Mətbuat icmalı: Bakıda NATO ekspert qrupunun işçi görüşü keçirilir

Şəklin mənbəyi, Getty
"Azadlıq": İş adamı Abdulla Abdullayev azadlığa buraxılıb
Dələduzluqda və mənimsəmədə təqsirləndirilən AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəməsi başa çatıb."
Elan olunmuş qərara əsasən, A.Abdullayevin ittiham olunduğu 193-1.3.2-ci maddəyə xitam verilib.
"Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla barəsində 5 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb."
"Azərbaycan": Bakıda NATO ekspert qrupunun işçi görüşü keçirilir

"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Nortvud Dəniz Komandanlığının ekspert qrupu ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri arasında “Dənizdə təqib etmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələri” mövzusunda işçi görüşü keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hərbi Dəniz Qüvvələrinin bazasında təşkil olunan görüşdə dənizdə təqib etmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələrinin hazırlıq prosesində Azərbaycan Hərbi Dəniz Qüvvələrində və NATO-da tətbiq olunan standartlar, tapşırıqlar və fəaliyyətlər mövzusunda fikir mübadiləsi aparılır."
"Azərbaycan": AZPROMO və Şərqi Avropa ilə İqtisadi Əlaqələr üzrə Komitə arasında Anlaşma Memorandumu imzalanıb
"Berlində keçirilmiş Almaniya-Azərbaycan biznes forumu çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniyanın Şərqi Avropa ilə İqtisadi Əlaqələr üzrə Komitəsi (CEEER) arasında iqtisadi sahədə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənəddə Almaniya ilə Azərbaycan arasında qarşılıqlı ixrac və investisiya imkanlarının genişləndirilməsi, sahibkarlıq və biznes fəaliyyəti sahəsində təcrübə mübadiləsi, maarifləndirmə, biznes forum, yarmarka, simpozium, konfrans və bu kimi digər tədbirlərin təşkili nəzərdə tutulur."
"Yeni Müsavat": Korrupsiya ilə bağlı dəyirmi masa keçiriləcək
"İyunun 28-də Azərbaycan Respublikasının Auditorlar Palatasında "Korrupsiya ilə mübarizədə və şəffaflığın artırılmasında auditorların qarşısında duran vəzifələr" mövzusunda dəyirmi masa keçiriləcək.
...Dəyirmi masada "Korrupsiyaya qarşı mübarizədə auditin təşkili üzrə metodik göstəriş"in və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik tövsiyə"nin layihələri təqdim olunacaq."




