Mətbuat icmalı: "İlqar Məmmədov azadlığa buraxıla bilər"

Şəklin mənbəyi, Getty

"Azərbaycan": Azərbaycan neftinin qiyməti 45 dolları ötüb

"Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,57 dollar bahalaşaraq 45,02 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,57 dollar azalaraq 44,53 dollar olub.

Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 45,42 dollar təşkil edib".

"Azadlıq": Azərbaycanın ABŞ-dakı səfiri: "Qarabağla təkcə Rusiyanın məşğul olmasını istəmirik"

“İzvestiya” qəzeti Kremldəki etibarlı qaynaqlara istinadən yazıb ki, Putin şəxsən Qarabağ məsələsi ilə məşğul olmaq qərarı verib: “Rusiya, şəxsən prezident Putin yaxın günlərdə başlayacaq Qarabağ danışıqlarında kompromis əldə olunmasına aktiv şəkildə yardımçı olacaq. Putin Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir.

...Plan ondan ibarətdir ki, Azərbaycan ərazilərinin bir qismi qaytarılır, münaqişə zonasına sülhməramlı qüvvələr yeridilir, köçkünlər qayıdır və Dağlıq Qarabağ legitimləşir, yəni sərhədlər açılır, iqtisadi əlaqələr bərpa edilir, daha sonra, yəni emosiyalar yatdıqdan sonra regionun mənsubluğu haqda referendum keçirilir”.

Amma Rusiyanın danışıqlarda bu aktivliyi birmənalı qarşılanmır. Bunu Azərbaycanın ABŞ-dakı səfirinin dedikləri də təsdiqləyir."

Səfir Elin Süleymanov Amerikanın CNS.org portalında dərc edilmiş məqalədə qeyd edib ki, "hazırda Rusiyanın regionda çəkindirici diplomatik gücü böyükdür və Moskvanın iştirakı yaxşıdır. Ancaq Moskvanın roluna dair skeptizmin meydana çıxması üçün hansısa səbəblər də var. Onun fikrincə, birincisi, Ermənistan son illər faktiki olaraq Rusiyanın regiondakı bazasına, forpostuna çevrilib. Ermənistan Avrasiya Ittifaqına üzv olduqdan sonra bütün xarici əlaqələrini Moskva ilə koordinasiya edir. Rusiya silah almaq üçün Ermənistana 200 milyon dollar güzəştli kredit ayırıb," qəzet cənab Süleymanova istinadən yazıb.

"Yeni Müsavat": İlqar Məmmədov azadlığa buraxıla bilər

Aprelin 22-də saat 14:30-da Şəki Apellyasiya Məhkəməsində REAL hərəkatının sədri İlqar Məmmədovun məhkəmə prosesi olacaq. Onunla eyni maddə üzrə həbs olunan və ötən ay verilən əfvlə azadlığa çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu da məhkəmədə iştirak edəcək.

"Artıq REAL sədri məhkəmədə iştirakdan imtina etməsinə baxmayaraq, Şəkiyə aparılıb. Onun əşyaları da özü ilə bərabər götürülüb. Bu, onun azadlığa çıxacağına olan ümidləri artırıb.

Qeyd edək ki, bu ayın əvvələrindən başlayaraq, İ.Məmmədovun aprelin sonlarında məhkəməsinin olacağı və onun azadlığa buraxılacağı barədə mətbuatda xəbərlər dolaşırdı. Hətta Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev də bu barədə açıqlama verərək, REAL sədrinin azadlığa çıxacağının anonsunu vermişdi."