Britaniya mətbuatı: "Neftin 10 dollar proqnozu verildi"

Neftin 10 dollar proqnozu verildi
Neft qiymətləri sonuncu dəfə 2009-cu ildə görünmüş həddə düşə bilər. Bu barədə proqnozu dünyanın aparıcı bankları verib.
“The Telegraph” qəzeti yazır ki, hazırda xam neftin qiyməti bir barrel üçün 30 dollara düşüb, lakin qiymət göstəriciləri 2009-cu ildəki səviyyəyə enə bilər.
Standard Chartered bankı da başqa bankların ardınca öz qiymət proqnozunu 10 dollara endirib.
Bundan əvvəl buna bənzər proqnozu Goldman Sachs, RBS və Morgan Stanley vermişdilər.
Hazırda Brent markasından olan neftin qiyməti son 12 ildə ən aşağı həddə enərək bir barrel üçün 30,41 dollar olub.
ABŞ neftinin göstəricisi olan Texas markasının qiyməti 29, 93 dollardır. Belə qiymətlər sonuncu dəfə 2013-cü ilin dekabrında qeydə alınmışdı.
Analitiklər hesab edirlər ki, neft bazarı tamamilə müvazinətini itirib, beləki tələbin durğun olduğu bir şəraitdə ifrat təchizat artmaqda davam edir.
Standard Chartered bankının məlumatında deyilir ki, “qiymətin dibi” hələlik görünmür və “pul menecerləri” vəziyyətin son dərəcə ağır olduğu qənaətdindədirlər.
Bankın hesabatına görə, neft qiymətləri hazırda tamamilə maliyyə axınları ilə hərəkət edir. Maliyyə axınları isə dollar da daxil başqa aktivlərlə bağlıdır.
Neftin qiyməti bir barrel üçün 10 dollar həddinə 1998-ci ilin böhranı zamanı enmişdi. O zamankı böhran daha çox Asiya maliyyə bazarlarındakı vəziyyətlə bağlı idi.
Analitiklər bildirirlər ki, neftin qiyməti 10 dollar həddinə düşərsə, benzinin 1 litri 86 pensə (2 manata) enə bilər.

Şəklin mənbəyi, Reuters
RAC avtomobil xidmətləri firmasından Simon Williams deyib ki, belə qiymətlər yalnız 2009-cu ilin əvvəllərində olub, lakin benzinin də deyilən həddə enməsi üçün funt sterlinq ABŞ dollarına nisbətdə bu gün olduğundan daha zəif olmamalıdır.
Bıçağı göydə tutmaq
Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde deyib ki, tələb və təklifin hazırkı nisbəti “xammalların aşağı qiymətlərinin əhəmiyyətli müddətdə davam edəcəyini göstərir”.
Təhlilçi Michael Hewson isə deyib ki, “indi “bazarın dibi”ni proqnozlaşdırmaq düşən bıçağı havada tutmaq kimi bir şeydir”.
Vəziyyəti gərginləşdirən faktorlardan biri də dünya neft bazarının üçdə birinə nəzarət edən OPEC təşkilatının, bəzi kartel üzvlərinin israrına baxmayaraq iclas keçirməyəcəyi barədə verdiyi bəyanatdır.
Qəzet yazır ki, OPEC ildə iki dəfə görüş keçirir, lakin ötən dekabrda yer almış iclasda hasilatın azaldılması barədə çağırışlar qulaqardına vurulub.
Ərəblər daşı tökmür
Məqalədə deyilir ki, qiymət gərginliyini artıran başqa bir faktor İran və Səudiyyə arasında bazarlar uğrunda davam edən rəqabətdir.
Gələn iclas təqvimə görə iyun ayında keçirilməlidir. Nigeriyanın neft naziri bildirib ki, kartelin ən azı iki üzvü qiymət məsələsinə baxılmasını tələb edir.
Lakin bu bəyanatla gələn ümidlər Birləşmiş Ərəb Əmirliklərinin reaksiyası ilə alt-üst olub. Körfəz ixracatçısı qiymət məsələsinin gündəlikdə olmayacağını bəyan edib.
BƏƏ-nin energetika naziri Süheyl bin Məhəmməd əl-Məzrui deyib ki, hasilatı hazırkı səviyyədə saxlamaqla rəqibləri bazara buraxmamaq strategiyası hələlik bəhrə verir.
Bəzi ekspertlər bu bəyanatdan belə bir nəticəyə gəliblər ki, neft qiymətlərində ən azı 18 ay müddətində dirçəliş olmayacaq.
Cənab əl-Məzrui deyib ki, o, qiymətlərə OPEC-in təklidkə hər hansı şəkildə təsir edə biləcəyinə inanmır.
13 üzvdən ibarət kartel bildirir ki istehsalı, yalnız qeyri-OPEC ölkələri də hasilatı azaltmağa razılıq verəcəkləri təqdirdə artırmaq olar.

Şəklin mənbəyi, AFP
Energy Aspects firmasının təhlilçiləri isə deyirlər ki, neft qiymətlərinə əlavə zərbəni qış aylarının nisbi istiliyi vurub.
İran 10 ABŞ dənizçisini həbs edib
“The Guardian” qəzeti diqqətini günün əsas xəbərlərindən birinə - iki ABŞ gəmisinin Fars körfəzində İran hərbi dəniz donanması tərəfindən saxlanmasına yetirib.
İki patrul qayığı ilə birlikdə 10 ABŞ dənizçisinin də saxlandığı xəbər verilir, lakin Dövlət Departamenti onların tezliklə azad ediləcəyini bəyan edib. 10 dənizçidən biri qadındır.
“The Guardian” yazır ki, Riverine markalı qayıqlar, onlardan biri xarab olduqdan sonra inqilab keçişikçiləri tərəfindən saxlanıb.
ABŞ rəsmiləri iki katerin Küveytdən Bəhreynə gedərkən saxlandığını bildirirlər.
İran tərəfi katerlərin ölkənin ərazi sularına daxil olduğunu bildirirb. Vaşinqtonsa israr edir ki, ABŞ dənizçiləri beynəlxalq sularda həbs ediliblər.
İranın Fars agentliyi yazır ki, Amerika gəmiləri 2 kilometrlik məsfədə İran sərhədini pozub.
Agentlik bunu da əlavə edib ki, gəmilərin GPS məlumatı da onların İran sularında olduğuinu göstərib. İnqilab Keçikçiləri Korpusu bildirib ki, amerikalıların kəşfiyyat missiyasında olduqlarından şübhələr var.
İnqilab Keşikçiləri amerika heyətnin sağ-salamat olduğu barədə məlumat yayıb.
Hər iki tərəf "təmkinli davranır"
Şərhçilər bu insidentin İran-Amerika münasibətlərinin çox mürəkkəb dövrünə təsadüf etdiyini söyləyirlər. Onlar bildirirlər ki, İran ötən yayda dünya gücləri ilə nüvə sazişi imzalyanadan sonra Tehran və Qərb arasında münasibətlərin yaxşılaşacağına, İranın üzərindəki beynəlxalq embarqoların götürüləcəyinə ümid edilirdi.
Bundan bir qədər əvvəl İran gəmiləri Hörmüz boğazında, ABŞ hərbi gəmilərinin yaxınlığında raket atəşləri açmışdılar. Vaşiqnton bu hadisəni “qorxulu təxribat” adlandırmışdı.
Bəzi şərhçilər hadisənin prezident Obamanın Konqresdəki illik müraciəti ilə eyni vaxta təsadüf etməsinə diqqət çəkirlər. Bir sıra təhlilçilər İran mühafizəkarlarının, iki ölkə arasındakı münasibətlərin istiləşməsinə imkan verməmək məqsədi güddüyünü deyirlər.
“The Guardian” yazır ki, prezidentliyə namizəd Marco Rubio İrandan ABŞ gəmilərinin və dənizçi heyətinin dərhal qaytarılmasını tələb edib. Onun fikrincə, nüvə sazişinin imzalanması İrana “təxribatlar silsiləsinə əl atmaq” imkanı yaradıb. Lakin Konqresin respublikaçı spikeri Paul Ryan daha təmkinli bəyanat verərək deyib ki, burada başlıca məqsəd heyətin sağ-salamat olmasıdır.
Sanksiyalar təhlükəsi varmı?
“The Guardian” yazır ki, dünya neftinin beşdə biri insidentin baş verdiyi Hörmüz boğazından keçir.
Qəzet yazır ki, İran və ABŞ dənizçiləri arasında buna bənzər insidentlər istisna deyil. Məsələn 2007-ci ildə İran ABŞ-ın 15 matrosunu və dəniz piyadasını həbs etmişdi. Həmin vaxt Amerika hərbçiləri 13 gün İranda saxlanmışdılar.
Qəzet bunu da vurğulayır ki, İranın İnqilab Keşikçiləri Korpusu birbaşa ali rəhbər ayətullah Əli Xamneyinin tabeliyindədir və prezident Ruhaninin bu hərbi birləşmə üzərində heç bir səlahiyyəti yoxdur.
Təhlilçilər İran üzərindəki sanksiyaların qaldırılmasına bir neçə günün qaldığını bildirirlər.
Ötən həftə Obama administrasiyasının İranın ortamənzilli raketləri ilə bağlı yeni sanksiyalar hazırladığı xəbər verilmişdi.
Sonradan Ağ Ev bu xəbərləri nə təkzib, nə də təsdiq etmişsdi.
Şotlandların ənənəvi naxışlı parçası qədimdə "Mərkəzi Asiya və Avstriyada toxunub"
“The İndependent” qəzeti yazır: Sizdən Şotlandiyanın milli rəmzlərini soruşsalar yəqin ki, haggis, tuluq, tartan ətəkləri və viski deyəcəksiniz.
Lakin bunlardan heç bir Şotlandiyada icad edilməyibmiş, yazır qəzet.
“The İndependent” Şotlandiyada çıxan “The Scotsman” qəzetinə istinadən yazır ki, bu əyalətdə hər tayfanın tartan və ya “şotland mahudu”ndan toxunan parça naxışları var, lakin parçanın özü ilk dəfə ən qədim dövrlərdə Mərkəzi Asiya və Avstriyada toxunub.
Beləliklə, “şotland mahudunun” tuluq sədaları altında icad edildiyinə dair arxeoloji sübutlar yoxdur.
[Tuluq demişkən, ingiliscə və elə şotlandların öz dilində də “bagpipe” (çanta zurnası) adlanan musiqi aləti hələ qədim zamanlarda Avropada və Qafqazda geniş yayılıbmış (Azərbaycanda bu alətə tuluq zurnası deyirlər)].
Qəzet yazır ki, bu alətin sədaları altında qədim Misir və Roma imperiyasında rəqslər ifa olunanda, Şotlandiya hələ düz-əməlli məskunlaşmayıbmış. Alison Campsie yazır ki, bəzi qədim Roma sikkələrində imperator Neronun tuluq çalması həkk olunub.
Elə həmin romalılar haggis deyilən xörəyi də öz əsgərlərinə lap qədimlərdən yedizdirərmişlər. Sadəcə olaraq məşhur şotland şairi Robert Burns bu təama 1786-cı ildə həsr etdiyi “Haggisə mədhiyyə” şeirində onun bir “şotland yeməyi” kimi möhürünü vurub. Halbuki ingilislər deyirlər ki, onların qədim kitablarında bu xörəyin adı 1615-ci ildən çəkilir.
Bəziləri deyə bilərlər ki, yəqin şairi şotland viskisi ilhamlandırıb, ya da çaşdırıb. Amma indi “The Scotsman” iddia edir ki, heç viski də şotlandların deyil.
Bu içki Şotlandiyanın damarlarına hopsa da, onu 1405-ci ildə irlandlar icad ediblər. Bircə fərqlə ki, şotlandların “whisky” sözünu irlandlar “whiskey” kimi yazırlar. “The İndependent” yazır ki, “The Scotsman” “şotland məhsullarının” daha geniş siyahısını verib. Amma ingilis qəzeti bu nöqtədə dayanmağı qərara alıb.




