Mətbuat icmalı: "Rəsul Quliyevin adı İnterpolun siyahısından çıxarılıb"

Şəklin mənbəyi, Getty
"Azərbaycan": Prezident “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə" sərəncam imzalayıb
Sənəddə deyilir:
"...Azərbaycan Respublikasında ali təhsil sisteminin təkmilləşdirilməsi və Fransanın nüfuzlu ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən öz vətənlərində aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədi ilə qərara alıram:
1. UFAZ layihəsinə cəlb edilən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilsin.
2. Müəyyən edilsin ki, UFAZ layihəsinə cəlb olunan Azərbaycan Respublikası ali təhsil müəssisələri:
2.1. tətbiq etdikləri Fransa Respublikasının müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını birgə idarə etmək hüququna malikdirlər;
2.2. maddi-texniki baza imkan verdiyi hallarda UFAZ layihəsi üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər..."
"Yeni Müsavat": Rəsul Quliyevin adı İnterpolun siyahısından çıxarılıb

Şəklin mənbəyi, interpol
"Musavat.com-a daxil olan məlumata görə, iyunun 9-dan etibarən Milli Məclisin sabiq sədrinin adı İnterpolun axtarış sistemindən çıxarılıb. Məlumatlı mənbə bildirir ki, bu, 1998-ci ildən barəsində axtarış elan olunan R.Quliyevin ölkəyə dönüşü üçün siyasi hakimiyyətin razılığı kimi də başa düşülə bilər.
İnterpolun Baki ofisinin rəsmi web səhifəsində və baş ofisinin web səhifəsində Azərbaycan hökumətinin istəyi ilə axtarışa verilmiş şəxslərin siyahısında artıq eks-spikerin adı yoxdur. Bu qərarın verilməsinə səbəb kimi Rəsul Quliyevin siyasi səbəblər səbəbindən axtarışa verildiyini İnterpolun müəyyən etməsi səbəb olub."
"Azadlıq": Milli Şura xalqa müraciət edib: “Taleyinə sahib çıx”
Demokratik Qüvvələrin Milli Şurası xalqa müraciət qəbul edib. Müraciətdə deyilir:
Müraciətdə Milli Şuranın polis idarələrindəki işgəncə hallarından, ölkədə sosial-iqtisadi problemlərin həll edilməməsindən, əhalinin real gəlirlərinin kəskin şəkildə aşağı düşməsindən, tarixi binaların dağıdılmasından narahatlığı ifadə olunur.
"Biz Milli Şura adından hökuməti məsuliyyətli olmağa, sosial-iqtisadi problemlərin həlli imitasiyasından əl çəkib, real tədbirlər üçün elementar vəzifələrini yerinə yetirməyə çağırırıq."
"Hökuməti ərazidə hələ salamat qalmış, yaxud tam dağıdılmamış tarixi binaları sökmək planından imtina etməyə, onların qorunması və bərpası üçün zəruri addımlar atmağa çağırırıq."
"Xalqımıza müraciətlə vurğulamaq istəyirik ki, son dövrlərin təcrübəsinin də göstərdiyi kimi, ölkədə xalqın seçmədiyi, xalq qarşısında məsuliyyət daşımayan, legitimliyi olmayan hakimiyyət nə sosial-iqtisadi problemləri həll edə, nə siyasi məhbus problemini aradan qaldırmaq, işgəncələri durdurmaq iradəsi göstərə, nə də işğaldakı torpaqlarımızı azad etmək qətiyyəti və cəsarətinə sahib ola bilər. Problemlərimizin köklü həlli xalqımızın ciddi şəkildə təşkilatlanmasından, millət olaraq öz taleyinə sahib çıxmasından keçir... Bir daha xalqımızı siyasi fəallıq nümayiş etdirməyə, Milli Şura ətrafında təşkilatlanmağa və taleyinə sahib çıxmağa çağırırıq."



