Mətbuat icmalı: Nalbandyan - "Lavrov heç bir həll paketi gətirməyib"

Şəklin mənbəyi, Getty
"Azadlıq": Nalbandyan: "Lavrov Yerevana Qarabağ üzrə heç bir paket gətirməmişdi"
"Ekspertlərə görə aprelin 23-ü cəbhədə yenidən yaranmış gərginlik, işğalçı qüvvələrin ordumuzun mövqelərinə tankların da dəstəyi ilə hücuma keçmək cəhdi Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya prezidenti Vladimir Putinin sülh danışıqlarına başlanması və nəticə əldə olunması ilə bağlı təşəbbüsünü rədd etdiyini göstərir.
Lavrovla Sarkisyanın Ermənistana səfəri kifayət qədər gərgin atmosferdə, İrəvanda antirusiya aksiyalarının qızışdığı, etirazçıların prezident iqamətgahına doğru yürüş etdiyi bir vaxtda baş verdi," qəzet yazər.
"Görüşün jurnalistlərə açıq hissəsində Sərkisyan Rusiyanın tərəflərin dərhal danışıqlar masası arxasına keçmək barədə çağırışlarını dəstəkləmədiyini nümayiş etdirib. O, Lavrova deyib ki, cəbhədə son baş verənlər danışıqlar prosesini “çox geriyə atdı”. Və Sərkisyan Lavrova deyib: “Bütün bunlar niyə baş verdi? Yəqin ki, sizin daha səhih məlumatlarınız var”.
"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə “Novosti Armeniya”ya açıqlamasında deyib ki, Lavrov heç bir həll paketi gətirməyib: ”Siz artıq beşinci dəfədir ki, hansısa paket haqqında soruşursunuz. Lavrov belə bir paket gətirməyib. Bunu Lavrov özü də bəyan etdi. Heç nə uydurmaq lazım deyil”.
"Azərbaycan": MN: "Münaqişənin yeganə həlli yolu işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasıdır"
"Ermənistanın müdafiə naziri Seyran Ohanyanın münaqişənin həlli ilə bağlı Azərbaycana güzəştə getməmək mülahizələrinə Azərtac-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər: “S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaqdır.
Münaqişənin sülh yolu ilə yeganə həlli isə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır.
Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və Ordumuzun qüdrəti ilə işğal olunmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaqdır,” qəzet Müdafiə Nazirliyinə istinadən yazır.
"Yeni Müsavat": Məmurların Xəzər sahillərində tikdikləri obyektlərin kanalizasiya suları dənizə axıdılır
"Xəzərin sahilində yeni salınan fərdi yaşayış evlərinin, sahilboyu düzülən istirahət mərkəzlərinin heç şübhəsiz ki, kanalizasiya suları birbaşa dənizə axıdılır.
Son illərdə yüksək sürətlə hasarlanan və zəbət edilən Xəzər sahillərində obyektlərin, istirahət mərkəzlərinin, evlərin tikintisi davam edir. Bütün bunlar Xəzərin hər gün daha da çirklənməsinə səbəb olur.
Məlum məsələdir ki, hasarlanan Xəzər sahillərinə yaxınlaşmaq artıq qeyri-mümkündür. Məmurlar tərəfindən özəlləşdirilən, satılan Xəzər sahilləri artıq kimlərinsə mülkiyyətinə, qazanc mənbəyinə çevirilib," qəzet yazır.
...Xəzərə axıdılan çirkab sularını Zığ, Qaradağ, Lökbatan, Ələt, Bibiheybət qəsəbələrindən daha aydın şəkildə müşahidə etmək mümkündür. Bu qəsəbələrin Xəzərlə sahillərində yeni evlərin tikintisi davam edir. Həmçinin bu qəsəbələrdə yerləşən böyük istirahət mərkəzlərinin, ticarət mərkəzlərinin kanalizsiya suları Xəzərə axıdılır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqlər də sübut edir."
Qəzetin əməkdaşı Xətai rayonu, Naximov və Dənizçi 2 küçələri boyunca Xəzər sahilində salınan yeni fərdi yaşayış evlərinin də bütün kanalizasiya sularının dənizə axıdıldığını lentə alıb.




