Mətbuat icmalı: "Qarabağ əlilləri protezlərini yandırdılar"

"Azərbaycan": Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb

Şəklin mənbəyi, Getty

"Prezident İlham Əliyev aprelin 11-də “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.

...Agentliyin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb."

Fərmana əsasən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə seçilir.

"...Mənzil İnşaatı Dövlət Agentliyinə Cəmiyyətin sərəncamına verilən torpaq sahələrində inşa edilən çoxmənzilli binalardan vətəndaşların mənzilləri güzəştlərlə əldə etməsi qaydasına dair təklifləri iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb."

"Azərbaycan": UNEC-lə Montpellier Universiteti arasında ikili diplom razılaşması imzalanıb

"Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Fransanın Montpellier Universitetində səfərdə olub. Səfər zamanı UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Montpellier Universiteti arasında ikili diplom razılaşması imzalanıb. Sənəd hər iki universitetin tələbələrinə İqtisadiyyat, Dünya İqtisadiyyatı, Maliyyə, Mühasibat və Biznesin təşkili və idarə edilməsi ixtisasları üzrə UNEC və Montpellier universitetlərinin diplomlarını əldə etmək imkanı verəcək.

... Hər iki universitetin professorlarının rəhbərliyi altında buraxılış işlərini uğurla müdafiə edən tələbələrimizə həm UNEC-in, həm də Montpellier Universitetinin diplomları təqdim olunacaq."

"Azadlıq": Rusiya Qarabağda müharibəni necə dayandırdıqlarını açıqladı

Qarabağda hərbi əməliyyatlar aprelin 1-dən 2-nə keçən gecə başlamışdı.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Qarabağda hərbi əməliyyatlar aprelin 1-dən 2-nə keçən gecə başlamışdı.

"Qarabağda aprelin 1-dən 2-nə keçən gecə başlayan irimiqyaslı hərbi əməliyyatlar Rusiyanın hərbi, diplomatik və siyasi kanallarla göstərdiyi intensiv səylərin nəticəsi olaraq aprelin 5-də dayandırıldı. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri Rusiya silahlı qüvvələrinin baş qərargah rəisinin vasitəçiliyi ilə Moskvada görüşüb atəşkəs barədə şifahi razılaşma əldə etdilər. ...Rusiya Baş qərargahındakı və Müdafiə Nazirliyindəki mənbələr tərəflərin hərbi əməliyyatları dərhal dayandırılması barədə səylərin məhz Moskva tərəfindən başladıldığını təsdiq edirlər. Yəni faktiki olaraq hər iki tərəf Moskvanın hərbi əməliyyatların dərhal dayandırılmasına dair göstərdiyi güclü təzyiqlər qarşısında geri addım atıb."

Qəzet Virtualaz.org-a istinadən yazır ki, Rusiya Baş qərargahındakı mənbə “Kommersant Vlast”a hərbi əməliyyatların başlanması barədə daxil olan ilk məlumatlardan sonra hərəkətə keçdiklərini deyib. “Bizə dərhal aydın oldu ki, bu adi atışma deyil, tammiqyaslı müharibənin məşqidir. Ona görə də vəziyyət barədə ölkə rəhbərliyinə məruzə edəndən dərhal sonra biz Azərbaycan və Ermənistan tərəfləri ilə əlaqə yaratdıq. Onları silahı yerə qoyub hərbi əməliyyatları dərhal dayandırmağa, danışıqlar masası arxasına keçməyə çağırdıq” - mənbə bildirib.

Rusiya ordusunun istefada olan polkovniki Viktor Muraxovski isə “Vlast”a şərhində deyib ki, kəmiyyət və keyfiyyət baxımından Azərbaycan ordusu Ermənistan ordusundan üstündür. Bu, şəxsi heyətin hazırlığında və kifayət qədər böyük silah arsenalında da özünü göstərir. Lakin ekspertin qiymətləndirmələrinə görə, əməliyyat vəzifələrini yerinə yetirmək üçün Azərbaycan, hərəsində ən azı 45 min əsgər olmaqla, iki operativ qruplaşmaya malik olmalıdır. Bunu isə səfərbərlik elan edilmədən təmin etmək mümkün deyil.

“Ona görə də elə təsəvvür yaranır ki, hər şey spontan alındı. Tərəflər əllərinin altında hansı bölmələr vardısa onu təmas xəttinə yeritdi”-polkovnik deyib."

Rusiya Müdafiə Nazirliyindəki mənbə isə deyib ki, Azərbaycan ordusu geri aldığı strateji yüksəkliklərdə, məsələn, Talış kəndi ətrafında möhkəmlənmək istəyirdi, erməni hərbçiləri isə öz növbəsində buna imkan verməməyə çalışırdı. "Nəhayət aprelin 5-də Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qəargah rəisləri Moskvaya getdilər. Onlar təmas xətti boyu hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə etdilər."

Kremldəki yüksək rütbəli mənbə də tərəflərin döyüşləri Rusiyanın səyləri ilə dayandırdığını təsdiq edib. “Əgər situasiyanı stabilləşdirmək üçün Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirmək lazım gələrsə heç bir şübhə yoxdur ki, biz bunu da edəcəyik” deyə mənbə “Vlast”a deyib.

"Azadlıq": Qarabağ əlilləri protezlərini yandırdılar

"Qarabağ müharibəsi əlilləri aprelin 8-də protezlərini yandıraraq Qazax Sınıq Körpü Gömrük Məntəqəsində etiraz aksiyası keçiriblər.

Onlar Gürcüstandan gətirdikləri meyvə-tərəvəzin gömrük keçid məntəqəsindən buraxılmamasına etiraz edirlər.

Müharibə əlilləri arasında damarlarını kəsməyə cəhd edənlər də olub.

Hələlik bu hadisə barədə hər hansı rəsmi orqanlardan bir reaksiya yoxdur."

"Azadlıq": TQDK ləğv olundu; Onun səlahiyyətləri yeni yaradılan quruma verildi

Qəzet AzərTaca istinadən yazır ki, Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

"Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinəmərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsi bu mərkəzə həvalə olunur.

Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır."

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.