Futbol bloqu: Avropanın çempionu kim olacaq?

Şəklin mənbəyi, Getty
- Müəllif, Toğrul Bağırov
- Vəzifə, London, BBC Azərbaycanca üçün
Çoxluq... siz özünüz bilirsiniz nədir. Çoxluğun məhz belə olduğunu mən deməmişəm, atalar sözümüzdür. Həyat təcrübəsi isə mənə, və əminəm ki, sizə də, atalarımızın sözlərinin hamısının çox düz olduğunu və həqiqəti dəqiq əks etdirdiyini dəfələrlə təsdiq edib. Müdrik adamlar olublar atalarımız...
Az olsun, saz olsun
Deyərsiniz niyə atalarımızın məhz bu sözü yadıma düşdü? On görə yadıma düşdü ki, bu cümə, iyunun 10-da Fransada növbəti Avropa çempionatının final mərhələsi başlayır. Futbol üzrə, təbii ki. Və tarixdə ilk dəfə olaraq, onda 24 komanda iştirak edir. Çoxdur da 24. Demək olar ki, bütün Avropanın futbol komandalarını süpürüb, tökdülər Fransaya ki, oynayın. Şəxsən mən bir azarkeş kimi, daha bir atalar sözümüzün tərəfdarıyam – az olsun, saz olsun.
Mən hələ Avropa çempionatlarının finallarında cəmi səkkiz komandanın iştirak etdiyini xatırlayıram və sizə deyim ki, o zamanlar hər oyun yüksək səviyyəli futbol tamaşasına çevrilirdi. 1996-da iştirakçıların sayı 16-ya çatdırıldı, ondan iyirmi il sonra isə artıq 24-dür. Əlbəttə, bu müddət ərzində UEFA-da üzv dövlətlərinin sayı artıb – bir tərəfdən bəzi dövlətlər parçalanmağa davam edir (üzvlüyə yeni qəbul olunmuş Kosovo buna daha bir misal), digər tərəfdən isə UEFA-nın rəhbərliyi dünya futbolunda dafa çox nüfuz qazanmaq üçün qitənin ən kiçik torpaq parçalarını belə üzvlüyə cəlb etməyə davam etdirir. Daha Cəbəllütariq zad qalmadı bu Avropada, hamısı UEFA-nın üzvüdür...
Təbii ki, onların hamısının UEFA-da təmsil olmağa haqqı var – dövlət nə qədər kiçik olsa belə, dövlətdir və hüquqi baxımdan onun hər hansı bir başqa dövlətdən heç bir fərqi yoxdur. Düzdür, siyasət dünyasında böyük və kiçik dövlətlərin münasibətləri tamamilə başqa cür qurulur, amma biz burada futbol barədə danışırıq, futbol aləmi isə siyasətdən daha ədalətlidir. Amma iş ondadır ki, bu halda, bir çox başqalarında olduğu kimi, kəmiyyət heç də keyfiyət demək deyil. Və final mərhələdə iştirakçıların sayının artması heç də onların keyfiyyətli olması demək deyil.
Platini məni başa düşmədi

Şəklin mənbəyi, Getty
Bu artmanın təşəbbüskarı olan UEFA-nın sabiq prezidenti Mişel Platini idi. Şərhçilərin fikrincə, onun bu qərarının arxasında məhz siyasi səbəblər dururdu – guya Platini FİFA prezidenti olmaq istəyirək, bu yolla seçkilərdə kiçik dövlətlərin səslərini əldə etmək istəyirdi. İndi Platini korrupsiyada ittahamlandırılaraq, futbol fəaliyyətindən uzaqlaşdırılsa da, onun bu 24 komanda təşəbbüsü qüvvədə qalır.
Mən vaxtilə Platinidən soruşmuşdum ki, “Cənab prezident, sizə elə gəlmirmi ki, futbolun inkişafı üçün ən yaxşı yol uşaq futboluna daha çox vəsait qoymaqdır?” Razılaşdı mənimlə Platini, amma başa düşmədi ki, mən məhz o 24 komandalı finallara eyham vururam. Deyəsən, doğrudan da siyasətdən o qədər də yaxşı başı çıxmırmış onun. Bəlkə elə ona görə futbolsuz oturur indi Platini...
Biz isə bu yay həmişəkindən daha çox futbol görəcəyik. Gəlin ümid edək ki, yaxşı futbol. Əslində final mərhələsində komandaların sayı artsa da, çempionluğa namizədlərin sayı həmişəki kimi, dar çərçivəyə sığışır. Bunlar əbədi “böyük beşlik” - Almaniya, Fransa, İngiltərə, İspaniya və İtaliyadır. Bu il mütəxəssislər bu beşliyə Belçika ilə Portuqaliyanı da əlavə edirlər. Mən isə bunlara həmçinin Türkiyəni də qoşardım. Desəniz ki, bu daha çox hər azərbaycanlıda olan qardaşlıq sevgisindən irəli gəlir, o qədər də yanılmazsınız, amma bu qərarın da arxasında müəyyən təhlil durur. Çalışaram anladım bunu aşağıda.
___________________________________________________________________
Fransa
Beləliklə, mütəxəssislər çempionluğa ilk namizəd kimi Fransanı göstərirlər. Bu fikrin arxasında bir neçə faktor durub – əvvəla fransızlar çox güclü heyətə malikdirlər. Xüsusən də yarımmüdafiəyə. Fransızların yarımmüdafiəsi onsuz da Avropada ən güclü hesab edilirdi, bu mövsümdə parlayan gənc Kingsli Koman və N’Qolo Kante isə onu daha da gücləndirdilər. Lakin digər xəttlərdə fransızlar problemlərlə üzləşirlər. Zədələr və dopinq səbəbindən komandanın dörd əsas müdafiəçisi – Kurt Zuma, Rafael Varan, Jeremi Matyö və Mamadu Saxo bu çempionatda iştirak etməyəcəklər, bu isə Fransa qapısının toxunulmazlığında mütləq problemlər yaradacaq. Kimsə deyəcək ki, ən yaxşı müdafiə hücumdur, lakin baş məşqçi Didye Deşamın komandaya məncə Fransanın hazırda ən yaxşı hücumçusu olan Kərim Benzemanı dəvət etməməsi bu xəttin də gücündə şübhələr yaradır.
Amma fransızlar daha böyük bir üstünlüyə malikdirlər – çempionatın onların torpağında keçirilməsi təkzibedilməz bir üstünlükdür. Xüsusən də fransızlar üçün. Axı onlar öz torpaqlarında keçirilən həm 1984 Avropa, həm 1998 Dünya çempionatlarında şəksiz qalib gəlmişdilər...
___________________________________________________________________
Almaniya

Şəklin mənbəyi, Reuters
Daha bir favorit sayılan komanda əbədi olaraq Almaniyadır. Almanlar dünya çempionlarıdır və bununla hər şey deyilir. Düzdür son zamanlar onlar o qədər də yaxşı oyun nümayiş etdirmirlər. Almanlar seçmə mərhələdə də iki məğlubiyyətə uğradılar, çempionat ərəfəsindəki yoldaşlıq görüşlərdə də inamlı görünmürlər və hətta Slovakiyaya məğlub oldular. Amma Almaniya həmişə Almaniyadır. İngiltərənin əfsanəvi hücumçusu Gary Lineker əbəs yerə deməmişdi axı: “futbol sadə bir oyundur – 22 nəfər topu qovur, sonda isə Almaniya qalib gəlir”. Bundan sonra daha nə şərh edəsən ki...
___________________________________________________________________
İspaniya

Şəklin mənbəyi, AP
İspaniya cari Avropa çempionudur. Bu ölkə son illər klub futbolunda da qitədə bütün başqa ölkələrdən bir baş üstündür və saysız-hesabsız istedadlı futbolçulara malikdir. Komandanın hər xəttində yer urunda mübarizə dünya səviyyəli oyunçular arasında gedir. Bu səbəbdən İspaniya məncə bu çempionatın ən böyük favoritidir. Amma bir əmma ilə. İspanlar bir cənub xalqıdır və xüsusi temperamentə məxsusdurlar. Belə ki, burada hər şey komanda daxilindəki əhvaldan asılı olacaq – ispanların keyfi kök olsa, onların qarşısında heç kim dura bilməyəcək. Yox, bir dəfə işlər düz getməsə, İspaniya meydanda bir kölgəni xatırladacaq – iki il bundan əvvəl dünya çempionatında olduğu kimi.
___________________________________________________________________
İngiltərə

Şəklin mənbəyi, EPA
İngiltərə seçmə mərhələdə də, yoldaşlıq qarşılaşmalarda da çox yaxşı oyun nümayiş etdirib. Məncə bütün digər komandalardadan daha yaxşı oyun. Komanda gənc və dinamikdir, bir neçə çox güclü hücumçuya malikdir və bu səbəbdən hətta Wayne Rooney-nin özü bir qədər geriyə çəkilib hücumçuların arxasındakı mövqedə yerləşdirilir. Bu komandanın zəiflikləri Rooney-dən başqa yüksək səviyyəli yaradıcı yarımmüdafiəçilərin olmaması və müdafiəçilərin də dünya səviyyəli olmamasıdır. Amma bu çatışmazlıqlar heç də o demək deyil ki, İngiltərə çempionluq uğrunda mübarizə apara bilməz. Mən şəxsən tam əksini düşünürəm.
___________________________________________________________________
İtaliya

Şəklin mənbəyi, AFP
İtaliya favoritlərin siyahısına daha çox ənənəyə uyğun olaraq daxil edilir. Bu komanda dünyanın bəlkə ən yaxşı qapıçısı Canluici Buffona və həmişəki kimi keçilməz müdafiəyə malikdir. Amma baş məşqçi Antonio Kontenin bu çempionata dünyanın ən yaradıcı yarımmüdafiəçisi Andrea Pirlonu götürməməsi italyanların hücumda çətinlik çəkəcəyində mühüm rol oynaya bilər. Amma unutmayaq ki, İtaliya futbolçuları ənənələrinə əsaslanaraq, böyük yarışlarda həmişə daxili inam və əminlik nümayiş etdirirlər ki, bu da onlara hətta heyətlərində parlaq ulduzlar olmadığı halda qalib gəlməyə imkan verir.
___________________________________________________________________
Belçika

Şəklin mənbəyi, Getty
Öz növbəsində məhz belə bir ənənənin olmaması çempionatın ən istedadlı komandası sayılan Belçika üçün aşılmaz sədd ola bilər. Belçikanın “qızıl nəsli” sayılan hazırkı heyəti həmiçinin çempionatda iştirak edəcək komandalar arasında ən gəncidir. Belçikalıların hərəsi öz klubunda parlaq oyun nümayiş etdirsə də, milli komandaların yarışları müstəsna bir sahədir. Burada həm qələbələr ənənəsi, həmi də təcrübə ən böyük önəm daşıyır ki, Belçikalı istedadlar bunlardan heç birinə malik deyillər. Amma kim bilir...
___________________________________________________________________
Portuqaliya

Şəklin mənbəyi, Reuters
Portuqaliyanın mümkün favoritlərin sırasına daxil edilməsinin yeganə səbəbi var. Bu səbəbin adı Kriştianu Ronaldudur. Avropanın və bəlkə də dünyanın şəksiz ən yaxşı futbolçusunu nəzərə almamaq mümkün deyil. Ronaldu təkbaşına oyunun taleyini həll etmək iqtidarında olan bir oyunçudur. Lakin bunu hamı bilir və rəqiblər Portuqaliyaya qarşı çıxanda əsas diqqəti məhz Ronaldunu zərərsizləşdirməyə yönəldəcək. Onlar bunu bacarsalar, Portuqaliya çox güman ki, çempionatı dərhal tərk etməli olacaq.
___________________________________________________________________
Türkiyə

Şəklin mənbəyi, AFP
İndi isə Türkiyə. Türklər bir çox istedadlı oyunçulara malikdirlər. Məncə elə Hakan Çalhanoğlu hazırda Avropanın ən yaxşı futbolçularından biridir. Onun yanında Arda Turan, Nuri Şahin və Kərim Fray da var ki, bu, türklərin yarımmüdafiəsini elə fransızlardakı səviyyəyə gətirir. Problem odur ki, bu istedadların çoxu gəncdir. Hətta belçikalılardan da gəncdirlər. Lakin, türklər həmçinin Fatih Terim kimi bir məşqçiyə malikdirlər. Bu adam “imperator” ləqəbini əbəs yerə qazanmayıb. Məncə onun əsas xüsusiyyəti odur ki, o, türk futbolçularının xasiyyətlərini bilərək, onları hər oyunda döyüşməyə vadar etməyə bacarır. Bu döyüş ruhu isə bir çox hallarda təcrübəsizliyin əvəzini çıxa bilir. Amma iş ondadır ki, halların bir çoxu heç də hamısı demək deyil...
___________________________________________________________________
...və qalanları
Qalan komandalar barədə isə məncə danışmağa dəyməz. Düzdür kimsə 1992-ci il Danimarkanı və 2004-ün Yunanıstanını xatırladaraq deyə bilər ki, zəif sayılanlar da qalib gələ bilər. Lakin biz bilirik ki, əslində istisna qaydanın təsdiqidir. Özü də 92-də Danimarka çempionata son anda dəvət edildi (Yuqoslaviya ondan kənarlaşdırıldığına görə) və futbolçulardan heç kim heç nə gözləmirdi. Onlar məzuniyyətlərdən qayıdaraq, heç bir təzyiq hiss etmədən özlərinin kefinə oynadıalr və məhz buna görə qalib gəldilər. Bu çempionatda belə komanda yoxdur. Hamısının, hətta Albaniya və Şimali İrlandiyanın azarkeşləri onlardan yalnız qələbələr gözləyirlər və bu gözləntilər futbolçuların üzərinə çox böyük təzyiq qoyur ki, bu da işi çox çətinləşdirir.
Yunanıstan isə 2004-də elə qapalı oyun nümayiş etdirdi ki, bunun təkrar edilməsini gözləmək çətindir. Əvvəla hətta o zaman onların müəyyən dərəcədə bəxtləri gətirmişdi, ikincisi isə, 2004-dən sonra bütün aparıcı komandalar belə müdafiənin yarılması fənlərini öz cəbhəxanalarına daxil etdilər və hazırda qapı qarşısında düzülən hər “avtobusa” mütləq bir tank tapılacaq.
Belə ki, bir aydan sonra, iyulun 10-da, Parisin “Stad de Frans” stadionunda bu tankın sahibi olan ölkənin adı müəyyənləşəcək. Görək də...




