"Qarabağ" və "Qəbələ" rəqiblərini keçə biləcəkmi?

"Qarabağ"ı Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Çexiyanın “Viktoria”, "Qəbələ"ni isə Avropa Liqasının növbəti mərhələsində Fransanın “Lill” komandası ilə görüş gözləyir

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, "Qarabağ"ı Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Çexiyanın “Viktoria”, "Qəbələ"ni isə Avropa Liqasının növbəti mərhələsində Fransanın “Lill” komandası ilə görüş gözləyir
    • Müəllif, Toğrul Bağırov
    • Vəzifə, London, BBC Azərbaycanca üçün

Avropa kuboklarının növbəti mərhələsi Azərbaycan azarkeşlərinə qarışıq hisslər gətirdi.

Ölkəni qitə yarışlarında təmsil edən iştirakçıların sayının ikiqat azalması qan qaraldıcı olsa da, qalanların növbəti mərhələyə irəliləməsi müsbət xəbərdir.

Lakin digər tərəfdən “Qarabağ”la “Qəbələ”nin cütlüklərində qalib gələcəyi gözlənilsə də, “Kəpəz” və xüsusən də “Neftçi”nin məğlub olması kifayət dərəcədə mənfi bir sürpriz oldu.

“Kəpəz”dən bu mövsümdə Avropada böyük nailiyyətlər gözlənilmirdi. Ən azı ona görə ki, komandanın beynəlxalq təcrübəsi yoxdur.

Lakin onun rəqibi olan “Admira Vaker” də bu baxımdan gəncəlilərdən fərqlənmirdi. Maliyyə problemləri ilə üzləşən mödlinqlilər Qərbi Avropanın bəlkə də yeganə klubudur ki, heyətində xarici futbolçu yoxdur.

Düzdür, Bilbaonun “Atletik”ində də həmin mənzərəni müşahidə etmək olar, lakin bu pulsuzluqdan deyil, bask xalqının milli siyasətindən irəli gəlir.

Möldinq klubu isə ona görə yerli futbolçuları əldə etməyə çalışır ki, xariciləri almağa sadəcə pulu yoxdur.

Onun heyətində rəsmi olaraq yeganə xarici sayılan makedoniyalı alban Bayrami də Vyanada doğulub və bütün həyatını orada yaşayıb.

Belə rəqiblə bacarmaq olardı, lakin “Kəpəz” çox dişsiz oyun nümayiş etdirdi və tamamilə haqlı olaraq, məğlub oldu. Avstriya vətəndaşı olan makedoniyalı alban Bayraminin fəal iştirakı ilə.

“Karfagen dağıdılmalıdır”

Deyəsən bu mövsümdə makedoniyalı albanlar Azərbaycan klublarının qəniminə çevrilirlər. Çünki “Neftçi”ni də məğlub edən Makedoniyanın “Şkendiya” klubu məhz onlara məxsusdur və oyunçularının əksəriyyəti də albanlardır.

Düzdür, mən deməzdim ki, onlar, ya da onların digər komanda yoldaşları çox yaxşı oyun nümayiş etdirdilər. Amma hətta rəqibin zəif oyunu da “Neftçi”ni yarışdan kənarlaşdırmaq üçün kifayət etdi.

Bakılılar iki oyunda bir dəfə də olsa meydanda əsaslı hücuma bənzər bir şey yarada bilmədilər və şəksiz məğlub oldular. Burada nə demək olar? Yenə də köhnə hamam, köhnə tas...

Eramızdan əvvəl 2-3-cü əsrlərdə Romada yaşayan general Mark Porsi Kato senatda hər çıxışını, mövzusundan asılı olmayaraq, “Bundan əlavə, Karfagen dağıdılmalıdır” sözlərilə bitirirdi.

Bununla o bildirirdi ki, Romanın qədim dünyadakı əsas düşməni olan Karfagen mövcud olduqca və Romanın dünyada hökmranlığına mane olunca, senatda başqa məsələləri müzakirə etməyə də dəyməz.

Çünki bütün problemlərin kökündə Karfagenin Romaya qarşı sürdüyü, müasir dillə desək “antiinhisar” siyasəti idi.

Elə biz də, artıq 20 ildən çoxdur ki, Azərbaycan futbolçularının beynəlxalq çıxışlarını işıqlandırarkən, bütün problemlərin kökündə olan futbolçularımızın fiziki cəhətdən hazırlıqlı olmamalarını deyirik.

Amma heç nə dəyişmir. Ona görə gəlin bu dəfə bu barədə danışmayaq. Onsuz da hər şey göz qabağındadır.

“Qəbələ” Avropa çempionuna qarşı oynayacaq

Roman Qriqorçukun yetirmələri Avropa Liqasının üçüncü təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə qarşılaşacaqlar

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Roman Qriqorçukun yetirmələri Avropa Liqasının üçüncü təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə qarşılaşacaqlar

İndi isə keçək daha müsbət məsələlərə. “Qəbələ” ilə “Qarabağ” növbəti mərhələyə keçdi.

Burada xüsusən “Qəbələ”ni qeyd etmək lazımdır. Macarıstanın MTK klubu bu mərhələdə komandalarımızın rəqibləri arasında ən güclüsü idi və “Qəbələ”nin onları belə asanlıqla keçməsi çox sevindirici bir haldır.

Hər iki oyunda qəbələlilər bir dəfə də olsa rəqibdən üstün olduqlarına şübhə etmək üçün imkan yaratmadılar.

Macarıstanın aparıcı idman qəzeti “Nemzeti Sport” qeyd edir ki, MTK futbolçuları bu oyunlarda var gücü ilə mübarizə aparsalar və əllərindən gələni etsələr də, güclü rəqibə qarşı aciz idilər.

“MTK-nın bu oyunlarda əldə etməyə bacardığı yeganə şey təcrübədir”, yazır qəzet. “Qəbələ”dən təcrübə alırlarsa, demək “Qəbələ” oynamağı bacarır!

Bu oyunda elə təsəvvür yarandı ki, meydan sahibləri heç də var gücü ilə oynamırdılar.

Qriqorçukun yetirmələri topu rəqiblərə verib, elə bil növbəti mərhələlər üçün müdafiə oyununu məşq etdirirdilər. Bunu da elə yaxşı bacardılar ki, macarlar bir dəfə də olsa, təhlükə yarada bilmədilər.

Doğrudan da çox yaxşı təsir bağışladı “Qəbələ”. Klubun bu mövsüm ərəfəsində aldığı Baqaliy Dabo, Nika Kvekveskiri və Teo Uiks komandanı xeyli gücləndirdilər.

Teo Uiks isə mənə ümumiyyətlə Azərbaycan çempionatında indiyədək oynayan ən yaxşı əcnəbi hücumçu təsirini bağışlayır.

Buna baxmayaraq, Avropa Liqasında növbəti rəqibi keçmək üçün bu futbolçular kifayət etməyə də bilərlər.

Püşkatmada “Qəbələ”nin bəxti gətirmədi – onun rəqibi bu mərhələdə çıxış edən iki ən güclü klubdan biri oldu - “Lill” (digəri West Ham United-dir).

Fransanın aparıcı klublarından birinin geniş təqdimatda ehtiyacı yoxdur. Elə onu demək kifayətdir ki, bu Avropa çempionatının finalında Portuqaliya komandasına qələbə gətirən qolun müəllifi Eder məhz “Lill”də oynayır...

Amma bu o demək deyil ki, “Lill” keçilməzdir. Müdafiədə yaxşı oyun qurulsa, fransız klubları ilə bacarmaq olar.

Bunu bizə “Qarabağ” “Sent-Etyen”lə qarşılaşmalarda əyani nümayiş etdirmişdi.

“Qəbələ”nin başqa üstünlüyü odur ki, Fransada mövsüm hələ başlamayıb və “Lill” yarış oyunları təcrübəsinə malik deyil.

“Qəbələ” isə artıq dörd belə oyun keçirib və rəqiblə müqaisədə onun elə demək olarsa, “ayaqları açılışıb”. Özü də kim bilir, bəlkə bu oyunlaradək fransızlar artıq Ederi satarlar?

Əminəm ki, Avropa çempionatından sonra onu almaq istəyənlərin sayı xeyli çoxalacaq...

Komandadakı birliyin vacibliyi

“Qarabağ”ın növbəti rəqibi “Düdelanj”dan xeyli güclüdür

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, “Qarabağ”ın növbəti rəqibi “Düdelanj”dan xeyli güclüdür

İndi isə Çempionlar Liqası haqqında. Buradakı təmsilçimiz “Qarabağ” “Düdelanj”a qarşı o qədər də təsiredici oyun nümayiş etdirmədi.

Lakin Qurban Qurbanovun məşqçi kimi strateji düşünməyi bacardığını nəzərə alaraq, ümid etmək istərdim ki, ağdamlılar Lüksemburq çempionuna qarşı var güclərini nümayiş etdirməmişdilər və sadəcə olaraq növbəti mərhələyə keçmək üçün kifayət edən səviyyədə oynadılar.

Buna çox ümid etmək istərdim, çünki “Qarabağ”ın növbəti rəqibi “Düdelanj”dan xeyli güclüdür.

Plzen şəhərindən olan “Viktoria” klubu beşqat Çexiya çempionudur, özü də çempionluqlarının üçünü son dörd ildə qazanıblar.

“Viktoria” Avropada da uğurlu çıxış edir. Cəmi iki il bundan əvvəl plzenlilər Çempionlar Liqasının qrup mərhələsində çıxış edərək, üçüncü yeri tutmağa bacarmışdılar. Sonra isə Avropa Liqasının 1/8 finalına çıxdılar.

Son illər onlar Avropada “Atletiko” Madrid, “Napoli”, “Lion” və “Şaxtyor” kimi klubları məğlub etməyi bacarmışdılar...

Plzen şəhərinin qədim adı Pilsen idi. Güman ki, pivə həvəskarlarına bu ad çox yaxşı tanışdır.

İş ondadır ki, indi çox populyar olan Pilsen pivə növü – yəni açıq rəngli və kifayət qədər alkoholu olan bu növ məhz bu şəhərdə yaranmışdı və buradan bütün dünyaya yayıldı.

İndi bu pivə çox ölkələrdə istehsal olunsa da, məhz Çexiyanın Pilsen pivəsi ən yaxşılardan sayılır.

Çexiyaya gəldikdə isə, əslində “Viktoria”nı çexoslovak klubu adlandırsaq, yanılmarıq.

Çexoslovakiya artıq 25 ildir ki, mövcud olmasa da, onun dağılması dünya tarixində deyəsən yeganə parçalanma idi ki, heç bir müharibə və hətta düşmənçiliklə müşaiyət olunmadı.

Çexlərlə slovaklar dost olaraq qaldılar və hazırda Plzen klubunun heyətində olan əcnəbi futbolçuların beşi də slovaklardır. Özü də onlardan dördü milli komandanın sabit oyunçularıdır.

Belə ki, komandada daxili birlik mövcuddur, bu isə həyatın hər bir sahəsində böyük üstünlükdür.

Amma “Qarabağ” da bizə əsl komanda olduğunu dəfələrlə nümayiş etdirib. Belə ki, əminliklə demək olar ki, bizi çox maraqlı qarşıdurma gözləyir. Ya da biz onu gözləyirik.