Ankara partlayışı: Azərbaycan ekspertləri Rusiya, Qərb və Erdoğanı ittiham edir

Şəklin mənbəyi, Getty
Azərbaycan ekspertləri və sosial media istifadəçiləri martın 13-də Türkiyənin paytaxtı Ankarada 36 nəfərin ölümü ilə nəticələnmiş bomba partlayışını sərt tənqid edirlər.
Bəzi internet istifadəçiləri baş verənlərə Rusiya və Qərbin “çirkli siyasətlərinin” səbəb olduğunu yazır, lakin Türkiyə rəhbərliyini günahlandıranlar da az deyil.
Bu partlayış Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Azərbaycana martın 15-də səfər edəcəyi elan ediləndən sonra baş verib.
Erdoğanın Bakıya səfəri hələ fevralın 18-ə planlaşdırılmışdı, lakin fevralın 17-də yenə də Ankarada törədilmiş bomba partlayışı ilə əlaqədar təxirə salınmışdı.
Həmin partlayışda 29 nəfər həlak olmuşdu.
Xarici iz
Siyasi təhlilçi Elxan Şahinoğlu Türkiyə üçün çətin günlar “proqnozlaşdırır”.
"Terrorçu təşkilatlar və onların arxasında duran qüvvələr Türkiyəni Suriyaya çevirib, ölkəni daxildən dağıtmağa çalışırlar. Təəssüf ki, partlayışlar Türkiyə paytaxtı Ankarada adi hala çevrilib. Suriyada müharibə davam etdikcə və PKK terrordan əl çəkmədikcə, Türkiyəni çətin zamanlar gözləyir” – deyir təhlilçi.
Bununla belə, Şahinoğlu axar.az saytına verdiyi müsahibədə bildirir ki, Türkiyə güclü ölkədir və bu çətin sınaqdan da çıxacaqdır.
Hökumətyönlü 1news.az internet saytına müsahibəsində müstəqil ekspert Araz Aslanlı deyib ki, Türkiyənin bir sıra qonşuları ilə ciddi problemləri var və hazırda ölkədə baş verənlərdə bir sıra Qərb ölkələrinin də əli ola bilər.
"Son terror hadisələrində hansı ölkələrin birbaşa əlinin ola biləcəyini söyləmək çox çətindir, lakin buna şübhə yoxdur ki, belə böyük və qanlı aktı nüfuzlu qüvvələrin güclü dəstəyi olmadan heç bir terrorçu təşkilat həyata keçirə bilməz” – deyib Aslanlı.
"Onlar Türkiyəni Suriyaya çevirmək istəyirlər” – yazır “Vüqar Səlimov” adlı istifadəçi “Hamam Times” Facebook səhifəsinin şərhlərində.
"Bu hadisələr niyə Erdoğanın Azərbaycana səfəri ərəfəsində baş verir? Bu onu göstərir ki, bu səfəri istəməyənlər var. Bütün bunlar Avropa, ABŞ, Rusiya və İsrailin çirkin əməlləridir” –yazır “Həsən Quliyev” adlı istifadəçi həmin səhifədə.
"Bu hərəkətlər Türkiyə hökumətini zəiflətməyə yönəlib. Bütün bu hadisələrdə Rusiyanın əli var” – yazır istifadəçi “Asim Ağazadə”.
Tanınmış müxalif vəkil Aslan İsmayılov öz Facebook səhifəsində yazır: “Mən əminəm ki, doğma Türkiyə o alçaqları bu təhdidlərinə görə layiqincə cəzalandırcaqdır. Bütün hədələrə baxmayaraq Türkiyə-Azərbaycan dostluğunu sarsıtmaq mümkün olmayacaq.”
"Partlayışlar Erdoğanın siyasətinə görə baş verib"
Bəzi istifadəçilər yazırlar ki, ölkəni hazırkı acınacaqlı vəziyyətə Erdoğanın “çirkli” siyasəti gətirib çıxarıb.
"Erdoğan böyük Türkiyə qurmaq istəyir, lakin başa düşmür ki, bunu ABŞ, Avropa İttifaqı və Rusiya ilə münasibətləri korlamaqla etmək olmaz. O, fənd işlətmədən bunların hamısının əleyhinə getdi, öz hakimiyyətini və ailə biznesini möhkəmlətməyə çalışdı. Nəticədə imperiya qurmaq baş tutmadı, amma Türkiyədə minlərlə terrorçu peyda oldu” – yazır "Vus Mamedov" adlı istifadəçi "Hamam Times" Facebook səhifəsinin şərhlərində.
"Bütün millət Erdoğanın çirkli siyasətindən əzab çəkir” – yazır "Aynur Bunyatova" 1news.az internet saytının Facebook səhifəsində.
“Yeni Dünya” adlı istifadəçi Almaniyada mənzillənmiş müxalif Meydan TV-nin Facebook səhifəsində yazır ki, "bunlar Erdoğana görə baş verir”.
Həmin səhifədəki başqa bir postda isə “Natiq Hüseynov” adlı istifadəçi yazır: “Erdoğan günahkardır!!!!!!!”




