Mətbuat icmalı: İri marketlərdə "yoxlamalar aparılır"

Şəklin mənbəyi, Getty
"Azərbaycan": Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılır
Prezident İlham Əliyev "Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalayıb.
Agentliyin yaradılmasında məqsəd "ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir".
"Azərbaycan": İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılır
Prezident İlham Əliyev "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalayıb.
Fərmanda deyilir: "Mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadəni və bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqini zəruri edir."
Fərmanın imzalanmasında da məqsəd "aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etməkdir".
"Yeni Müsavat": İt sümüyündən kəllə qənd, ANF adlı mayedən kərə yağı, leş at ətindən kolbasa...
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, bir müddət əvvəl Braziliyadan Azərbaycana genetik modifikasiya olunmuş yağlar gətirib və dövlət qurumlarının nəzdindəki laboratoriyalara yoxlama üçün nümunələr təqdim edib.
“Həmin yağları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Gömrük Komitəsinin laboratoriyalarına verdim. Gömrük laboratoriyasından cavab yazdılar ki, bu yağ genetik modifikasiya edilmiş deyil, Standartlaşdırma laboratoriyasından isə genetik modifikasiya edilmiş yağ olduğunu təsdiqlədilər. 1 yağın yoxlanılmasının timsalında ölkə daxilindəki laboratoriyaların durumu ortaya çıxdı. Bu gün bu sahədə böyük problemlər yaşanır. İstehlakçılar hər gün bizə zəng edib bu məsələnin qaldırılmasını xahiş, hətta tələb edir”.
E.Hüseynov problemin kökünün Azərbaycanda müstəqil laboratoriyanın olmaması ilə əlaqələndirib: “Müstəqil laboratoriyanın verdiyi rəy rəsmi sənəd kimi qəbul olunmur. Azərbaycan qanunvericiliyi elə qurulub ki, ekspertiza, laboratoriya məsələləri dövlətin əlində cəmləşib.”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri həmçinin deyib ki, AİB xətti ilə Azərbaycanda müstəqil laboratoriya yaradıblar, amma işləməsinə nail ola bilməyiblər: “Laboratoriyanı qurduq, dövlət tərəfindən akkreditasiya olundu, tanındı. Bizə 20 ekspert lazım idi. Mütəxəssislər dəvət etdik. Gəldilər. Məlum oldu ki, adamlar öz imzalarını müdafiə etməkdən qorxurlar. Dedilər ki, biz rəy verdik, kiminsə xoşuna gəlmədisə, verəcək məhkəməyə. Bizi müdafiə edən tapılmayacaq"
"Azadlıq": "Fazil Məmmədov iri marketlərin müraciətinə yoxlama ilə cavab verdi"
Azərbaycan Vergilər Nazirliyi ötən gün səhər saatlarında “Neptun” və “Grand” marketlər şəbəkələrində yoxlamalara başlayıb.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Report-a bildiriblər ki, "“Neptun” və “Grand” marketlər şəbəkəsinin bəzi mağazalarında da dövriyyənin müəyyənləşdirilməsi məqsədilə xronometraj müşahidəsi təyin edilib. Qurumun açıqlamasına görə, bu tipli yoxlamalar Vergi Məcəlləsinə uyğun aparılır: “Məlum olduğu kimi, Vergi Məcəlləsində xronometraj metodu ilə müşahidə aparmaq vergi orqanlarının hüquqlarına aid edilib. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla, vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə mütəmadı olaraq aparılır və bu zaman onların normal fəaliyyəti üçün heç bir maneə yaratmır”.
Iqtisadiyyat Nazirliyindən bildirilib ki, qeyd olunan yoxlamalarda Nazirliyin əməkdaşları iştirak etmirlər."
Bir neçə gün əvvəl “Rahat”, “Bizim”, “Fresko”, “Səbət”, “Makromart”, “Araz”, “Neptun”, “Bolmart”, “Favorit” kimi iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini, devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildirmişdilər.
"Azadlıq": “Azərenerji”də kütləvi ixtisarlar"
"Azərenerji" rəhbəri Etibar Pirverdiyevin martın 16-da qurumun daxilində struktur dəyişiklikləri ilə bağlı imzaladığı əmr qurumda kütləvi ixtisarlara səbəb olub, Azadlığın məqaləsində iddia olunur.
"Məsələn, ləğv edilmiş Enerjinəzarət Idarəsinin 300 işçisi olub ki, onu əvəzləyən yeni struktura həmin işçilərdən cəmi 58 nəfəri götürülüb. Texniki şərtlərin verilməsi xidmətində isə 28 işçidən 3-ü saxlanılıb. Yanğından mühafizədə işçilərin sayı 4-dən 1-ə, istismara nəzarət xidmətində isə 14-dən 2-yə endirilib.
Bundan başqa məqalədə bayramlarda işçilərə verilən 105 manatın 52 manat 50 qəpiyə endirildiyi də qeyd edilir.




