Mətbuat icmalı: İsmayıllıda kəndləri sel basıb

Şəklin mənbəyi, Getty
"Azadlıq": “Qanun”nəştriyyatında “bomba əməliyyatı”
"İyunun 11-də Bakı şəhər Baş Polis Idarəsinin 20 nəfərdən çoxəməkdaşı işdən sonra “Qanun” nəşriyyatının binasına girib.
Bu barədə “Qanun”un direktoru Şahbaz Xuduoğlu “Facebook” səhifəsində yazıb. “Deyirlər ki, burda bomba var. Əgər nəşriyyatdan silah və qanundan kənar nəsə tapılsa, bilin ki, bunun məsuliyyəti Bakı şəhər Polis Idarəsinin üzərindədir”, – deyə Şahbaz Xuduoğlu qeyd edib."
O, daha sonra yazıb ki, kimsə ”102″ nömrəsinə zəng vurub nəşriyyatın binasında bomba olduğunu deyib. Şahbaz Xuduoğlunun özü iş günü olmadığı üçün orada olmayıb.
Bazar günü, iyunun 12-də saat 14 radələrində “Qanun” nəşriyyatında Şahbaz Xuduoğlu və nəşriyyatın bir neçə işçisinin iştirakı ilə axtarış davam etdirilib. Hadisə yerinə çox sayda jurnalist toplaşıb.
"Hadisə yerinə Şahbaz Xuduoğlunun qardaşı keçmiş millət vəkili Sabir Rüstəmxanlı da gəlib. O, jurnalistlərə açıqlamasında bildirib: “Mən şəhərdə deyildim, məlumat verdilər ki, ”Qanun” nəşriyatında bomba var..."
Sabir Rüstəmxanlı bunun arxasında hansısa qüvvələrin dayandığını deyib. O bildirib ki, bu hərəkət təkcə “Qanun” Nəşrlər Evinə qarşı deyil, bütövlükdə onların ailəsinə qarşıdır.
Həmin binada icarə əsasları ilə fəaliyyət göstərən Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin rəhbəri Rövşən Ağayev onların otaqlarında da axtarış aparıldığını bildirib. Lakin axtarış zamanı təhlükəli nəsə tapılmayıb. O deyib ki, axtarış zamanı heç bir akt tərtib olunmayıb.
Bu zaman jurnalistlər polislər tərəfindən binanın digər qapısından maşına əşyalar yüklənməsinin şahidi olublar. Həmin materialların əksəriyyətinin A2 çap formatında olması diqqət çəkib.
Şahbaz Xuduoğlu yoxlama başa çatdıqdan sonra jurnalistlərə açıqlama verib. “Təhqiqatla bağlı onlara şübhəli görünən bəzi materialları götürdülər. Bunlar içərisində qəliblər, yarımfabrikat materiallar var”,- deyə o bildirib."
"Azadlıq": İsmayıllıda kəndləri sel basıb. Xəsarət alanlar var
"İyunun 12-də İsmayıllı rayonuna yağan güclü leysan yağışı nəticəsində yaranan sel suları kəndlərə ciddi ziyan vurub, iki nəfər ağır xəsarət alıb.
...Dağlardan gələn güclü sel suları Kürdmaşı, Quşencə, Qarakolluq, Balik, Enişdibi, Talış, Yenikənd, Şükürçü, Aşıqbayramlı kəndlərində fərdi həyətyanı sahələri, evlərin zirzəmisini basıb, taxıl və üzüm sahələrini, meyvə-tərəvəz bağlarını məhv edib, toyuq-cücə və mal-qara arasında tələfat var. Təbii fəlakət zamanı yenidən asfaltlanaraq bu günlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yolu dağılıb. Sel suları yolun 8 və 23-cü kilometrliyində hərəkət zolağını dağıdaraq nəqliyyatın hərəkətinin tamamilə dayanmasına səbəb olub. Təbii fəlakət nəticəsində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 8 kilometrlik hissəsi tamamilə dağılaraq yararsız hala düşüb. İsmayıllının 10-a yaxın kəndi ilə Qaraməryəm-İsmayıllı avtomobil yolu arasındakı Dəvəbatan çayı və adsız xırda çaylar üzərindəki körpüləri sel suları yuyub apardığı üçün yerli əhalinin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib. Sel suları Kürdmaşı kəndindən keçən Oğuz-Qəbələ-Bakı içməli su kəməri üçün təhlükə yaratdığı üçün əraziyə ağır texnika və işçi qüvvəsi cəlb olunub.
Dörd tərəfi dağlarla əhatə olunan bu kəndlərdə sel suyunun hündürlüyü bəzi yerlərdə bir-iki metrdən çox olduğu üçün sakinlər evlərin eyvanlarına və damına çıxıblar. Ümumilikdə 200-dən çox evin zirzəmisi və həyətyanı sahələri su basıb, 10-a yaxın köhnə ev, tövlə və yardımçı tikililər dağılıb, küçələrdə dərin yarğanlar, keçilməz su gölməçələri və lil qatı əmələ gəlib, təbii qaz xətti qırılaraq yararsız hala düşüb..."
Leysan yağışını müşayiət edən güclü külək də kəndlərə ziyan vurub. "Külək səbəbindən ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb, bəzi yerlərdə sel suları elektrik dirəklərini aşırıb, kəndlərə enerji verilişi dayanıb. Bəzi yerlərdə rabitə və elektrik dirəkləri, meyvə ağacları yıxılıb, naqillər qırılıb, meyvə-tərəvəz sahələrinə xeyli ziyan dəyib..."
"Azərbaycan": Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin premyerası Belarusda anşlaqla keçib
"Belarusun Milli Akademik Böyük Opera və Balet teatrı məşhur bəstəkar Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin premyerasını təqdim edib.
AzərTac BELTA agentliyinə istinadla xəbər verir ki, ...Polad Bülbüloğlu “Eşq və ölüm” baletini özünün şah əsəri adlandırır. Baletin ilk səhnə təcəssümü Bakıda (2005-ci ildə, yeni quruluşda - 2015-ci ildə), ikinci dəfə Yekaterinburqda (Rusiya, 2008-ci il) təqdim edilib. Bu dəfə coğrafiyası daha da genişlənmiş balet xoreoqraf, beynəlxalq müsabiqələr laureatı Olqa Kostelin quruluşunda Belarus səhnəsinə yol açıb.
Belarusun əsas səhnəsində baletin premyerası anşlaqla keçib."




