Mətbuat icmalı: İlham Əliyev İran Prezidenti ilə görüşüb

Şəklin mənbəyi, Getty
"Azadlıq": Səfir Sekuta: “ABŞ Azərbaycanı ciçəklənən və inkişaf edən ölkə kimi görmək istəyir”
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibəsində prezident İlham Əliyevin ABŞ səfərinin yekunları, iki ölkə arasında iqtisadi əlaqələr, ABŞ investisiyalarından tutmuş iqtisadi islahatlar və insan haqlarına qədər bir çox məsələlərdən danışıb. Qəzet həmin müsahibəni oxucularına təqdim edib.
"Bizim məqsədimiz Azərbaycanla güclü və yüksək pozitiv əlaqələrə malik olmaqdır. Biz istəyirik ki, Azərbaycan güclü, çiçəklənən, demokratik bir ölkə olsun və azərbaycanlılar öz ölkələri üçün istədiklərini yerinə yetirə bilsinlər. Bununla bağlı 1992-ci ildən ABŞ Azərbaycana 1,3 milyard ABŞ dolları məbləğində yardım edib".
"Azərbaycan": İlham Əliyev İran Prezidenti ilə görüşüb
"Aprelin 14-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişaf edərək yüksək səviyyəyə qalxması məmnunluqla vurğulandı. Əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş imkanların olduğu qeyd edildi. Bu baxımdan belə görüşlərin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin mühüm rol oynadığı bildirildi," qəzet yazır.
"Söhbət zamanı aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı geniş fikir mübadiləsi də aparılıb. Prezident İlham Əliyev vurğulayıb ki, biz müharibə istəmirik, ancaq Ermənistan hərbi birləşmələrinin təxribatçı əməllərinə cavab verməli olmuşuq.
Prezident hadisələr zamanı telefonla zəng etdiyinə və narahatlığını ifadə etdiyinə görə İran Prezidentinə təşəkkürünü bildirib. Münaqişənin nizamlanması ilə bağlı Minsk qrupunun fəaliyyəti ilə əlaqədar fikir mübadiləsi aparılıb".
"Yeni Müsavat": İƏT Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsindən də danışılıb
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının Zirvə toplantısında İƏT baş katibi İyad Medeni açılış nitqi ilə çıxış edib.
"Dünya müsəlmanlarının problemlərinə toxunan Medeni Azərbaycan və Dağlıq Qarabağ mövzusunda da danışıb və Azərbaycanın ərazi bötüvlüyünü dəstəklədiklərini bildirib," qəzet yazır.
"BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına erməni tərəfi əməl etmir. Biz problemin tezliklə həll olunmasını istəyirik. İşğalçı ordu tez bir zamanda zəbt etdiyi torpaqlardan çıxmalıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın suverenliyi qəbul edilməlidir”."
İƏT 13-cü zirvə toplantısında Azərbaycanla bağlı xüsusi bir dinləmənin olması və ortaq qərara gəlinməsi də gözlənilir.




