ANS-in lisenziyasına xitam verilib

Milli Televiziya və Radio Şurasının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasına xitam verilib.

ANS Şirkətlər Qrupunun baş direktoru Mirşahin Ağayev məhkəmə qərarından şikayət edəcəklərini bildirib.

"Biz bu qərardan razı deyilik və müvafiq instansiyalara şikayətlə müraciət edəcəyik," cənab Ağayev deyib.

"Prosessual qanunvericilik bizə imkan verir ki, biz Ali Məhkəməyə müraciət edək. Qərar bizə təqdim edildiyi gündən 3 gün müddətində Ali Məhkəməyə müraciət edəcəyik. Ali Məhkəmədə baxılandan sonra növbəti addımımızı sonra fikirləşəcəyik", ANS TV-nin hüquqi nümayəndəsi Raqif Mustafayev BBC Azərbaycancaya bildirib.

Məhkəmə iclası zamanı ANS TV bir neçə vəsatət qaldırıb, məhkəməni izləyən müxbirimiz Elnarə Məmmədova xəbər verir.

Onun sözlərinə görə, televiziya nümayəndəsi bildirib ki, "ANS TV-nin təsisçiləri Vahid Mustafayev və Mirşahin Ağayev haqqında Baş Prokurorluq yanında cinayət işininin icrası getdiyinə görə əslində lisenziyanın xitam verilməsinə dair məhkəmə prosesi dayandırılmalıdır. İki iş eyni anda aparılmamalıdır."

Şuranın aparat rəhbəri Toğrul Məmmədov isə məhkəmədən lisenziyaya xitam verilməsini istəyib. O bildirib ki, bu iş yalnız o zaman dayandırıla bilər ki, "Türkiyə höküməti Gülendən terrorçu adını götürsün".

ANS TV-nin lisenziyası, ABŞ müxbiri Fethullah Gülendən müsahibə aldığı üçün ləğv edilib.
Şəklin alt yazısı, ANS TV-nin lisenziyası, ABŞ müxbiri Fethullah Gülendən müsahibə aldığı üçün ləğv edilib.

"Türkiyə mətbuatı Fethullah Gülenin keçirdiyi mətbuat konfransında yox idisə, azərbaycanlıların orada iştirakı Gülene efirdən meydan vermək, ona dəstək deməkdir. ANS televiziyası Türkiyənin Gülene münasibətini bilə-bilə o konfransa qatılıb və bu qəsd əməldir. Bununla ANS qeyr-peşəkar mövqe göstərib. Çevrilişə cəhd günü TRT 1 aparıcısının çıxışını Türkiyədə Güleni dəstəkləyən media tez-tez vermədiyi halda ANS TV onu dəfələrlə yayımladı", deyən cənab Məmmədov televiziyanın "terrorçuluğu təbliğ edən kadrlar" yaydığını iddia edib.

Televiziyanın vəkili Sevda Məhərrəmova məhkəmədən həmin kadrlara baxılmasını xahiş edib. Hakim həmin videolara baxdığını deyib, lakin detallara varmayıb.

Məhkəmənin gedişatını izləmək üçün Böyük Britaniya, ABŞ və Fransa səfirliklərinin nümayəndləri qatılıb.

İyulun 18-də Şura "Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək" məqsədilə telekanalın yayımının müvəqqəti dayandırılması barədə qərar verib.

Qərara əsasən “ANS ÇM Yayım və Media” Şirkətinin eyni tarixli lisenziyasına xitam verilib. ANS Şirkətlər qrupuna aid olan anspress.com saytı da fəaliyyətini həmin gündən dayandırıb.

Qərardan sonra MTRŞ ANS televiziyasının "qanunazidd fəaliyyəti ilə bağlı" onun işinə xitam verilməsi haqda məhkəməyə müraciət edib.

Hadisə ANS televiziyasının əməkdaşının ABŞ-da yaşayan və Türkiyə rəsmilərinin iyul ayının 15-i ölkədə baş verən çevrilişə cəhddə günahlandırdığı Fethullah Gülenin keçirdiyi mətbuat konfransına qatılıb ondan müsahibə almasından sonra baş verib.

ANS TV-nin əməkdaşının Fethullah Gülenin mətbuat konfransında iştirak etməsi "ciddi xətadır" və <link type="page"><caption> buna görə də ANS Türkiyə və Azərbaycan xalqından üzr istəyir</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/07/160719_ans_tv_closed_temporary" platform="highweb"/></link>, şirkətin baş direktoru Mirşahin Ağayev APA-ya müsahibəsində deyib.

Baş direktorun sözlərinə görə, Fəthullah Gülənin müsahibəsi ilə tanış olandan sonra şirkət rəhbərliyi Türkiyədəki son olayları nəzərə alaraq onu "efirə verməməyi qərara alıb".

Mirşahin Ağayev əmin edir ki, televiziyada Fethullah Gülenin müsahibəsinin anonsu getməyib. "Elə MTRŞ-nın monitorinq xidməti bunu asanlıqla təsdiq edə bilər", o əlavə edib.

"Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fethullah Gülendən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib", MTRŞ-nın yaydığı məlumatda deyilir.