Mətbuat icmalı: "İntiqam Əliyevin ölkədən çıxışına icazə verilib"

Şəklin mənbəyi, Getty
"Azadlıq ": Cəmil Həsənli yenidən Milli Şuranın sədri seçilib
Milli Şuranın iyunun 4-də keçirilmiş növbəti sessiyasında Cəmil Həsənli yenidən sədr seçilib.
Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli çıxışında 4 iyunun Azərbaycanda demokratik hökumətin qiyamla devriliyi gün olduğunu xatırladıb:
“Bu gün tarixi gündür. Milli hakimiyyətin qiyam yolu ilə devrildiyi gündür. 23 il əvvəl Azərbaycanın sürətlə demokrikləşməsini, Avropa ailəsinə sürətlə qoşulma perspektivini görüb narahat olan xarici və daxili qüvvələr bir araya gələrək, parlamentdə o qiyamın dövlət çevrilişi ilə başa çatmasına nail oldular. Heydər Əliyevin başçılığı ilə keçmiş kommunistlərin hakimiyyəti bərqərar oldu.
Qısa müddətdə Heydər Əliyev həmin hakimiyyətin mahiyyətini dəyişərək sülalə hakimiyyətinə çevirdi. Artıq 23 ildir ölkə bir ailə tərəfindən idarə olunur. Bu illər ərzində Azərbaycanın siyasi sistemi dağıdıldı, demokratik təsisatları məhv edildi, mənəviyyatı tənəzül etdi, ölkənin iqtisadi sərvətləri talan olundu, bir çox böyük fürsətlərdən ölkəmiz mərhum olundu.
Lakin bir təsəllimiz var ki, sovet işğalından sonrakı bu 23 illik yeni işğal da Azərbaycan xalqını sındıra bilmədi.
Azərbaycan xalqı bu işğalla barışmadı, təslim olmadı, mübarizə davam edir və Azərbaycan xalqı hər zaman fürsət axtarır ki, böyük Məhəmmədəmin Rəsulzadənin və Əbülfəz Elçibəyin yarımçıq qalmış yolunu davam etdirsin.
Mən inanıram ki, apardığımız mübarizə uğur qazanacaq və Azərbaycan yenidən demokratiya, ədalət yoluna çıxacaq”.
AXCP sədri çıxışında ölkədə sosial-iqtisadi vəziyyətin ağırlığından da danışıb: “Özlərini elə aparırlar ki, sanki ölkədə sosial-iqtisadi vəziyyət qaydasındadır.
İlham Əliyevin həqiqətə uyğun olmayan sözlərinə fikir verməyin. Büdcə kiçilir, Ümumi Daxili Məhsul azalır, maliyyə ehtiyatlarımız tükənir.
Böhran davam edir vəedəcək. Hökumət heç bir ciddi addım atmır.

Korrupsiya piramidası əvvəlkitək inkişaf edir, rəqabətsiz mühit, mülkiyyət hüququna qəsd, ölkədən kapital axını davam etməkdədir.
Son dörd ayda qeyri-neft sektoruna investitsiya qoyuluşu 73 faiz azalıb.
Hanı, bəs bunlar kənd təsərrüfatını inkişaf etdirirdi? Bir statistika deyim, keçən ilin ilk dörd ayında bu sahəyə 170 milyon dollar vəsait qoyulmuşdusa, bu il həmin rəqəm 40 milyon dollar təşkil edir.
Hökumətin sosial-iqtisadi vəziyyətdən çıxmasının əsasən üç istiqaməti var:
- 1. İmitasiya etmək – vaxtaşırı bir-birinə zidd və bəzən də ləğv olunan fərman vəsərəncamlar vermək – onların da əksəriyyətinin praktik əhəmiyyəti olmur;
- 2. Qarabağ problemindən sui-istifadə edərək xalqı gündəlik qayğılarından uzaqlaşdırmağa cəhd;
- 3. Borclanma.
Bu gün Azərbaycan dövlətinin artıq istifadə etdiyi borcun məbləği 7 milyarddı, imzaladığı borcun miqdarı isə 10 milyardı keçib.
Bu təkcə dövlət borclarıdır. Dövlətin zəmanəti ilə ayrı-ayrı şirkətlərə alınan külli miqdarda borclar da var.
Neftdən gələn 100 milyarddan artıq gəlir məhv edildi. Indi ölkənin nə qədər borc almaq imkanları varsa, ondan da istifadə etmək istəyirlər. Ölkəni borc batağlıqına salıb getmək istəyirlər”.
"Azadlıq": Trump Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunur
Associated Press agentliyinin müxbiri Jeff Horwitz yazır ki, Donald Trump ABŞ prezidentliyi uğrunda namizəd yarışına daxil olandan 6 ay əvvəl Azərbaycanın paytaxtı Bakıda özünün mülk layihəsini elan etmişdi.
“Onun tərəfdaşı, ABŞ diplomatlarının İran hərbiyyəsi üçün çirkli pulların yuyulmasında iştirak etməkdə şübhəli bildikləri və “korrupsiyada ad çıxarmış” hökumət nazirlərindən biri idi” –yazır müxbir.

Şəklin mənbəyi, Getty
Jeff Horwitz qeyd edir ki, “amma indi 18 ay keçmiş və qızı İvanka Trump az qala başa çatmış layihənin reklam videosunun təqdimatını edəndən bir neçə həftə sonra Bakı layihəsi Trump-ın internet saytından yoxa çıxıb”.
Trump-ın baş müvəkkili Alan Garten Associated Press agentliyinə deyib ki, layihə iqtisadi səbəblərə görə hələlik dayandırılıb." "Partnyorun (Anar Məmmədovun - red.) atasının İran üçün çirkli pulların yuyulmasında iştirakı barədə ABŞ-ın dipliomatik məktublarında qeyd olunmuş iddialar haqqında suala Garten “mən bu barədə əvvəllər heç nə eşitməmişəm” – deyib.
Garten daha sonra deyib ki, o, haqqında İran pullarının yuyulmasında iştirakı barədə iddialar səsləndirilən Ziya Məmmədovun öz oğlunun biznesi ilə əlaqəli olmadığına əmin olub.
Jeff Horwitz yazır ki, əslində Trump-ın partnyorunun əsas bizneslərinin atasının nazirliyi ilə bağlı olduğu bəllidir. ...Müxbir Dövlət Departamentinə istinadən yazır ki, “Azərbaycanda biznes qurmaq istəyən hər bir amerikalı belə bir risklə üzləşir: “baş alıb gedən məmur korrupsiyası”.
“Bu pulun böyük hissəsi neft və qaz sənayesindən gəlir, lakin Dövlət Departamenti hesab edir ki, bu ölkə terror maliyyəçilərinin, İran sanksiyalarından yayınanların və Əfqanıstan narkobaronlarının marşrutu sayılır” – deyilir AP-nin məqaləsində."
“Bunlar özbaşına öz bizneslərində olan adamlar deyillər – burda da söhbət dədədən gedir, 1990-cı illərdə ABŞ-ın Bakıdakı səfiri olmuş Richard Kauzlarich deyib.
"...Müxbir yazır ki, o vaxtlar Anarın 19 yaşı olmalı idi. Anar Məmmədov sonralar biznesə 2005-ci ildə başladığını deyib, halbuki onun bir çox filial ofisləri bu tarixdən əvvəl fəaliyyətdə idi. ...AP-nin məqaləsində qeyd olunur ki, ABŞ-ın 2009-cu ildə sızmış diplomatik yazışmalarında Ziya Məmmədov hətta Azərbaycan kimi bir yer üçün də “son dərəcə korrupsiyalı şəxs” adlandırılıb.
Bu diplomatik yazışmalarda bildirilirdi ki, magistral yollardan birinin tikintisi üçün dövlət sifarişi Ziya Məmmədovun yaxın iştirakı ilə İran İnqilab Keşikçiləri Qvardiyasının keçmiş hərbçisi Kamal Darvishi-yə həvalə olunub."
"Azərbaycan": “Shamkir Chess 2016” super turnirinin bağlanış mərasimi keçirilib

Şəklin mənbəyi, chess.az
"Beynəlxalq qrossmeyster, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2016” super turnirinin təntənəli bağlanış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Vüqar Həşimovun qardaşı Sərxan Həşimov ardıcıl üçüncü il baş tutan yarışın təşkilatçılarına təşəkkür edib.
O, turnirdə ədalətli oyun prinsipinə sadiq qaldığı üçün qadınlar arasında dünya çempionu Hou Yifana, Vüqar Həşimovun oyun üslübuna yaxın partiya sərgilədiyi üçün Şəhriyar Məmmədyarova, yüksək təşkilatçılığa görə “Synergy Group” ASC-nin İdarə Heyəti sədrinin müavini Fərid Hüseynova minnətdarlığını bildirib.
Sonra turnirin rəhbəri Fərid Hüseynov Şəhriyar Məmmədyarova “Shamkir Chess 2016”nın kubokunu təqdim edib."
"Yeni Müsavat": İntiqam Əliyevin ölkədən çıxışına icazə verilib
"Baş prokuror Zakir Qaralovun Ali Məhkəməyə verdiyi protest əsasında 5 il şərti cəza ilə azadlığa çıxan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin ölkədən çıxışına icazə verilib. Bu barədə Sumqayıt Məhkəməsi qərar qəbul edib. Artıq qərar əsasında hüquq müdafiəçisi Avropa Şurasının 6-7 iyunda təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Strasburqa yola düşüb." Bu barədə İ.Əliyevin oğlu Nəcmi Əliyev öz facebook səhifəsində məlumat yayıb: "Sumqayıt Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarı ilə Intiqam Aliyev 10 gün müddətinə ölkədən çıxışına icazə verilib," Nəcmi Əliyev öz statusunda yazıb.

Şəklin mənbəyi, Azad Fikir Universiteti



