Futbol bloqu: Avropa çempionatı – ilk turun təəssüratları

Şəklin mənbəyi, Getty
- Müəllif, Toğrul Bağırov
- Vəzifə, London, BBC Azərbaycanca üçün
Avropa çempionatında bütün komandalar ilk oyunlarını keçirib və biz kimin nəyə qadir ola biləcəyi barədə artıq danışa bilərik.
Şübhəsiz, birinci turun ən çox maraq doğuran və mərkəzi sayılan oyunu İtaliya – Belçika qarşılaşması idi. Bu, həmin turda yeganə oyun idi ki, orada çempionluğa namizəd sayılan komandalar üz-üzə gəldi.
Ona qədər keçirilən qarşılaşmalarda digər favoritlərin oyunu daha zəif rəqiblərin öhdəsindən necə gələ biləcəyi meyyarı ilə ölçülürdüsə, burada hər şey başqa cür idi.
Burada boks terminologiyası ilə desək, qarşılıqlı zərbələr mübadiləsində qüvvələrdən hansının daha möhkəm olacağı aşkarlanmalı idi. Və gözləntilər doğruldu. İtaliya – Belçika oyunu ilk turun yaraşığı oldu.
"Qeyri-italyan İtaliya"
Qarşılaşmadan əvvəl futbol ictimaiyyətinin rəyi daha çox Belçikanın xeyirinə idi.
Gənc və çox istedadlı futbolçulardan ibarət, FİFA-nın əmsallar cədvəlində ikinci yerdə olan bu komanda bəlkə də tarixində ilk dəfə böyük çempionata aşkar favorit şəklində gəlib.
Təbii ki, onlar Fransaya heyətində bir nəfər də olsa hücuma meylli ulduz olmadan gələn İtaliyadan üstün qiymətləndirilirdilər.
Ona görə hamı ənənəvi olaraq müdafiə futbolu oynayan italyanlardan bu dəfə qapıları qarşısında həmişəkindən daha da çox “səngərlənərək”, vaxtaşırı topu irəli vurmaqla orada yalqız duran hücumçunun nəsə yaradacağına ümid edəcəklərini sanırdı.
Lakin bu dəfə biz meydanda tamamilə başqa İtaliyanı gördük. Apenninlilər Belçika komandasının hər hücumuna hücumla cavab verirdilər və çox zaman onların qapısını əməlli başlı mühasirəyə alırdılar.
Belçika yarımmüdafiəçilərinin bu çempionatda bəlkə də ən istedadlı olduqlarını bilərək italyanların baş məşqçisi Antonio Konte buna dahi bir çarə qıldı.
Bildiyiniz kimi, dahi olan hər şey sadədir və italyanlar Belçikanın yarımmüdafiə xəttini uzun ötürmələr vasitəsilə keçdilər.
Yəni oyunun böyük hissəsini belçikalıların yarımmüdafiəçiləri topun yalnız başlarının üzərindən müdafiə xəttinə uçduğunu görürdülər.
Kimsə deyə bilər ki, burada yeni bir şey yoxdur və italyanlar həmişə belə oynayıblar. Bəli, oynayırdılar.
Lakin burada fərq onda idi ki, onların uzun ötürmələrlə yaratdığı hücumlarda həmişəkindən fərqli olaraq 1-2 deyil, 4-5 oyunçu iştirak edirdi.
Hərdən elə təsəvvür yaranırdı ki, onların oyun düzülüşü 6-0-4 ya 5-0-5-dir. İtaliyanın hücumunda o qədər oyunçuların iştirak etməsi kiminsə yadına gəlirmi?
Bu, tamamilə başqa İtaliya idi və oyundan sonra əfsanəvi Canluka Vialli əbəs yerə demədi ki, “bu gün biz meydanda qeyri-italyan İtaliyanı gördük”.
Amma bu qeyri-italyanlıq yalnız hücuma aiddir. Apenninlilərin müdafiəsi ənənəvi olaraq keçilməz bir sədd idi.
Elə onu demək kifayətdir ki, parlaq, daim hücuma meylli Belçika millisinin bu oyunda qapıya endirdiyi 18 zərbəsindən cəmi üçü çərçivəyə yönəlmişdi.
İş onda deyil ki, bu ulduzlar birdən birə ustalıqlarını itirib, qapını düzgün nişan ala bilmirdilər – iş ondadır ki, italyan müdafiəçiləri onlara qapıya yaxşı mövqedən, ya da sadəcə yaxşı hazırlanmış zərbə endirməyə imkan vermirdilər.
Müqayisə üçün deyim ki, italyanların 12 zərbəsindən altısı, yəni hər ikisindən biri düz qapıya tuşlanmışdı. Belə ki, bu oyunda belçikalıların pis oynamasının yeganə səbəbi o idi ki, onların qarşısındakı rəqib daha yaxşı oynayırdı.
Alman maşını
Beləliklə, ilk turda ən yaxşı təəssürat göstərən komanda İtaliya oldu. Bu göstəricidə ikinci yerə mən Almaniya ilə Fransanı qoyardım.
Hər iki favorit ilk turda kifayət qədər güclü rəqiblərlə qarşılaşsa da, qələbə əldə edə bildi. Ukrayna ilə oyunda Almaniya həmişəki kimi soyuqqanlı, öz işini düzgün bilən və dönməzcəsinə yerinə yetirən bir maşını xatırlatdı.
Ukraynalılar bəzən çox yaxşı oyun nümayiş etdirib, dünya çempionlarının qapısı qarşısında real təhlükələr yaratsalar da, nizam-intizamlı almanlar öz oyun xətlərindən çəkilmədilər və iki cavabsız qol vuraraq, mən deyərdim ki, əsaslı və təsiredici bir qələbə qazandılar.
Təsiredici ona görə yox ki, möhtəşəm oyun nümayiş etdirdilər, təsirli ona görə ki, qeyri-adi bir şey göstərməyib, rahat qələbəni əldə etdilər. Alman maşını bu çempionatda da öz işinə başladı.
Ustalar əvəzedilməzdir
Fransızlar da gözlənilmədən çox ciddi müqavimətlə üzləşdilər. Əslində statistikanı diqqətlə izləyənlər üçün bu müqavimət gözlənilməz deyildi.
Rumıniya millisi Avropa çempionatının seçmə mərhələsində ən az qol buraxan komandadır. Rumınlar 10 oyunda qapılarında cəmi iki qol görmüşdülər.
Çempionat sahiblərinə qarşı oyun isə nümayiş etdirdi ki, rumınların müdafiədəki uğurlarının əsas səbəbi qapıları qarşısında qurulmuş canlı istehkamlar deyil, yaxşı təşkil edilmiş oyundur.
Rumınlar yarımmüdafiədə topu yaxşı ötürür, imkan olan kimi hücumlar təşkil edirdilər ki, bununla da oyunu öz qapılarından uzağa çəkməyi bacardılar. Və bu qarşılaşmada hər şeyi fransızların, daha doğrusu onlardan biri – Dimitri Payetin yüksək fərdi ustalığı həll etdi.
Payet əvvəlcə Jiruya elə ötürmə verdi ki, onu qola çevirmək çevirməməkdən daha çətin olardı, sonra isə inanılmaz bir zərbə ilə komandasına qələbə gətirdi. Nəticədə Fransa yenə də çempionatın qalibi adına əsas namizəd hesab edilir.
Cari çempion İspaniya da qələbəsini oyunçularından birinin fərdi ustalığı nəticəsində qazandı.
İspanlar çexlərə qarşı bütün oyun ərzində çox böyük ərazi və topa sahib olma üstünlüyünə malik olsalar da, kütləvi şəkildə müdafiə olunan rəqibin qapısına yol tapa bilmirdilər.
Sonda Andres İnyestanın millimetrə və millisaniyəyə qədər ölçülmüş ötürməsindən sonra top qapı qarşısında Jerar Pikenin başını tapdı və hərəkətini qapı torunda bitirdi.
İspaniya komandasının yeganə hücumçusu Alvaro Morata bu görüşdə heç nəzərə çarpmadı (sözün düzü bu böyük bir sürpriz olmadı) və hücumçu qıtlığı çəkən ispanların öz titullarını necə müdafiə edəcəyi barədə bir qədər müəmmalar yaradır.
Qorxan gözə çöp düşər
İspanlardan fərqli olaraq, İngiltərə komandasının heyətində bu çempionata bir neçə yaxşı hücumçu gəlib.
Lakin “böyük beşlik” komandalarının arasında birinci turda qələbə qazanmayan yeganə komanda elə məhz İngiltərə oldu.
Məncə bunun əsas səbəbi elə həmin hücumçuların istifadə olunmamasıdır. Baş məşqçi Roy Hodgson heç də təhlükəli olmayan ruslara (söhbət futboldan gedir, son hadisələri nəzərə almaqla, meydandan kənarda rusları mən heç də təhlükəsiz adlandırmazdım) qarşı oyuna cəmi bir hücumçu buraxdı.
Bu taktiki quruluş isə özünü doğrultmadı. Harry Kane çox yaxşı hücumçu olsa da, gəncdir və iştirak etdiyi ilk böyük yarışın ilk oyununda heç nəzərə çarpmadı.
İngilislər böyük üstünlüyə malik olsalar da, rusların təcrübəli müdafiəçiləri üçün rəqibin yeganə hücümçusunu zərərsizləşdimək heç də çətin olmadı. Nəticədə hücumun son mərhələsində ingilislər dişsiz görünürdülər və yaratdıqları imkanlardan istifadə edə bilmirdilər.
Buna baxmayaraq, İngiltərə cərimə zərbəsindən qol vurmağı bacardı (yeri gəlmişkən, qolun müəllifi Eric Dier öz klubunda heç vaxt cərimə zərbələrini yerinə yetirmir).
Bundan sonra isə Hodgson, həddindən artıq ehtiyatlı davranması nəticəsində daha bir səhvə yol verdi – komandanın ən yaxşı oyunçusu, bütün oyunun iplərini əllərində saxlayan Wayne Rooney əvəz edildi.
Nəticədə ruslar topu əldə etdilər, hücuma keçdilər və heç də təhlükəli olmayan vəziyyətdən qol vurmağı bacardılar.
Əlbəttə, burada ingilislərin sadəcə olaraq bəxti gətirmədi, amma bu bəxtsizliyə aparan yollar məşqçinin qərarları ilə döşənmişdi. Necə deyərlər, qorxan gözə çöp düşər...
Hər şey hələ indi başlayır...
İndi isə daha iki nisbi favorit barədə. Portuqaliyanın oyununda hər şey gözlənildiyi kimi oldu – Ronaldunun oyunu alınmadığı halda bu komanda qələbə qazana bilmir.
Düzdür, belə vəziyyətlərdə portuqallara çox zaman onların artistliyi (yəni yalandan özlərini yerə çırpıb, rəqibin cəzalandırılmasına nail olması) kömək edir, lakin bu dəfə oyunun hakimi Cüneyt Çakır İslandiya ilə oyunu əla idarə etdi və islandlar tarixi heç-heçəni əldə etməyi bacardılar – 1:1.
Türkiyə isə bir qədər məyuslandırdı. Düzdür, türklərin rəqibi Xorvatiya oyunçularının keyfiyyətinə görə bu çempionatda ən güclülərdən biridir, amma Türkiyə də onlardan çox zəif deyil.
Bundan əvvəlki yazımda mən qeyd etmişdim ki, türklərin əsas gücü onların əzmkarlığındadır və Fatih Terim bu məqamdan çox yaxşı istifadə edə bilir.
Lakin bu Türkiyə komandası meydanda çox əzmsiz idi. Kimsə deyir ki, bu komandanın oyunçularının əksəriyyəti Avropada doğulub böyüdüyündən, ənənəvi türk xasiyyətinə malik deyil.
Nə deyim, növbəti oyunlarda baxarıq...
Əslində bir oyun əsasında komandanın vəziyyəti barədə nəsə demək çətindir – biz çox görmüşük ki, çempionatın ilk oyununda möhtəşəm futbol göstərən komanda sonra heç qrupdan belə çıxa bilməyib və əksinə, yarışı məğlubiyyətlə başlayan komanda sonda çempion adını qazanır.
Bu yarışda qalib gəlmək üçün komandalar dörd həftə ərzində yeddi oyun keçirməlidir və bu müddət ərzində oyunçuların funksional və mənəvi durumunda çox şey dəyişir.
Həyat isə bizə çoxdan göstərib ki, dəyişikliklər həm müsbət, həm də mənfi ola bilər.




