Mətbuat icmalı: "Ermənistan danışıqlardan imtina etdi"

Şəklin mənbəyi, Getty

"Azərbaycan": Türkiyə prezidenti Azərbaycana işgüzar səfərə gəlib

"Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizə işgüzar səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub," qəzet yazır.

"Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulanıb, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib".

"Yeni Müsavat": Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb

"Azərbaycan Müdafiə Nazirliyi bu gecə cəbhə xəttində ermənilərin həyata keçirdiyi təxribatlarla bağlı bəyanat yayıb". Bəyanatda deyilir:

"Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq."

"Azadlıq": Xədicə kampaniyasına senator Ben Kardin də qoşuldu

"Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın azadlığa buraxılması üçün dünyada başlanan kampaniyaya məşhur amerikalı senator Ben Karden də qoşulub. Bu barədə o özü “facebook” səhifəsində məlumat yayıb," qəzet yazır.

"Senator bildirir ki, bugünlərdə Avropa İnsan Haqları Məhkəməsində Xədicə İsmayılın hüquqlarını müdafiə edən dünyaca məşhur vəkil Amal Kluni ilə görüşüb. Görüş zamanı əsas müzakirə mövzularından biri Xədicə İsmayılın həbsi və onun azadlığa buraxılması istiqamətində görülə biləcək işlər olub.

Ben Kardin həmçinin qeyd edib ki, görüş zamanı özünün müəllifi olduğu Qlobal Maqnitski Aktının bütün dünyada insan haqlarının müdafiəsi və təşviqində rolu da müzakirə edilib.

...Amal Kluni bugünlərdə ABŞ Konqresində bir sıra başqa konqresmenlərlə də görüş keçirərək, Xədicə İsmayılın azadlığa buraxılması üçün vacib olan işləri müzakirə edib".

"Azadlıq": Ermənistan danışıqlardan imtina etdi

"Ermənistan prezidenti Serj Sərkisyan “Bloomberg” agentliyinə aprelin 24-də Irəvanda, öz iqamətgahında verdiyi müsahibədə deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır".

"Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır. “Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil”, – deyə Sərkisyan bildirib.

Ermənistan prezidenti aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından danışarkən deyib ki, Azərbaycan döyüşlərə “bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu” cəlb etmişdi.

“Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?”, – deyə Sərkisyan sual edib.

...Müsahibədə Sərkisyan ilk dəfə etiraf edib ki, ermənilər bu döyüşlərdə ərazi itiriblər. Onun sözlərinə görə, Azərbaycan qoşunları “təmas xəttinin şimalında və cənubunda” kiçik ərazini nəzarət altına alıb. “Ancaq bu ərazilər strateji əhəmiyyət kəsb etmədiyindən əlavə itkilər hesabına onları geri qaytarmağa cəhd etmirik”, – deyə Serj Sərkisyan əlavə edib.

“Əgər heç bir danışıqlar yoxdursa Rusiya qüvvələri Qarabağda necə peyda ola bilər?”, – deyə Sərkisyan sual edib. Onun fikrincə, Rusiya “irimiqyaslı müharibəni əngəlləmək üçün” Azərbaycanla Ermənistan arasında balanslaşdırma həyata keçirir".