Azərbaycan mətbuatı: "Siyasi məhbuslar azad edilməsə, sanksiyalar qaçılmazdır"

Şəklin mənbəyi, Getty
"Azadlıq": "Dünya Bankıdan dəhşətli proqnoz – Azərbaycan iqtisadiyyatı batır"
Dünya Bankı (DB) dünən “Qlobal iqtisadi perspektivlər -2016” hesabatını açıqlayıb.
...Hesabatın Azərbaycanın da aid edildiyi Cənubi Qafqaz regionu ilə bağlı hissəsində qeyd edilir ki, "ABŞ Mərkəzi Bankının baza faiz dərəcəsini artırması region ölkələinin maliyyə-kredit siyasətinin yeni reallıqlara adaptasiyasını çətinləşdirir. Eyni zamanda bu ölkələr üçün daha az xərclərlə borclanma, bank sektorundakı problemərin həlli imkanlarını məhdudlaşdırır. Bankların problemləri aktivləri, bank sisteminin dollarlaşması narahatçılıq üçün əsas yaradır. Bu problemlərin həlli üçün rekapitalizasiya, yaxşı idarəetmə, nəzarət və monitorinq sistemlərinin təkmilləşdirilməsi istiqamətində tədbilər görülməsi zəruridir. DB region ölkələri üçün struktur islahatlar aparılması, dövlət xərclərinin azaldılması və iqtisadi inteqrasiya proseslərinin genişləndirilməsini tövsiyyə edir."
Dünya Bankının hesabatında 2016-cı ildə Azərbaycanda ümum daxili məhsulun (ÜDM) real artımının 0.8% təşkil edəcyini proqnozlaşdırır. Gürcüstan üçün bu proqnoz 3%, Ermənistan üçün 2.2% , Qazaxıstan üçün 1.1% , Moldova üçün 0.5%, Türkiyə üçün 3.5% , Ukrayna üçün 1%, Türkmənistan üçün 8.9%, Özbəkstan üçün 7.5%, Tacikistan üçün 4.8% proqnozşadırılır.
"Azadlıq": "ABŞ-dan Əliyevə sərt mesaj: Siyasi məhbuslar azad edilməsə, sanksiyalar qaçılmazdır"
"Ötən gün rəsmi Bakı bəyan edib ki, prezident İlham Əliyev martın sonlarında ABŞ-da keçiriləcək nüvə təhlükəsizliyi sammitinə dəvət alıb. Vaşinqtonda rəsmi şəxslər hələlik bu məlumatı şərh etmirlər, eyni zamanda İ.Əliyevin sammitə gedib-getməyəcəyi məlum deyil."
Freedom House-un keçmiş prezidenti, İnsan Hüquqları və Demokratiya üzrə Makkeyn İnstitutunun direktoru Devid Kramer Turan-ın Vaşinqton müxbirinə müsahibəsində deyib ki, Amerika siyasətçilərinin Azərbaycan rəhbərliyinə qarşı xoş məramı və müsbət münasibəti Əliyev siyasi məhbusları azad etməkdən imtina edəndən sonra xeyli zəifləyib.
Onun sözlərinə görə ATƏT DTİHB-in tənqid etdiyi siyasi məhbuslar, qeyri-demokratik parlament və prezident seçkiləri ilə bağlı kəskin problemlərin fonunda Azərbaycan hakimiyyətinin daim demokratiya və insan hüquqları sahəsində nailiyyətlərdən danışmasını başa düşmək çətindir.
"Niyə siyasi məhbuslar məsələsi bu qədər vacibdir və niyə hakimiyyət onları bu qədər çox həbsxanada saxlayır?", - sualının cavabında Kramer deyib ki, İ.Əliyev bu yaxınlardakı əfv zamanı bir nəfər siyasi məhbusu da azad etməyib.
“Bu, Əliyevin ABŞ və Qərbə qarşı konstruktiv olduğunu göstərmək üçün real imkan idi. Lakin o, əks yolu seçdi. Mən inanmıram ki, siyasi məhbusları azad etməkdən imtina Kristofer Smitin qanun layihəsinə reaksiyadır. Hətta həbsdən azad edilmiş Leyla və Arif Yunusları normal müalicə üçün ölkədən buraxmırlar və onların üzərindən ittihamlar götürülməyib”, Kramer vurğulayıb.
"Bakının Smitin qanun layihəsini “Azərbaycan əleyhinə” sənəd kimi təqdim etmək cəhdinə gəlincə, bu, 2010-cu ildə kobud insan hüquqları pozuntularına görə Rusiyanın dövlət məmurlarına qarşı qəbul edilən Maqnitski qanununun analoqudur. O zaman Moskva da bəyan etmişdi ki, bu, Rusiya əleyhinə qanundur. Lakin Kremer deyib ki, “əslində bu, elə Rusiyayönlü qanundur, çünki insan hüquqlarını pozan şəxslərə qarşı yönəlib”. Kramer vurğulayıb ki, həmin yanaşma Azərbaycana da tətbiq edilib.
“Bu qanun ölkənin əleyhinə deyil. Bu, Azərbaycan əleyhinə sənəd deyil, insan hüquqlarının pozulmasında günahkar olan və bundan fayda əldə edən konkret hökumət nümayəndələrinə qarşı yönəlib. Qanun layihəsi Vaşinqtonda, eləcə də Avropa və Azərbaycanın özündə məyusluğun səviyyəsini göstərir. Təəssüf ki, iş bu yerə gəlib çatdı. Noyabrda prezidentlər Obama və Əliyev Türkiyədə qısa görüş keçiriblər. Göründüyü kimi, bundan sonra Əliyev demokratiya və insan hüquqları sahəsində müsbət addımlar atmayıb”, – Kramer qeyd edib."

...Kramer onu da bildirib ki, Azərbaycanda təkcə Smitin qanun layihəsi barədə düşünməməlidirlər, həm də başqa aktı – qlobal Maqnitski qanununu yada salmalıdırlar. Onların hər ikisi insan haqlarının pozulmasına görə azərbaycanlı məmurlara şamil edilə bilər, - "Azadlıq" qəzetinədki məqalədə deyilir.
"Azadlıq": Nardaran Ağsaqqallar Şurasının sədri vətənə xəyanət ittihamı ilə həbs edilib
Səbail Rayon Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.
"...N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur."
"Azərbaycan": Ukrayna Transxəzər Beynəlxalq nəqliyyat marşrutuna qoşulur
"Yanvarın 15-də Ukraynanın İliçevsk şəhərindən Xəzər və Qara dəniz vasitəsilə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə pilot reysi həyata keçirmək üçün konteyner qatarı yola düşəcək.
AZƏRTAC Ukraynanın İnfrastruktur Nazirliyinə istinadla xəbər verir ki, bu marşrut İpək Yolunun yeni istiqamətidir və marşrut xətti üzrə iki dəfə - İliçevsk-Batumi və Ələt-Aktau marşrut xəttində bərədən istifadə olunacaq.
Transxəzər Beynəlxalq nəqliyyat marşrutu layihəsinin imkanları potensial təchizatçılara 2015-ci il noyabrın 16-da Ukraynanın paytaxtı Kiyevdə keçirilən roud-şouda və dekabrın 3-də Odessada keçirilmiş “Avropa və Asiyanı birləşdirərkən: transkontinental marşrutlar sisteminin formalaşdırılmasına yeni baxış” beynəlxalq forumda təqdim edilib.
Bu yeni xətt Ukrayna mallarının Mərkəzi Asiya ölkələrinə çatdırılmasında alternativ yol olacaq. Pilot reysi həyata keçirəcək konteyner qatarı təxminən 20 vaqondan ibarət olacaq."
"Yeni Müsavat": Qubad İbadoğlu: "İslahatları aparmaq üçün siyasi iradə, azad bazar təfəkkürü, eyni zamanda komanda lazımdır"
Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində 2015-ci ildə Azərbaycan iqtisadiyyatında real olaraq artımın görünmədiyini deyib.
"Məlum oldu ki, ...Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətli deyil, sağlam iqtisadiyyat deyil. Ona görə inkişafdan danışmağa dəymir. Çünki neft qiymətlərinin aşağı düşməsi fonunda iqtisadiyyatda kifayət qədər fəsadlar özünü göstərdi. Xüsusilə nəzərə alsaq ki, 2015-ci ildə manat iki dəfə devalvasiyaya uğradı və manat öz dəyərini 100 faizə yaxın itirdi. Manat Azərbaycan iqtisadiyyatının vəziyyətini xarakterizə edən əsas göstəricilərdən biridir. Çünki bizim milli valyutamızdır və milli valyutanın dəyərini iki dəfəyə yaxın itirməsi bütövlükdə iqtisadiyyatda inkişafın mövcudluğundan danışmağı inkar edir...
...Manatın devalvasiyası eyni zamanda hər bir şəxsin malik olduğu mülkün, əmlakın, deyək ki, avtomobilin dəyərsizləşməsi deməkdir. ...Manatın dəyərdən düşməsi xüsusən də özəl sektora ciddi şəkildə mənfi təsir göstərib. Bəziləri öz biznesini məhdudlaşdırıb, bəziləri tamam bağlayıb, bəziləri biznesini digər ölkələrə köçürməklə məşğuldir.
İqtisadçının fikrincə ötən il təxminən 50-60 min iş yeri bağlanıbsa, 2016-cı ildə bağlanan iş yerlərinin sayı 100 mindən az olmayacaq.
İqtisadçı alim 2016-cı ildə Azərbaycanı böhrandan çıxarmaq üçün atılmalı olan addımlardan danışarkən deyib ki, "islahatları aparmaq üçün siyasi iradə, azad bazar təfəkkürü, eyni zamanda komanda lazımdır".
Nəzərə alsaq ki, islahat həm də hesabatlılıq, korrupsiyaya qarşı mübarizə tələb edir. "O baxımdan həm də məmurların gəlirləri və əmlakı barədə açıqlamalar olmalıdır..."




