Azərbaycan mətbuatı: "Azərbaycan üzən məzənnə siyasətinə keçməyi gecikdirib"

Şəklin mənbəyi, Getty

"Azadlıq": "Ölkədə etiraz dalğası: Beyləqan camaatı da ayağa qalxdı"

Rayonlarda başlayan etiraz aksiyaları səngimək bilmir. Yanvarın 17-də daha bir rayonda – Beyləqanda əhali etiraz aksiyası keçirib. Əhali bahalıq, işsizlik və bu kimi başqa sosial problemlərdən doğan tələblərini səsləndirib.

"Rayon rəhbərliyi əhalinin aramsız sualları qarşısında aciz qalıb. Polis aksiyanın başlanğıcında etirazçılara qarşı zor tədbiq etmək istəsə də, toplaşanların kəskin reaksiyasından sonra geri çəkilib.

Rayondakı mənbələr aksiya zamanı heç kimin saxlanmadığını bildirir.

Sakinlər yanvarın 19-da Icra Hakimiyyəti başçısının qəbuluna gedib, tələblərini orada da səsləndirmək niyyətindədirlər.

Daha bir aksiya Bakının Hövsan qəsəbəsində keçirilib. Hövsan sakinləri avtobusların sonuncu dayanacağı olan dairəyə toplaşıblar. Bu barədə Meydan TV-yə aksiya iştirakçıları məlumat verib. Bildirilir ki, aksiya yerinə dərhal 30-cu polis bölməsinin rəisi, icra nümayəndəsi Ağasəlim Əliyev və 6-7 post patrul maşını gəlib. Etirazçılar tələblərini səsləndirdikdən sonra sakinlərdən bir necəsi Suraxanı rayon Icra Hakimiyyətinə yollanıblar. Aksiyaçılar bildiriblər ki, əgər bir həftə ərzində tələbləri yerinə yetirilməsə, gələn bazar günü təkrar aksiyaya başlayacaqlar.

Bundan sonra aksiya başa çatıb. Heç bir qarşıdurma olmayıb.

Qubada isə aksiyanı çəkən şəxs saxlanılıb. Meydan TV-nin məlumatına görə, yanvarın 15-də gecə saatlarında Quba rayonunun Vladimirovka kənd sakini Çingiz Alışanov evindən aparılıb. Səbəb onun gündüz Quba şəhərində keçirilən aksiyanı telefonuna çəkməsidir: “Polislər aksiyanı dağıdanda onun telefonu əlindən düşdü. Polislər də telefonu aparıb, onu buraxdılar. Gecə vaxtı gəlib özünü də aparıblar”.

Yaxınları Çingiz Alışanovun hara aparıldığından xəbərsizdir. Bu barədə heç bir rəsmi məlumat yoxdur."

"Azərbaycan": “Vergi sistemində inkişaf və əməletmə” mövzusunda 5-ci illik vergi konfransı keçirilir

"Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində yanvarın 18-də “Vergi sistemində inkişaf və əməletmə” mövzusuna həsr olunmuş 5-ci illik vergi konfransı işinə başlayıb.

AzərTAc xəbər verir ki, Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov qeyd edib ki, AmCham ilə Vergilər Nazirliyinin illik konfransı artıq ənənə halını alıb. Bugünki konfransda Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklər, bu dəyişikliklərlə əlaqədar görülən inzibati tədbirlər, gələcək vergi islahatları və s. məsələlər müzakirə olunacaq.

Tədbirdə Azərbaycan Respublikasında vergi idarəçiliyi və onun təkmilləşdirilməsi istiqamətləri, vergi inzibatçılığı və vergi ödəyicisi ilə vergi orqanları arasındakı kommunikasiyanın təkmilləşdirilməsi mövzuları ətrafında çıxışlar olacaq."

"Yeni Müsavat": Gürcüstan Milli Bankının eks-prezidenti: Azərbaycan üzən məzənnə siyasətinə keçməyi gecikdirib"

"...Gürcüstan Milli Bankının keçmiş prezidenti, nüfuzlu iqtisadçı Roman Qotsiridze “Tabula” adlı nəşrə açıqlamasında deyir ki, Azərbaycanda tüğyan edən valyuta böhranı hökumətin belə vəziyyətlərdə nə etməli olduğunun bariz nümunəsidir.

Keçmiş baş bankirin sözlərinə görə, bu mərhələni bütün postsovet respublikaları keçiblər. Lakin Azərbaycan bu proseslərdən düzgün nəticə çıxarmadı. Qotsiridzenin sözlərinə görə, Azərbaycan hökumətinin buraxdığı səhv, yəni vaxtında sərbəst üzən məzənnə siyasətinə keçməməsi nəticəsində hazırda ölkədə dollar qara bazarı formalaşır və ötən dövrlərdə oduğu kimi valyutanın iki kursu formalaşıb. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş kurs və qara bazar kursu. “Lakin Azərbaycan Mərkəzi Bankı axırda lazım olanı etməyə məcbur olacaq”-Qotsiridze deyib."

İqtisadçı hesab edir ki, Azərbaycan Gürcüstanın əsas ticarət partnyorlarından biri olduğuna görə manatın sürətli devalvasiyası Gürcüstanın da idxal-ixrac balansına təsir edəcək. “Azərbaycan milli valyutasının kəskin devalvasiyasının qarşısını ala biləcəyinə dair illuziyalarla qidalanan sonuncu ölkə oldu. Manatın dramatik şəkildə dəyərdən düşməsində daxildə yol verilən iqtisadi səhvlərin də rolu olub”-Qotsiridze deyib.

"Milli Bankın eks-prezidenti hesab edir ki, Gürcüstan Milli Bankının prezidentinin mövqeyinin nə dərəcədə düzgün olduğu Azərbaycanın nümunəsində bir daha təsdiq olunur. “Parlament, hökumət,formal və qeyri-formal hakimiyyətyönlü qüvvələr, onların muzdla tutduğu ekspertlər tərəfindən göstərilən təzyiqlərə baxmayaraq Milli Bankın prezidenti Georgi Kadaqidze sərbəst üzən məzənnə siyasətinə keçdi və bu, əvvəldən düzgün addım idi”-Qotsiridze bildirib."

"Yeni Müsavat": Yanvarın 19-da Milli Məclisin növbədənkənar iclası keçiriləcək

Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılsa da Milli Məclis yanvarın 19-da vaxtında əvvəl toplanacaq. Hələlik bunun səbəblərini parlament üzvlərinə də deməyiblər.

Milli Məclisin üzvünün sözlərinə görə, komitə tərəfindən Mərkəzi Bankın rəhbərinə və ölkə başçısına ünvanlanan təkliflərə baxılır, bunun əsasında bir çox qərarlar, fərmanlar verilib: “Bizi narahat edən daha bir məsələ gömrük sistemində islahatlar, idxal-ixrac əməliyyatlarının liberallaşdırılması idi. Bank sistemində də islahatlara ehtiyac var. Bu proseslər paralel getməlidir ki, biz nəyəsə nail ola bilək”."