Futbol bloqu: Oynamaq istəyi

Andorra - Pireney dağlarının ucqarlarındakı daş-qayadan ibarət kiçik bir ərazi
Şəklin alt yazısı, Andorra - Pireney dağlarının ucqarlarındakı daş-qayadan ibarət kiçik bir ərazi
    • Müəllif, Toğrul Bağırov
    • Vəzifə, London, BBC Azərbaycanca üçün

Andorra adlı ölkəni tanıyırsınızmı?

Futbol azarkeşisinizsə tanıyarsınız yəqin – heç olmasa ona görə ki, ötən həftə Azərbaycan millisi bu ölkənin komandası ilə yoldaşlıq görüşü keçirib.

Amma tanımasaz da, utanılası bir şey deyil, çünki futbol olmasaydı Andorranı coğrafiya mütəxəssislərindən başqa çətin kimsə tanıyardı.

Pireney dağlarının ucqarlarındakı daş-qayadan ibarət qeyri-münbit torpaqlarda itib batan kiçik bir ərazi özünü ona görə müstəqil dövlət kimi qoruyub-saxlaya bilib ki, qonşuları Fransa ilə İspaniya həmin ərazinin öz dövlətlərinə birləşdirilməsində bir xeyir görmürdülər – çılpaq dağlardır da, oradan nə alasan ki?

Elə onu demək kifayətdir ki, Andorranın bir neçə əsr ərzində Fransa dövlətinə siyasi və hərbi himayəyə görə ödədiyi illik xərac dörd donuz ayağı, 40 dənə çörək və bir neçə litr şərabdan ibarət idi. Bundan artıq heç nə verə bilmirdi bu Andorra. Ona görə də heç kimə lazım deyildi.

Nəticədə 1793-cü ildə, Fransa İnqilabından sonra inqilabi hökümət həmin xəracın feodalizm əlaməti olduğunu deyərək, Andorranı onu verməkdən azad etdi.

Andorralılar fikirləşdilər, fikirləşdilər və nəhayət 200 ildən sonra dünyada tanınmaq üçün çıxış yolunu tapdılar – futbol üzrə milli komanda yaradaraq, beynəlxalq yarışlarda iştirak etmək.

Dedilər, bununla adımızı eşidib, maraqlanarlar ki, bunlar kimdir belə, biz də deyərik ki, ay camaat, bizim dağlarda qışda xizək sürə bilərsiniz, yayda da sərinləşərsiniz. Gəlin, istirahət eləyin.

Dağlar bizdə də var

Düzgün düşündülər bu andorralılar. Avropalılar yeni bir ölkənin adını eşidəndə və biləndə ki, yaxınlıqdadır, dedilər “gedək görək nədir o belə”. Getdilər, elə getdilər ki, hazırda Andorranın milli gəlirinin 80 faizini məhz turizm təşkil edir.

Bilmirəm nə cəlb edir bu turistləri o Andorraya. Uçmuşam təyyarə ilə onun üzərindən, daş-qayadan başqa bir şey görmədim. Dağlar bizdə də var axı. Özü də daha gözəl dağlar. Özü də çoxdur bizdə bu dağlar. Elə bircə Quba rayonunun ərazisi bütün bu Andorra dövlətindən az qala altı dəfə böyükdür...

Hərdən düşünürdüm mən bu barədə. Ötən həftə Azərbaycan millisi bu Andorranın milli komandası ilə 0:0 hesabı ilə oynayandan sonra isə, lap dərd tutdu məni. Deyirəm, a kişi, bunların daşdan pul çıxarması azmış, hələ futbol oynamağı da bizdən yaxşı bacarırlar. Dərddən yata bilmirdim. Düşünürdüm elə. Ziyalı sayıram axı özümü. Ziyalının işi isə vətəni düşünməkdir. Bizdən başqa kim düşünəcək? Siyasətçilər düşünməyəcək ki – onların onsuz da işləri çoxdur. Fəhlə babanın isə başı qatışıb çörək pulu qazanmağa. Qalıb bu vətəni düşünmək ancaq bizlərə. Siz də deyirsiniz, bu ziyalılar nəyə lazımdır...

Andorra

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Bu, Andorra millisinin oynadığı stadiondur

Nə isə, fikirləşdim ki, axı bunların nefti yox, qazı da yox, ümummilli liderləri də yox, əhalinin sayı bizim Salyan rayonundakından azdır, bunlar necə olur ki, bizdən yaxşı futbol oynayırlar? Bu andorralılar nə Kür balığı yeyirlər, nə Sabirabad qarpızı, nə Quba alması, nə də Şəki pitisi. Bunların çempionatında klubların sahibləri nə neft şirkətləridir, nə də milyarder oliqarxlar. Bunların çempionatının özü elə bir neçə kəndin komandasından ibarətdir ki, qonşu kəndlərin uşaqları bir-birinə qarşı oynayanda bir gün biri dedi ki, “ay camaat, nə boş-boşuna top qovuruq hər bazar, gəlin bu oyunlardakı xalları hesablayaq, sonda isə ən çox xal toplayan kəndə isə Andorra çempionu adını qoyaq. Qıraqdan baxan da desin ki, hə-ə, bunlar əməlli başlı dövlətdir, milli çempionatları da var”.

Bilmirəm, o adama ümummilli lider adını verdilər, yoxsa yox, amma yuxarıda dediyim kimi, onun bu addımı Andorranın dünyada tanınmasında əvəzsiz rol oynadı. Düzdür, əminəm ki, həmin adam da dağıdıcı müxalifətin hücumlarına məruz qalmışdı. Deyirdilər o müxalifətçilər futbolçulara ki, “a kişi, nə işin var sənin bu beynəlxalq oyunlarda? Gedəcəksən bir neçə günlük, evdə isə inək sağılmamış, donuz yedizdirilməmiş, çalışdığın otelin sahibi də deyəcək ki, “ofisiantsan, gəl ofisiantlığını elə də, nə veyillənirsən həftələrlə orada-burada? Mən işçi haradan tapım, ölkədə 20-30 cavan oğlan var, hamısı da futbolçu olub-gedib”...

Amma qulaq asmadılar andorralılar bu dağıdıcı müxalifətə və yaratdılar milli çempionatı da, milli komandanı da. Düzdür, müxalifət burada da deyirdi ki, “hamıya məğlub olacaqsınız, biyabır edəcəksiniz adımızı”, amma andorralılar bilirdilər ki, qitədə başqa ölkələr var ki, onlara məğlub olmayacaqlar. Bilirdilər ki, var Azərbaycan!

Ona görə sevirlər andorralılar Azərbaycanla futbol oynamağı. Ölkədə milli ruh aşağı düşən kimi, dərhal Azərbaycanla yoldaşlıq görüşü təşkil edirlər ki, xalqın mənəvi halı düzəlsin. İndiyədək Azərbaycana qarşı beş oyun keçiriblər və onların cəmi birində məğlub olublar. Onu da cəmi bir top fərqilə. Bilirlər öz işlərini bu andorralılar. Əbəs yerə bir qayanın üstündə oturub, onu dövlət adlandırıb, varlanmırlar ki. İşi bilməyən bunu bacarmazdı axı...

İyirmi ildən çoxdur ki, mən Azərbaycanın futbol millisinin hətta Andorra, Lixtenşteyn və digər “futbol cüllüdləri”nə qarşı niyə oynaya bilməməsi barədə yazıram. Ölkədə futbol meydanlarının, uşaq futbol məktəblərinin və daha nələrin olmamasını misal kimi gətirmişəm, amma əslində məncə səbəb başqadır. Hər halda Andorrada futbol meydançalarının sayı da Azərbaycandakından azdır, elə futbolçuların da. Əslində Andorrada peşəkar futbolçu anlayışı yoxdur. Bu ölkənin futbolçularının hamısının əsas işi var, futbolu isə əylənmək üçün oynayırlar. Onların və başqaların Azərbaycan millisinə qarşı uğurlu oynamasının səbəbi başqadır. Psixologiyadadır onun səbəbi. İndi anlataram bu səbəbi mən sizə.

Ustalıq yoxsa istək?

Deməli, 90-cı illərin ortalarında futbol üzrə Azərbaycan çempionatlarının birində iki komanda çempionluq uğrunda mübarizə aparırdı. Yarış cədvəlində onlar baş-başa gedirdi və itirilən hər bir xal itirilən çempionluğa bərabər idi.

Növbəti turların birində bu liderlərdən biri Neftçalada “Pambıqçı” komandasının qonağı idi. “Pambıqçı”nın sponsoru olmadığına görə, komanda dağılmaq prosesində idi və çempionatda sonuncu yerdə gedirdi. Lider Neftçalaya gələndə, yerli futbolçuların nümayəndə heyəti qonaq komandanın sahibinə yaxınlaşaraq, dedi ki, “ay müəllim, rahat qalib gəlmək istəyirsənsə, hörmətimizi elə, biz də meydanda müqavimət göstərməyək”. Sahib isə dedi ki, “yəni deyirsiniz, o qədər maaş verdiyim futbolçularım sizə də qalib gələ bilməyəcəklər? Pul-zad vermirəm sizə”.

Nə isə, əsəbləşdilər bu Neftçala “pambıqçıları”. Nəticədə bir-təhər 11 nəfər toplayıb, çıxdılar meydana və liderə 1:0 hesabı ilə qalib gəldilər. Ölkənin futbol ulduzlarının əksəriyyətinin toplaşdığı komandaya qalib gəldilər. Deyilənə görə, qarşılaşmadakı yeganə qolun müəllifini neftçalalılar oyuna yarım saat qalmış tarlada traktor sürən yerdə tapmışdılar...

Dediyim odur ki, futbolda ustalıq ən həlledici məsələ deyil. Oynamaq istəyi bundan daha vacibdir. Və əgər futbolçular daxili yarışlarda il boyu məsələlərin meydandan kənarda həll olunacağına öyrəşirlərsə, onların şüurunun ildə bir neçə dəfə milli komandada birdən-birə dəyişəcəyini gözləmək olmaz. Uzağa getməyək, sizcə o yalançı penalti sayəsində yüksək liqada qalan “Rəvan” futbolçuları gələn il meydana çıxanda rəqibdən daha yaxşı futbol oynamaq, yoxsa hakimin onlara necə yardım edəcəyi barədə düşünəcəklər?

Və təəssüflər olsun ki, futbol Azərbaycanda korrupsiya və ədalətsizlikdən əziyyət çəkən yeganə qurum deyil. Elə həmin Andorra dövlətində korrupsiya olsaydı, onlar ölkəyə o qədər turist cəlb edib, varlana bilməzdilər. Burada onlara hətta milli komandanın mövcudluğu da kömək etməzdi...

<italic>Ötən həftənin futbol bloqunu da oxuyun</italic>: <link type="page"><caption> "Bunlar da belə getdi..."</caption><url href="http://www.bbc.co.uk/azeri/blogs/2016/05/160523_togrul_blog" platform="highweb"/></link>