Mətbuat icmalı: Freedom House: "Avrasiyada diktaturalar laxlayır"

Şəklin mənbəyi, Getty
"Azadlıq": Erməni "zampolit"dən etiraf: "Cəbrayıldan Xocavəndə qədər əzib keçdilər"
“RİA Novosti” agentliyi Cəbrayıl rayonunun işğal altında olan ərazilərindən, Ermənistan hərbi birləşmələrinin mövqelərindən reportaj hazırlayıb.
Reportajda deyilir ki, aprelin 2-nə keçən gecə başlayan hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun təmas xəttinin cənub istiqamətində necə uğurlu hücum əməliyyatı keçirdiyini erməni hərbçiləri də etiraf edib.
"Erməni tank batalyonunun “zampolit”i Artak aprelin 2-nə keçən gecə döyüşlərin necə başladığını danışıb. “Bizi çox güclü işlədilər-mən heç 90-cı illərdəki müharibədə də belə şey görməmişdim. O qədər “Qrad” və “Uraqan” raketləri uçurdu ki, mən göyün üzünə baxıb “300 spartalı” filmini xatırladım. Orada da uçan oxlardan göyün üzünü görmək olmur”-erməni zabit danışır.

Şəklin mənbəyi, AP
Artak deyir ki, güclü artilleriya hazırlığının ardınca azərbaycanlılar hücuma keçib təmas xəttinin kifayət qədər geniş sahəsində –Cəbrayıldan tutmuş 40 kilometr şimalda yerləşən Martuniyə (Xocavənd) qədər erməni müdafiə xəttini əzib keçdi."
Reportajda daha sonra deyilir ki, həmin günlərdə Azərbaycan ordusu qısa müddət ərzində hətta Xocavəndi də tutub, ancaq orada möhkəmlənə bilməyib və geri çəkilib. “Qarabağ qüvvələrinin birinci müdafiə xəttinin köməyinə tanklar-köhnə T-72 lər yetişdi. İndi vurulmuş erməni tanklarının fraqmentlərinə həm təmas xəttində, həm təmas xəttinin dərinliklərində rast gəlmək olar," reportajda deyilir.
"“Azərbaycanlıların arsenalı müasirdir, onlar Rusiyadan, İsraildən, Türkiyədən, Belarusdan və Ukraynadan silahlar alırlar. Bax məsələn, bu tank Türkiyə-İsrail tank əleyhinə raket kompleksi ilə vurulub”-erməni zabit qülləsi qopub yüz metr kənara düşən T-72 tankını göstərir. O, deyir ki, raketi tanka pilotsuz təyyarə yönləndirib – koordinatlarını ötürüb və bundan sonra raketi buraxıblar.
“Azərbaycanlıların mövqeyi bizdən cəmi 400 metr məsafədədir. Hətta Azərbaycan bayrağını görmək olar” - Artak deyir. "Onlar səngər qazırlar, bizi görəndə qışqırırlar: “Salam, Vazgen!”. Biz də onlara əl yelləyirik. Atəşkəsdir!” - erməni “zampolit” əlavə edir."
"Azadlıq": Jurnalist Aynur Elgünəşin ölkədən çıxışına qoyulan qadağa ilə bağlı məhkəmə keçirilib
"Dünən Nəsimi rayon Məhkəməsində jurnalist Aynur Qənbərovanın (Elgünəş) ölkədən çıxmasına qadağa qoyulmasına bağlı iddia üzrə məhkəmə keçirilib."
Vəkil Elçin Sadıqov özünün feysbuk səhifəsində məlumat verib ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən proses təxirə salınıb. "Vəkilin sözlərinə görə, buna səbəb Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və məhkəmənin sorğusuna cavab vermədiyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.
E. Sadıqov bildirib ki, hakim Babək Pənahov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi Aynur Elgünəşin ölkədən çıxışına qadağa qoyulmasına əsas verən sənədlərin verilməsi üçün 28 mart 2016-cı il tarixdə sorğu göndərib. Bu günə qədər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsi həmin sorğunu icra etməyib və nümayəndəsini ümumiyyətlə məhkəməyə göndərməyib."
"Azadlıq": Freedom House: "Avrasiyada diktaturalar laxlayır"
"Freedom House" təşkilatı keçid dövrü ölkələrinə dair illik "Nations in Transit" hesabatını açıqlayıb. Hesabatda Mərkəzi və Şərqi Avropa, Balkanlar, Avrasiyada demokratiyanın durumunda dəyişikliklər dəyərləndirilir. Hesabatda deyilir ki, neftin ucuzlaşması Avrasiyanın keçid ölkələrində ciddi iqtisadi problemlər yaradıb.
"Rusiya geriləyib, Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi neft dövlətlərində isə valyuta böhranı, büdcə kəsiri yaranıb. Böhran Avrasiyanın qeyri-enerji iqtisadiyyatlarına da yayılıb. Çünki Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi ölkələr pul göndərişləri və miqrant əməyi baxımından Rusiyadan asılıdır.
Hesabatda deyilir ki, miqrasiya böhranı və iqtisadi problemlər Avropa Birliyinin varlığına, Avrasiyada kök salmış diktaturalarda sabitliyə təhlükə yaradır.

Keçmiş Sovet İttifaqı ərazisində demokratiyanı gerilədən ön böyük səbəb Rusiyada Vladimir Putin avtoritarizminin qayıdışı oldu. Keçmiş sovet məkanındakı 15 ölkədən 7-sinə diktatorlar rəhbərlik edir, onlar 10 il və daha çox hakimiyyətdə qalıblar. Neftin qiymətlərinin düşməsi indi bu rejimlərin sabitliyini laxladır. "
"Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan illər boyu iqtisadiyyatlarını şaxələndirə bilmədilər, şəffaf və hesabatlı idarəçilik sistemi yaratmadılar. İndi də bunun fəsadları ilə üzləşirlər," deyə "Nations in Transit hesabatının layihə direktoru Nate Schenkkan bildirib.
11 ölkənin göstəricilərinin əks olunduğu builki hesabatda 9 ölkədə yaxşılaşma qeydə alınıb.
"Reytinqlər 1–7 balla göstərilib. 1 – demokratik inkişafın ən yüksək, 7 – ən aşağı həddini göstərir. Bu reytinq seçki prosesi, vətəndaş cəmiyyətinin durumu, müstəqil media, demokratik idarəçilik, məhkəmənin müstəqilliyi, korrupsiya kateqoriyalarına əsasən hazırlanır.
Hesabatda Azərbaycanın balı 6.86-dır. Gürcüstanda demokratiyanın durumuna 4.61, Ermənistanda 5.36, Rusiyada 6.50 bal verilib."
Hesabata prezident İlham Əliyev və ailə üzvləri barədə OCCRP-nin məlumatına əsaslanan qısa arayış da verilib. "Qeyd olunur ki, prezidentin üç övladı Dubayda 75 milyon dollarlıq mülkiyyətə sahiblənib. Təkcə oğlu Heydər 11 yaşında Dubayda 44 milyon dollarlıq villa əldə edib. "OCCRP onu da aşkarlayıb ki, Leyla və Arzu Əliyevalar Bakıda, azı, altı beşulduzlu otelə sahibdir, yaxud onların idarəçiliyinə sıx bağlıdır. Əliyevlər ailəsinin Azərbaycanın, azı, 8 bankında 3 milyard dollarlıq payı var. Birinci ailə telekommunikasiya, tikinti, nəqliyyat, mədənçıxarma, neft və qaz sektorlarında da paylara malikdir", – hesabatda oxuyuruq."
"Yeni Müsavat": Azərbaycanlı iş adamı erməni əsgər və zabitlərinə təslim olmaq müqabilində pul təklif edib
Ukrayna Qafqaz Xalqları Konqresinin İdarə Heyətinin sədri Paşa (İlisuyski) Məmmədov Qarabağda yerləşən erməni əsgər və zabitlərinə təslim olmağı təklifi edib.
"Hər təslim olan əsgərə 10 000, zabitə isə 15 000 dollar pul mükafatı təsis etdiyini deyən Paşa Məmmədov ermənilərə səslənib: "O torpaqlar sizin deyil, heç sizin atalarınızın belə deyil, özgə torpağına təcavüz edərək ölməyə dəyərmi?""
Paşa Məmmədov Azərbaycana təslim olanlara Azərbaycan hökuməti tərəfindən təhlükəsizlik də vəd edib, Yeni Müsavat yazır. "Bundan başqa, P. Məmmədov təslim olanın özü ilə gətirdiyi silaha görə və verə biləcəyi məlumatın qiymətliliyinə görə də xüsusi pul mükafatı təsis etdiyini açıqlayıb".
Qəzetin yazdığına görə, Paşa Məmmədovun bu təklifi "ictimaiyyətdə geniş müzakirəyə səbəb olub və birmənalı qarşılanmayıb".

Şəklin mənbəyi, Ismayil Nur
Deputat Zahid Oruc deyib ki, müharibə dövrünün öz qanunları var:
“Şübhəsiz ki, hər kəs bacardığı qədər bu millət davasına töhfə vermək istəyir. ...Bir qisim şəxs hesab edirlər ki, bu, bizim döyüş ruhumuza mənfi təsir göstərə bilər. Digərləri iddia edirlər ki, ermənilər həmin vəsaitlərə ehtiyacları olduğunu hiss etdirib addımlar atarlar və sonra vəsaitlər hesabına əldə olunan tankı, topu əleyhimizə yönəldərlər. Üçüncülər isə düşünürlər ki, bu, ölkənin vahid hərbi siyasi xətt yürütməsinə mane olar və 1990-cı illərdəki bəlli vəziyyəti ortaya gətirər."
"Hərbi ekspert Üzeyir Cəfərov isə Paşa Məmmədovun bu təklifinin qəti əleyhinə olduğunu bildirib.
"Biz gəlin özümüzü ucuzlaşdırmayaq. Azərbaycan əsgəri düşməni öz ərazisindən pulun gücünə çıxararsa, mən şəxsən xəcalət çəkərəm. Bu, çox yerində olmayan bir təklifdir. Belə çıxır ki, biz ərazimizi pulun hesabına qoruyuruq? Erməni əsgəri işğalçıdır və onun iki yolu var. Ya öz torpağına çıxıb getməlidir, ya da biz onu cəhənnəmə vasil edib öz yerlərinə göndərəcəyik. Bu cür zərərli düşüncələri gündəmə gətirmək lazım deyil. Neçə illərdir ki, mətbuatda və real həyatda bu cür şeyə rast gəlməmişəm. Bu bizim xeyrimizə olmayan bir işdir", deyə o qeyd edib.
"Azərbaycan": 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçiriləcək
Qəzet 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin keçirilməsi haqda Prezidentin sərəncamını dərc edib.
Sənəddə deyilir:
"90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilsin."




