Ankara: “Havadan qan qoxusu gəlirdi”

Şəklin mənbəyi, Reuters
- Müəllif, İlhamə Qasımlı
- Vəzifə, Ankaradan BBC Azərbaycanca üçün
Gündəlik həyatı sakit, dərs nizam-intizamı ilə seçilən Ankara, son aylarda baş vermiş partlayışlar nəticəsində bir səksəkə içərisindədir.
Martın 13-də Ankarada baş vermiş son 5 ayda sayca üçüncü olan partlayış şəhərin sakit həyatını pozub.
Həftəsonunu evdə istirahət edərək keçirmək istədiyimiz dəqiqələrdə başqa şəhərlərdə yaşayan qohumlardan edilən həyacanlı zənglə Ankarada yenidən partlayış baş verdiyini öyrəndik.
Həmin ərazidə ofisi olan azərbaycanlı iş qadını Aynur Qazıyeva isə deyir ki, partlayış baş verəndə Kızılay ərazisindəki ofisində olub.
“Bir anda pəncərə-çərçivələrin hamısı yelləndi. Polislər, təcili yardım, yanğınsöndürmə maşınları gəlməyə başladı. Əcaib şəkildə ərtafa dumanlar yayılmağa başladı. Havadan qan qoxuları və sanki dəmirdə ət qızarırmış kimi qoxular yayılmağa başladı. Bu durum çox uzun müddət davam etdi. Çünki geniş bir əraziyə yayılmış yanğını söndürə bilmirdilər.
Təsəvvür edin ki, Çankaya istiqamətinə gedən avtobusların dayanacağından keçən maşın partlayıb, yanğın Güven parkın içinə doğru vurur. Oradakı taksilər, maşınlar, avtobusların hamısı partlayır və yuxarıdan Kızılaya tərəf gələn yola yayılır. Metro çıxışlarına qədər partlayış yüksəlir. Gama iş mərkəzinə doğru partlayış bütünlüklə yayılmışdı. Şüşə parçaları, dəmirlər – nə varsa çox geniş bir əraziyə yayılmışdı”.

Şəklin mənbəyi, Aynur Qaziyeva
Qazıyeva deyir ki, hadisədən bir gün sonra rəsmi tətil olmasa da, oğlu məktəbə getməyib. Tək o yox, heç bir şagird getməyib.
“İnsanlarda can qorxusu var. Çox qorxuruq. Ona görə də oğlumu məktəbə göndərmədim. Müəllimi təlaş içində ağlayaraq zəng edib oğluma bir şey olubmu deyə soruşdu.”
“İnternetlə problemlər yaşadıq. Facebook səhifəm donmuşdu. Emaillər qəbul edib göndərə bilmədim. Telefonlar onsuz da kilidlənmişdi. Keçən dəfəki partlayışda belə şeylər çox yaşanmamışdı. Amma bu dəfə hər tərəfə Jammer (siqnal boğucu) vasitələri göndərmişdilər. Mən Kurtuluşda (hadisə yerinə çox da yaxın olmayan səmt) yaşayıram. Orda belə internet yox idi. Partlayışın şiddətindən elektriklər kəsildi.”
Hadisə Qazıyevanın işinə də təsir edib.
“Partlayışdan sonra bu günkü işimiz çox pis mənada təsirləndi. Hazırda Kızılayda kimsə yoxdur. Maşınlar da, siqnal səsləri də yoxdur. Heç hərəkət edən də yoxdur. Onsuz da sağ tərəfdəki yol tamamilə qapalıdır. İnsanlar qorxduqlarından çölə çıxmırlar.”
Başqa şahidin dedikləri: “təlaşdan qorxdum”
Hadisənin şahidi olmuş Yusuf Koca partlayış zamanı Mithat Paşa prospekti ilə gedirmiş.
“Maşınımın magnitofonu açıq idi, pəncərələr də bağlı idi. Sadəcə onu gördüm ki, tüstü kütləsi qalxdı. Yaxınlıqdakı polisdən sorusdum ki, nə oldu. Dedi, partlayış olub, yolu bağladıq, davam edin. Maşınlar Mithat Paşa prospektinə yönləndirildi. İnsanlar da məhşər kimi sıxlıqda hər kəs bir tərəfə qaçmağa başladı.
O sırada mən bir an öncə sıxlıqdan qurtulmaq üçün çalışırdım. Hadisədən dərhal sonra yolu pərdə ilə örtdülər deyə qarşı tərəfdə heç nə görünmürdü. Saatıma da baxmırdım. Təlaşdan qorxdum. Əlim-ayağım titrəyirdi. Sağ-sol həm avtomobillər, həm, təcili yardım maşınları, həm də piyadaların sıxlığı idi. Partlayışı duyunca hər kəs bir an əvvəl avtobusa minib hadisə yerindən uzaqlaşıb evə getməyə tələsirdi.”
Son hadisələrdən sonra Aynur və Yusuf kimi onlarla insan oxşar hisləri yaşayıb.
Ankaranın alış-veriş, əyləncə mərkəzləri istirahətini düşünən insanlar üçün təhlükəli ünvana çevrilir.

Şəklin mənbəyi, Aynur Qaziyeva
Uşaq baxçaları və ibtidai məktəblərin mədəni ekskursiyaları son aylardakı terror təhlükəsindən ehtiyatlanaraq minimuma endirilib.
Oğlumun oxuduğu uşaq baxçası bu təhsil ilində iki və ya üç dəfə ekskursiyaya gedib. Halbuki keçən il uşaqlar ayda ən az iki ekskursiyaya aparılırdılar.
Hələ keçən həftə keçirilən toplantıda məktəb müdirəsi demişdi ki, ola biləcək terror təhlükəsindən uşaqları qorumaq üçün onların əyləncələrini daha çox məktəb daxilində təşkil etməyə üstünlük verirlər.
Uşaqlar teatrlara getmir, animasiya qrupları məktəblərə tək-tək gedərək uşaqları əyləndirirlər.
Partlayışlar, az qala, adiləşdikçə insanlar bir-birlərinə sağ qaldıqları üçün gözaydınlığı verməyə belə casarət etmir.
Dostlar bir-birimizi arayaraq sağ olub-olmadığını öyrənərkən normalda deyilməsi lazım olan sözləri istifadə edə bilmirik.
Dostun səsini duyub partlayış zamanı həlak olmadığını bilirik, amma “yaxşı ki orda olmamısan, şükür ki, sağsan” kimi təsəlliverici sözlər deyə bilmirik.
İnsanın gözünün önünə həlak olmuş, yaralanmış onlarla günahsız insan gəlir. Sanki dostumuzun sağ qalmasına sevinməklə o insanların ölümümünə də sevinmiş oluruq kimi hiss yaşayırıq…
<bold>Həmçinin oxuyun</bold>: <link type="page"><caption> Azərbaycan ekspertləri Rusiya, Qərb və Erdoğanı ittiham edir</caption><url href="http://www.bbc.com/azeri/region/2016/03/160314_ankara_azeri_reactions" platform="highweb"/></link>



