Mətbuat icmalı: "Merkel Əliyevlə görüşdə insan hüquqlarından danışıb"

Şəklin mənbəyi, Getty
"Yeni Müsavat": Sevil Əliyevanın oğlu Ağır Atletika Federasiyasının vitse-prezidenti təyin edilib
"Sevil Əliyeva oğlu Azər Əliyevin Azərbaycan Ağır atletika Federasiyasının vitse-prezidenti təyin edilməsi ilə bağlı xəbəri virtualaz.org-a təsdiqləyib, Yeni Müsavat qəzeti yazır.
"Azər Əliyev Azərbaycana kömək qərarı verib", Sevil Əliyevadan sitat gətirilir. "O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var".
Sevil Əliyeva həmçinin bildirib ki, 30 yaşlı Azər Əliyev babasının – Heydər Əliyevin evində yaşayır.
Ağır Atletika Federasiyasının prezidenti AZAL-ın rəhbəri Cahangir Əsgərovdur.
"Azadlıq": "Hökumət islahatdan qorxur"
Amerikanın Səsinə müsahibə verən Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, əgər Azərbaycan üzünü Avropaya tutursa, burada həmin cəmiyyətin, həmin ailəmin qaydalarına uyğunlaşmaq üçün islahatlar edilməlidir. "Monopoliyanın qabağı alınmalıdır, korrupsiyanın qarşısı alınmalıdır, insan haqlarına hörmətlə yanaşılmalıdır.
Azərbaycan özünü azad və mədəni cəmiyyətin bir hissəsi hesab etmək istəyirsə hökmən sosial-iqtisadi, hüquqi islahatlar keçirilməlidir.
Bu günləri heç kəsə sirr deyil ki, Əliyev hakimiyyəti, Əliyev rejimi Azərbaycanın məhkəmə sistemini, hüquq sistemini bir karikaturaya çevirib.
Bir tərəfdən azad məhkəmə yoxdur, o biri tərəfdən bütün dünyaya müraciət edirlər, gəlin Azərbaycana investisiya qoyun. Azad məhkəmə sistemi, siyasi və iqtisadi azadlıqlar olmayan yerdə bu çağırışın heç bir əhəmiyyəti yoxdur."
Cəmil Həsənli bu günlərdə Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı dilomatik missiyalarının rəhbərləri ilə görüşündən də danışıb: "Görüşdə əsas müzakirələr sosial-iqtisadi islahatların vacibliyi, Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin ağırlığı və ondan çıxış yolları, Qarabağ ətrafında aprelin əvvəllərində cərəyan etmiş hadisələrlə bağlı müəyyən müzakirələr keçirdik. Milli Şura olaraq bizim əsas hədəfimiz Azərbaycanı Avropa cəmiyyətinin, Avropa təşkilatlarının və Avropa strukturlarının içərisində görməkdir."
Milli Şura sədri hesab edir ki, Azərbaycan hakimiyyəti islahat aparmaq qüdrətinə malik deyil. "Çünki, o islahatdan qorxur. Yəni, bütün hallarda azad, demokratik, sosial-iqtisadi islahatları o özünə qarşı görür. Ona görə də bu islahatlara çox ehtiyatla yanaşır. ...Azərbaycan hakimiyyəti müxalifətə və müstəqil fikirli adamlara düşməncəsinə yanaşır. Nə özü bir şey bacarır, nə özü bir şey etmək istəyir, nə də ağıllı təklifləri, fikriləri qəbul etmək əzmində deyil. ...Azərbaycan hakimiyyəti islahat keçirmək, yəni cəmiyyətin böhrandan müdafiəsi, ölkənin sosial-iqtisadi inkişafını stimullaşdırmaq üçün islahat keçirmək fikrində deyil. Siz prezidentin verdiyi sərəncamlara diqqət yetirmiş osanız, görərsiniz ki, bir sərəncam bu həftə verildi, gələn həftə ləğv edildi. Niyə? Çünki, monopolist dairələrin, korrupsioner dairələrin maraqlarına toxunan məsələlər var idi ki, bir həftə-on gündən uzun çəkmədi o sərəncamlar."

"Azadlıq": Vahid Əhmədov: "Manat ucuzlaşmaqda davam edəcək"
Milli Məclisin üzvü Vahid Əhmədov Modern.az saytına manatın ucuzlaşmaqda davam edəcəyini deyib.
"Deputat manatın Azərbaycan maliyyə bazarında öz həqiqi qiymətini tapmasının vacibliyini diqqətə çatdırıb:
“Manatın məzənnəsi hazırda müəyyən metodlarla qorunub saxlanırdı. Amma artıq başa düşürlər ki, manatın indiki məzənnəsinin qorunub saxlanması əlavə xərc deməkdir. Bundan başqa
Federal Ehtiyatlar Sistemi (FED) Amerikada müəyyən qərarlar qəbul edib. Ola bilər ki, bu da ucuzlaşmaya təsirsiz ötüşməyib. Hesab edirəm ki, manat daxili bazarda öz qiymətini almalıdır. Əlavə vəsaiti real sektora sərf etmək lazımdır. Mənim fikrimcə manatın ucuzlaşması davam edəcək”".

Şəklin mənbəyi, Aziz Karimov
"Azadlıq": Merkel Əliyevlə görüşdə insan hüquqlarından danışıb
Almaniyada səfərdə olan prezident İlham Əliyev iyunun 7-də kansler Angela Merkellə görüşüb. Görüşdən sonra isə mətbuat konfransı keçirilib "Merkellə görüşdə Azərbaycandakı siyasi vəziyyəti də müzakirə etdiklərini deyən Əliyev insan hüquq və azadlıqlarının durumuna da toxunub. O, deyib ki, Azərbaycan demokratiya və insan haqları prinsipinə sadiqdir. “Bu məsələlərin inkişafı üçün, o cümlədən sərbəst toplaşma, ifadə azadlığı sahəsində bir sıra addımlar atılıb. Azərbaycanda internet azaddır. Həmçinin, ölkəmizdə din və etiqad azadlığı mövcuddur.
...“Rusiya Azərbaycanla qonşu, dost ölkədir. Rusiya ilə yaxşı, konstruktiv münasibətlərimiz mövcuddur. Rusiyanı strateji tərəfdaş hesab edirik. Rusiyanın da Azərbaycana münasibəti eynidir. Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur. Lakin bu, Ermənistanda allergiya doğurur” – deyən Əliyev Rusiyanın ATƏT-in Minsk qrupunda rolunu pozitiv qiymətləndirib."
Mətbuat konfransında çıxış edən A.Merkel Azərbaycandakı sosial duruma da diqqət ayırdıqlarını ifadə edib: “Ümid edirəm ki, alman fondları yenidən Azərbaycanda işləyəcək. Aprelin əvvəllərində atəşkəsin pozulmasının şahidi olduq. Münaqişənin diplomatik və sülh yolu ilə həllini istəyirik. Düşünürəm ki, tərəflər danışıqlar masası arxasında əyləşməlidir. Biz təkcə həmsədrlərin deyil, bütün Minsk qrupunun bu prosesdə fəal iştirakını dəstəkləyirik ”.

Şəklin mənbəyi, Reuters
"Azadlıq": "Der Spiegel": "Dünyanın ən korrupsioner ölkələrindən birinin rəhbəri Berlində"
Alman nəşri "Der Spiegel" İlham Əliyevin Almaniya səfəri ilə bağlı məqalə dərc edib.
"Məqalədə deyilir ki, Azərbaycan dünyanın ən çox korrupsiyaya qurşanmış ölkələrindən biridir. Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan prezidentini seçkiləri saxtalaşdırmaqda, mətbuatı boğmaqda və işgəncələrdə günahlandırır. İlham Əliyev klanının adı Panama sənədlərində də geniş yer tutur. İlham Əliyevə Berlində demokratiya və qanunun aliliyi barədə suallar veriləcəyi gözlənilir."
"Azərbaycan": Polad Bülbüloğlu: "Regionun sülhə ehtiyacı var"
"Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiyanın"Moskovski Komsomolets" qəzetinə müsahibəsində Rusiya-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və Metsamor AES ilə bağlı təhlükə haqqında danışıb.
Səfir qeyd edib ki, Azərbaycan və Rusiyanı ortaq tarix, mədəni-humanitar və informasiya məkanı birləşdirir, ölkələrimiz, o cümlədən regionlararası səviyyədə ticarət-iqtisadi əməkdaşlığı fəal inkişaf etdirir.

Şəklin mənbəyi, RIA Novosti
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar suala cavab verərkən diplomat deyib: “Ermənistan başqa dövlətin ərazisini işğal edib və indi dünyaya izah etməyə çalışır ki, bu, belə də olmalıdır. Amma bu absurddur! Azərbaycan, onun ərazisinin işğalı, özgə ərazisini qanunsuz işğal edən təcavüzkar var. Azərbaycan ona qarşı həyata keçirilən təcavüzün nəticələri ilə heç vaxt barışmayacaq. Özünümüdafiə BMT-nin Nizamnaməsinə uyğun olaraq hər bir ölkənin hüququdur. Bu, qədim dövrlərdən indiyə qədər hər bir xalqın müqəddəs borcudur. Azərbaycan vətəndaşı kimi, əslən Qarabağdan olan, Şuşada ata-baba evi indi işğal altında olan bir insan kimi dəfələrlə demişəm və indi də deyirəm ki, vətənimin torpaqlarını işğalçılardan azad etmək üçün Vətən müharibəsində şəxsən iştirak etməyə hazıram. Lakin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu, o cümlədən hərbi quruculuq sahəsində əldə edilən müvəffəqiyyət sayəsində silahlı qüvvələrimizin potensialı kifayət qədər çoxdur və aprel hadisələri zamanı Müdafiə Nazirliyi könüllülərin orduya cəlb edilməsinə ehtiyac olmadığını bildirib”".



