Ankara partlayışı: 11 nəfər həbs edilib

Partlayış şəhərin əsas nəqliyyat qovşaqlarından biri yaxınlığında baş verib

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Partlayış şəhərin əsas nəqliyyat qovşaqlarından biri yaxınlığında baş verib

Ankara partlayışı ilə əlaqədar 11 nəfər həbs edilib, Türkiyənin baş naziri Ahmet Davutoğlu bildirib.

"İndiyə qədər 11 nəfər saxlanılıb, bütün bir şəbəkə ortaya çıxarılır", cənab Davutoğlu əlavə edib.

Baş nazirin yardımçısı Numan Kurtulmuş isə deyib ki, hücumu törədənlərin biri "qadın canlı bombası" olub.

Həmçinin Türkiyə İraqda və ölkənin cənub-şərqində kürd üsyançılarına qarşı təhlükəsizlik əməliyyatlarına başlayıb.

Bu, Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Ankarada azı 36 nəfərin ölümü ilə nəticələnmiş partlayışın ardından terrorçuluğu "dizi üstə" çökdürəcəyinə söz verməsindən sonra baş verir.

Cənab Erdoğan deyib ki, "intihar maşınları" ancaq Türkiyənin təhlükəsizlik xidmətini gücləndirməyə çalışa bilər.

Türkiyə səhiyyə naziri Mehmet Müezzinoğlu 30 nəfərin partlayış yerində öldüyünü bəyan edib. Ölənlərin ikisinin partlayışı təşkil edənlər olduğu ehtimal olunur.

Mənbələr deyir ki, partlayışı törədən "canlı bombanın" biri Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvü olan qadındır. O da hadisə nəticəsində ölüb.

Bazar günü axşamı Kızılay ərazisində avtomobildə yerləşdirilmiş bomba partlayışı nəticəsində həmçinin 125 nəfərin yaralandığı bildirilir. Bəzi yaralıların vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir.

Bu, Türkiyə paytaxtı Ankarada beş ay ərzində üçüncü partlayışdır.

Türkiyə təyyarələri İraqdakı PKK silahlılarına qarşı bomba zərbələrini həyata keçiriblər. Rəsmilər hücuma görə bu qrupdan şübhələnir.

Ordu bəyan edib ki, 11 hərbi təyyarə Qəndil və Qara ərazilərində 18 düşərgəni hədəfə alıb.

PKK onlara hücumların olduğunu təsdiqləyib.

Bundan başqa, əməliyyatların aparıldığı Türkiyənin əsasən kürdlərin yaşadığı cənub-şərq rayonları - Yüksekova və Nusaybində komendant saatı tətbiq olunub, Anadolu agentli yazır.

Daha bir komendant saatı isə saat 23:00-da (Bakı vaxtilə 01:00) Şirnak şəhərində başladılıb.

Ankaradakı patlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Lakin hökumətdəki mənbələr PKK-dan şübhələnir.

Türkiyə daxili işlər naziri Efkan Ala bəyan edib ki, Ankara partlayışının araşdırılması bazar ertəsinədək başa çatdırılacaq və təşkilatçıların adı açıqlanacaq.

Partlayış yerində bir neçə avtomobil və bir avtobus yanıb

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Partlayış yerində bir neçə avtomobil və bir avtobus yanıb

Partlayış Güven parkı yaxınlığında, Ankaranın əsas nəqliyyat qovşaqlarından biri və çoxsaylı mağaza olan yerdə baş verib.

Partlayış yerinə yaxın bir neçə avtomobil və bir avtobus tamamilə yanıb.

Hürriyet qəzeti partlayışın yerli vaxtla 18:40 radələrində baş verdiyini bildirir. İkinci partlayış təhlükəsi ehtimalına görə rayon təcili təxliyə edilib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyan edib ki, terrorçu qruplaşmalar Türkiyə təhlükəsizlik qüvvələrindən məğlubiyyətə uğrayaraq mülki əhaliyə hücum edirlər.

Onun sözlərinə görə, bu hücumlar “bizim terrorçuluqla mübarizə əzmimizi daha da möhkəmləndirir”.

Şəbəkələrin bağlanması

Hürriyet həmçinin Ankarada yerli məhkəmə tərəfindən Facebook, Twitter və başqa sosial şəbəkələrin bağlanması qərarı qəbul olunduğunu bildirir.

Xilasedici xidmətlər dərhal hadisə yerinə gəlib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Xilasedici xidmətlər dərhal hadisə yerinə gəlib

Qadağa partlayış yeri və onun nəticələrini əks etdirən foto və video görüntülərin nümayiş etdirilməsinin yolverilməzliyi ilə əsaslandırılır.

Daha əvvəl sosial şəbəkələrdə bu qəbildən şəkillər yerləşdirilmişdir.

Bundan başqa, məlum olub ki, ABŞ-ın Ankaradakı səfirliyi Amerika vətəndaşlarını mümkün partlayış haqqında xəbərdarlıq edib.

Ölənlərin ikisinin partlayışı təşkil edənlər olduğu ehtimal olunur

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Ölənlərin ikisinin partlayışı təşkil edənlər olduğu ehtimal olunur

Fevralda Ankarada partlayış nəticəsində 28 adam ölüb, 61 nəfər xəsarət almışdı. O zaman hücuma görə məsuliyyəti kürd döyüşçü qrupu öz üzərinə götürmüşdü.