Mətbuat icmalı: Savaş vaxtı dəqiq məlumatın verilməsi doğrudurmu?

Şəklin mənbəyi, Getty
"Azərbaycan": İlham Əliyev Türkiyə prezidenti ilə görüşüb
Aprelin 13-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
"Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulandı. Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olundu. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərimizin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırıldı. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində rolu, ölkələrimizin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmi qeyd edildi.
Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olundu. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı," qəzet yazıb.
"Yeni Müsavat": Savaş vaxtı dəqiq məlumatların verilməsi doğrudurmu?
Hərbi ekspert Üzeyir Cəfərov hər bir müharibənin öz qanunlarının olduğunu deyib və Müdafiə Nazirliyinin son savaşda ortaya qoyduğu mövqeyin tamamilə düzgün olduğunu qeyd edib: “Ölən əsgərlərimizi hörmətlə yola salmalıyıq. Onların ailələrinin qayğıları ilə maraqlanmalıyıq. Deyirlər ki, hakimiyyət itkiləri azaldır, qazandığımız uğurlara görə nəyi gizlətməliyik? Bəzi beynəlxalq qurumların üzünə Azərbaycan əsgəri son davranışları, qəhrəmanlığı ilə elə şapalaq vurub ki, onlar bizimlə hesablaşmağa məcburdurlar. Önəmli məsələləri kənara qoyub, siyasi məsələləri önə çəkmək şəhidlərimizin ruhuna sayğısızlıq olardı. Yaxşı işlərlə məşğul olub, xalqın əhval-ruhiyyəsinin üzərinə müsbət çalarlar gətirməliyik.
Hesab etmirəm ki, itkilərimiz gizlədilib. Sadəcə, müharibənin qanunlarından biri odur ki, düşmənə fürsət verməmək üçün informasiya siyasətində müəyyən qədər manevrlər etmək lazımdır. Məqamı gələndə bəzi faktlar açıqlanır. Düşünmürəm ki, hakimiyyətin burada hansısa məqsədi olsun."
"Azadlıq": ABŞ Dövlət Departamentinin insan haqları hesabatı: "Azərbaycanda vəziyyət pisləşib"
ABŞ Dövlər Departamenti 2015-ci il üzrə dünyada insan haqlarının vəziyyətinə dair hesabatını açıqlayıb.
...Azərbaycanın da yer aldığı hesabatda bir sıra ölkələr müstəqil mediaya qarşı basqılarda, jurnalist və blogerləri, dissidentləri həbs etməkdə günahlandırılırlar. “Hər yerdə insanlar azad olmaq, öz həyatlarına nəzarət etmək istəyirlər. Bəzi hökumətlərin təqdim etdikləri sabitliklə azadlıq arasındakı seçim saxtadır, çünki sabitliyin dayanıqlı bünövrəsi azadlıqdır.”, – deyə sənəddə qeyd olunur.
Hesabatın Azərbaycan dair hissəsinin girişində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycana müşahidəçi missiyası göndərməkdən imtina etməsi vurğulanır. 2013-cü ildə keçirilmiş prezident seçkilərinin ATƏT kriteriyalarına əsasən, demokratik standartlara cavab vermədiyi qeyd olunur.
İnsan haqları sahəsində sadalanan başlıca prolemlər kimi siyasi azadlıqlara qoyulan məhdudiyyətlər, sifarişli məhkəmə sistemi və seçki pozuntuları göstərilir."




