Türkiyə: azərbaycanlı tələbələrə sıxlıq olan ərazilərə getməmək xəbərdarlığı edilir

Şəklin mənbəyi, Getty
- Müəllif, İlhamə Qasımlı
- Vəzifə, Ankaradan BBC Azərbaycanca üçün
Azərbaycanın Ankaradakı səfirliyi Türkiyədə oxuyan tələbələrə alış-veriş mərkəzləri və sıxlıq olan yerlərə getməmələri barədə hər zaman xəbərdarlıq edildiyini deyir.
Azərbaycanın Ankaradakı səfirliyindən BBC Azərbaycancaya bildirilib ki, səfirlik tərəfindən Ankarada yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyi ilə bağlı “müvafiq addımlar atılır”.
Hərçənd BBC Azərbaycancanın rəsmi Facebook səhifəsinə şərh yazan istifadəçilər onlara səfirlikdən hər hansı rəsmi xəbərdarlığın edilmədiyini bildirib.
Bazar günü axşamı Ankaranın Kızılay ərazisində avtomobildə yerləşdirilmiş bomba partlayışı nəticəsində azı 36 nəfər həlak olub, 125 nəfər yaralanıb.
Hadisə prezident Recep Tayyip Erdoğanın Bakıya planlaşdırılan 15 mart səfərindən öncə baş verir.
Hərçənd Türkiyə mediasında iddia edilir ki, cənab Erdoğanın Bakıya gəlməyəcək. İhlas Xəbər Agentliyi Türkiyə Cumhurbaşkanlığındakı qaynaqlarına əsasən xəbər verib ki, bunun əvəzində görüş Ankarada baş tutacaq.
Cənab Erdoğanın Bakıya bundan əvvəl, 18 fevrala planlaşdırılan görüşü təxirə salınıb. Fevralın 17-də Ankarada 29 nəfərin ölümü ilə nəticələnmiş partlayış baş verib.
İndiki partlayış burada baş vermiş 5 ay içində üçüncü hadisədir.
Səfirlik Ankara valiliyi və Səhiyyə Nazirliyindən aldıqları məlumatlara əsasən bildirib ki, "terror aktında xəsarət alan və həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur”.
“Ankarada təhsil alan azərbaycanlı tələbələr arasında xəsarət alan və ya həlak olan yoxdur”, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova bəyan edib.
Ankaranın 12 universitetində 1303 azərbaycanlı tələbə təhsil alır. Bunların arasında bakalavr, magistr, doktorantura və tibb fakultələrinin rezidenturasında təhsil alanlar var.
Novruz Şənliyi ləğv edilib
Müşavirlik, 15 mart tarixində keçirəcəyi Novruz şənliyinin ləğv olunması barədə qərar verib.
“Bu durumda içimizdən əlimizi qaldırıb oynamaq gəlməz”, xanım Nəsibova BBC Azərbaycancaya deyib.
“Bakıdan şənlikdə süfrəyə qoymaq üçün gətirtdiyimiz paxlava və 50 səmənini isə bu gündən yataqxanalarda yaşayan tələbələrimizə paylayacağıq” təhsil müşaviri əlavə edib.
Azərbaycanlı tələbələrin təhlükəsizlik məsələləri barədə danışan Nəsibova deyib ki, ”müşavirlik tərəfindən tələbələrə terror təhlükəsi barədə ehtimal olduğu dönəmlərdə xəbərdarlıqlar göndərilir”.
“Mən öz tələbələrimi qorumaq üçün onlara alış-veriş mərkəzləri, sıxlıq olan yerlərə getməmələri barədə hər zaman xəbərdarlıq edirəm”, təhsil müşaviri qeyd edib.
BBC Azərbaycancanın rəsmi Facebook səhifəsinə şərh yazan Türkiyədə oxuduqlarını iddia edən bir sıra tələbələr onlara səfirlikdən hər hansı rəsmi xəbərdarlığın edilmədiyini bildirib.
"Heç bir xəbərdarlıq edilməyib", Səbuhi Alibayli adlı istifadəçi yazıb.
"Mən Bilkent Universitetində tələbə təmsilçisiyəm və son bir neçə gün ərzində mümkün terror aktı barədə bizə heç bir qurum tərəfindən məlumat verilməmişdi", Səbuhi Osmanov adlı digər istifadəçi də deyilənlərlə dəstək olub.




