbəsi təyin etdi, nə də uelsli müdafiəçinin ikinci sarı vərəqə ilə meydandan qovdi.
Amma istənilən halda bu oyunda qələbəyə layiq komanda Uels idi.
Sarı vərəqələrə gəldikdə isə, bu oyunda Uelsin heyətində Ramsey-lə aparıcı müdafiəçi Ben Davies sarı vərəqələr aldıqlarına görə, yarımfinalı buraxmalı olacaqlar. Bu da Uelsin finala çıxmaq şansını xeyli azaldır və məncə hətta ümumiyyətlə yox edir.
Portuqaliya: “yırtıcı”
İş ondadır ki, belçikalılardan fərqli olaraq, portuqaliyalılar yüksək səviyyəli müdafiəçilərə malikdirlər və onları elə asanlıqla keçmək mümkün olmayacaq.
Özü də Portuqaliya bu çempionatda komanda oyununu nümayiş etdirir və həmişəkindən fərqli olaraq, bu oyun müdafiəyəyönlüdür.
Tək Bale ilə isə bu müdafiəni yarmaq çox çətin olacaq. Həm də Bale ilə birgə “Real”da oynayan Kriştianu Ronaldu onun qarşısını almaq yollarını yəqin ki, bilir və bu yolları komanda yoldaşlarına anladacaq.
Deyə bilərsiniz ki, Bale də öz komandasına Ronaldunun zərərsizləşdirmə yollarını öyrədə bilər və düz deyəcəkdiniz. Lakin bu çempionat Portuqaliyanın heyətində yeni bir ulduz aşkar etdi.
Şəxsən mən 18 yaşlı Renatu Sançeşi “yırtıcı” adlandırıram. Çünki onu eyni adlı məşhur Hollivud filmindəki yadplanetli yırtıcıya bənzədirəm.
Bu yeniyetmənin saç düzümü də, bədən quruluşu da, hətta sifətinin ifadəsi belə o yırtıcıya bənzəyir.
Sançeşi mənim üçün yırtıcı edən ən əsas məqam isə onun meydandakı təcavüzkar, özünə inamlı və effektiv oyunudur.
Polşaya qarşı 1/4 final qarşılaşmasında ilk dəfə əsas heyətdə çıxan Sançeş meydanda Ronaldudan da daha çox nəzərə çarpırdı və təsadüfi deyil ki, həmin oyunda hesabı məhz o bərabərləşdirdi.
Əminəm ki, biz bu çempionatda futbol səhnəsinə yeni böyük ulduzun çıxmasının şahidi oluruq. Və çox güman ki, o, ilk böyük finalını məhz bu çempionatda, yaşı hələ 18 olarkən oynayacaq.




